AZ

Dələduzluq edən falçı qadın yenidən məhkəmə qarşısında

Falçılıqla məşğul olaraq dələduzluqda təqsirləndirilən Günəş Qasımovanın barəsindəki qərardan kassasiya şikayəti verilib.


Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.


Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.


Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Günəş Qasımova 7 il müddətinə azadlıqdan məhrum olunub. Bakı Apellyasiya Məhkəməsi onun şikayətini təmin etməyib.


İttihama görə, Bakı şəhər sakini Günəş Qasımova Şirvan şəhərində falçı olduğunu bildirərək insanların problemlərinin həllində köməkliklər göstəriləcəyini vəd edib. O, aldatma yolu ilə zərərçəkmişlərin 50 min dollarını və 15 min manatını dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunub.


Həmçinin hökmdə qeyd olunub ki, zərərçəkmiş şəxslər tərəfindən verilmiş mülki iddia qismən təmin edilib. Belə ki, iş üzrə zərərçəkmiş Vüsalə Qafarzadəyə 25 min 495 manat, digər zərərçəkmiş şəxs Arif Qafarzadəyə isə 91 min 401 manat maddi ziyan kimi ödənilməsi barədə qərar qəbul edilib. Hər iki zərərçəkmiş şəxsə mənəvi ziyan kimi ayrılıqda 2 min manat ödənilməlidir.


Günəş Qasımovaya Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi üzrə ittiham elan olunub və barəsində həbs qətimkan tədbiri seçilib.


Cinayət işi üzrə Arif Firuz oğlu Qafarzadə və Vüsalə İnqilab qızı Qafarzadə zərərçəkmiş qismində tanınıblar.

 

Kamal Məmmədov 

Tarix: 4 Oktyabr 2024, 09:11   
Seçilən
16
pravda.az

1Mənbələr