AZ

Ermənistan beynəlxalq hüquq qarşısında cavab verməlidir!

30 illik işğal dövründə ermənilər Azərbaycanın sərvətlərini talayaraq iqtisadiyyata külli miqdarda ziyan vurublar. Hazırda xarici ekspertlərin iştirakı ilə bu ziyanın qiymətləndirilməsi ilə bağlı dəqiqləşdirmələr aparılır.

 

Bu gün işğaldan azad olmuş ərazilərdə bərpa və yenidənqurma işləri davam etdirilir, amma bununla belə işğal müddətində həmin ərazilərimiz praktiki olaraq dağıdılaraq xarabalığa çevrilib. Zərərin həcmi hələ 44 günlük Vətən müharibəsindən xeyli əvvəl - 2012-ci ildə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesablamalarına görə 430 milyard ABŞ dollarından çox müəyyənləşmişdi. Qeyd edək ki, bu zərər infrastruktura dəymiş ziyanın yalnız bir hissəsinə aiddir. 900 yaşayış məntəqəsi, 6000-dən çox sənaye və kənd təsərrüfatı binası, 700-dək tibb müəssisəsi, bir o qədər sayda məktəb, 7000 müxtəlif təyinatlı ictimai binalar, 100-dək kitabxana, 850-dən çox uşaq bağçası tamamilə dağıdılıb. İşğalçılar 3000 kilometrə kimi kommunikasiya xətlərini,15000 kilometr elektrik xəttini, 3000 kilometrə kimi avtomobil yollarını sıradan çıxarıblar. Həmçinin çoxlu sayda mədəni, dini, tarixi abidələr də məhv edilib ki, onlara vurulan ziyan maddi dəyərlə ölçülə bilməz. 

 

Bununla belə Ermənistan vətəndaşları Azərbaycan torpaqlarında 30 illik işğal dövründə qeyri-leqal fəaliyyətlərlə də məşğul olublar, üstəlik burada yeraltı sərvətlərin qeyri-qanuni hasilatını reallaşdırıblar. Qarabağın və Şərqi Zəngəzurun təbiəti məhv edilib, min hektarlarla meşə fondu qırılıb, çayların, su hövzələrinin və anbarlarının suları ekoloji çirklənmyə məruz qalıb, münbit torpaq sahələri tamamilə yararsız hala düşüb. Azərbaycanın suverenliyini pozan, konstitusiya quruluşunu şübhə altına alan, ərazilərimizdə separatizm ocağı yaradan Ermənistan bu müddətdə beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamə və qərarlarına məhəl qoymamış, torpaqlarımızda etnik təmizləmə həyata keçirərək, bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salmışdır. 

 

Ermənilərin cinayətkar əməlləri bununla bitmir, işğalçılar həm münaqişə dövründə, həm müharibənin gedişində, həm də sonrakı mərhələdə ərazidə insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırmışlar.

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev fürsət düşdükcə bu problemin ciddi şəkildə araşdırılaraq beynəlxalq miqyasda müzakirəyə çıxarılmasının və bəşəri cinayətlər törədənlərin layiqli cəzalarını almarı üçün müvafiq addımların atılmasının vacibliyini bəyan edir. Bu günlərdə dövlət başçısının “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozduğunu dilə gətirərək Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməli olduğunu bildirmişdir. Bunun ardınca “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusuna dair Beynəlxalq Konfransın iştirakçılarına müraciətində ölkə rəhbəri bir daha bu məsələ ilə bağlı mövqeyini açıqlayıb: “Bu cinayət əməllərinə görə Ermənistan işğalçı və təcavüzkar ölkə olaraq, dövlət səviyyəsində məsuliyyət daşıyır. Bütün bu cinayətləri törətmiş Ermənistan tərəfi Azərbaycan xalqından üzr istəmək əvəzinə, ölkəmizə qarşı əsassız ittihamlar irəli sürür”. Dövlətimizin başçısı Ermənistanı öz destruktiv mövqeyindən əl çəkməyə və beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməyə çağırir və son dərəcə vacib olan bir məqama da diqqət yönəldir: “Əgər Ermənistan, həqiqətən də, Azərbaycanla sülhə nail olmaq istəyirsə, onda əsir və girov götürülmüş azərbaycanlılara münasibətdə törədilmiş vəhşilikləri qətiyyətlə pisləməli və günahkarları cəzalandırmalıdır. Bu, həmçinin iki ölkə arasında təsirli etimad quruculuğu tədbirlərindən biri ola bilər”. 

 

Bütün fəaliyyəti boyu sözlə əməlin vəhdət nümunəsini ortaya qoymuş cənab İlham Əliyev hər zaman Ermənistanın beynəlxalq müstəvidə məsuliyyətə cəlb ediləcəyinə ümidlərini ifadə edir. Əslində, bu məsələləri tənzimləyən müvafiq beynəlxalq konvensiyalar və hüquq normaları, həmçinin təsdiqedici tarixi nümunələr mövcuddur. 

 

Beynəlxalq hüquqi məsuliyyət isə maddi və qeyri-maddi formada müəyyən edilir. Buraya maddi və ya mənəvi ziyana görə maliyyə təzminatından tutmuş hətta suverenliyin məhdudlaşdırılmasına qədər çoxsaylı mexanizmlər mövcuddur. Məsələn, Azərbaycan tərəfinin Ermənistandan Konstitusiyasının dəyişdirilməsi ilə bağlı tələbi məhz bu çərçivədə təmin olunmalıdır. Çünki başqa bir dövlətin hüquqlarını pozan hər hansı bir qanunun və ya normativ aktın ləğvi beynəlxalq hüquqa zidd olmaqla beynəlxalq hüququn tələbidir.

 

Göründüyü kimi, Ermənistanın insanlığa qarşı törətdiyi cinayətlərə görə məsuliyyətə cəlb olunması üçün təzminatın müxtəlif formalarından istifadə oluna bilər. Lakin beynəlxalq hüququn tam gücü ilə işləmədiyi, ikili standartların və selektiv yanaşmaların geniş tətbiq olunduğu bir şəraitdə bu problemi tez bir zamanda həllinə nail olmaq mümkün deyil. Lakin Azərbaycan ictimaiyyəti əmindir ki, xalqa misilsiz tarixi qələbələrin qürurunu yaşadan cənab İlham Əliyevin əyilməz siyasi iradəsi bundan sonra növbəti zirvələri uğurla fəth etməyə kifayət edəcəkdir.  

 

Əli Hüseynli
Milli Məclisin deputatı

Seçilən
1
modern.az

1Mənbələr