AZ

Özəl pensiya fondunun yaradılmasının hansı müsbət tərəfləri olacaq? -AÇIQLAMA

2006-cı ildən müzakirəsinə başlanılan özəl təqaüd fondlarının yaradılması məsələsi yenidən gündəmdədir.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bu məsələyə toxunub. O, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsinin hazırlandığını deyib.Hazırlanan layihə haqqında ətraflı məlumat olmasa da bir sıra ölkədə özəl pensiya fondları mövcuddur ki, onların müəyyən, inandırıcı, sərfəli şərtləri var.

Həmin dövlətlərin təcrübəsi göstərir ki, vətəndaşlar özəl pensiya fondlarından sıx şəkildə istifadə edirlər. Bu fondlar vasitəsilə vətəndaş pensiya yaşına çatdıqda yalnız dövlətdən deyil, həmçinin özəl fonddan da təqaüd ala bilir. Özəl fondun təklifləri vətəndaşı pensiya kapitalını ora qoymağa sövq etməlidir.

Bildyimiz kimi, Azərbaycanda rəsmi qaydada çalışan şəxslər əməkhaqqından, gəlirindən Dövlət Sosial Müdafiə Fonduna icbari qaydada qanunla müəyyən edilmiş məbləğdə ödəniş edirlər. Çünki Azərbaycanda pensiya təminatını Dövlət Sosial Müdafiə Fondu həyata keçirir.

Bəs özəl fond yaradılarsa, vətəndaş yenə də DSMF-yə ödəniş etməyə məcburdurmu? Ümumiyyətlə, özəl pensiya fondunun yaradılmasının hansı müsbət tərəfləri olacaq

Mövzu ilə bağlı Bizim.Media-ya danışan iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, özəl təqüd fondu yaradıldığı halda icbari ödəniş anlayışı gündəmdən çıxmalıdır:

“Özəl təqaüd fondları yaradılsa, vətəndaş müqavilə bağladığı istədiyi bir fonda ödəniş edəcək. O zaman DSMF-yə icbari ödənişlər təbii olaraq dayandırılacaq”.

Müsahibimiz bildirib ki, dövlət sığorta fondundan başqa, özəl fondların yaranması əhalinin seçim imkanlarını artıracaq:

“Özəl pensiya fondunun var olması bu sahədə rəqabət mühitinin yaranmasına şərait yaradır. Rəqabətli mühit də daha yaxşı şərtlərlə müqavilə təkliflərinin artmasına səbəb olacaq. Bu isə inkişafa səbəb olacaq”.

İqtisadçı bu sahədə sərt tənzimləmə mexanizmi olmasının tərəfdarıdır:

“Bu sahədə problemlərin yaranmaması üçün dövlətin sərt tənzimləmə mexanizmi olmalıdır. Elə olmalıdır ki, özəl fondlar vətəndaşlarla müqavilədə onların hüquqlarını pozmasınlar və problem yaranmasın. Yəni özəl təqaüd fondlarının müflis olma ehtimalı qalmasın. Dövlətin əsas sığorta mexanizmləri burada işə düşməlidir”.

Günay Şahmar, Bizim.Media

Seçilən
4
2
bizim.media

3Mənbələr