AZ

Paşinyan Makron danışıqlarının detalları - Ermənistan-Azərbaycan məsələsi müzakirə olundu

Ötən gün Parisdəki Yelisey sarayında baş nazir Nikol Paşinyanla Fransa Respublikasının prezidenti Emmanuel Makron arasında görüş olub.

Modern.az xəbər verir ki, Ermənistan hökumətin mətbuat xidməti görüşün təfərrüatı barədə məlumat yayıb. Bildirilib ki, tərəflər Ermənistan-Fransa çoxsahəli gündəliyinə aid məsələləri müzakirə edib, dostluq münasibətlərinin inkişafı və möhkəmləndirilməsinə yönəlmiş ardıcıl addımların davamlı şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanıb.

Baş nazir Paşinyan Fransanı ölkəsinin ən yaxın dostu hesab etdiyini və Ermənistanın ikitərəfli maraqların bütün sahələrinin inkişafına yönəlmiş addımlar atmağa hazır olduğunu vurğulayıb.

Fransa prezidenti Ermənistanı qeyd-şərtsiz dəstəklədiyini, həmçinin Fransa ilə Ermənistan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafına hazır olduğunu təsdiqləyib.

Sonra Ermənistan Baş naziri Azərbaycanla sülh müqaviləsi layihəsinin müzakirəsinin nəticələrinə toxunaraq qeyd edib ki, layihənin bəndlərinin 80%-i razılaşdırılıb və Ermənistan bu əsasda saziş imzalamağa və əlavə müzakirələri davam etdirməyə hazırdır. Nikol Paşinyan regionda sülh və sabitliyin təmin edilməsi istiqamətində atılan addımların vacibliyini vurğulayaraq, sazişin imzalanmasının bu problemin həllinə kömək edəcəyinə əminliyini ifadə edib.

Ermənistan Respublikası hökumətinin “Süılh kəsişməsi” layihəsi ilə bağlı məsələlər də müzakirə olunub. Nikol Paşinyan vurğulayıb ki, Ermənistan suverenlik, yurisdiksiya, qarşılıqlılıq və bərabərlik prinsipləri əsasında regional kommunikasiyaları açmağa hazırdır.

Emmanuel Makron Ermənistan hökumətinin sülh və sabitliyə yönəlmiş addımlarını dəstəklədiyini, eyni zamanda “Sülhkəsişməsi” layihəsini alqışladığını bildirib.

Qarabağdan köçən ermənilərin sosial problemlərinə və Ermənistan hökumətinin mənzil proqramına da toxunulub. Bu kontekstdə Nikol Paşinyan və Emmanuel Makron mövcud problemlərin həllində beynəlxalq ictimaiyyətin ardıcıl dəstəyinin vacibliyini vurğulayıblar.

Ermənistanın baş naziri və Fransa prezidenti Ermənistan-Avropa İttifaqı (Aİ) əməkdaşlığı məsələlərini də müzakirə ediblər. Nikol Paşinyan qeyd edib ki, İrəvan Ermənistanla Aİ arasında əməkdaşlıq məsələsində dost Fransanın gələcək dəstəyinə ümid edir.

Ermənistanın baş naziri həmçinin Aİ-nin Ermənistandakı missiyasının rolunu yüksək qiymətləndirib və Fransanın Aİ ilə viza rejiminin liberallaşdırılması üzrə dialoqun başlanmasında və Avropa Sülh Fondu çərçivəsində Ermənistana yardım göstərməsində mühüm rolunu vurğulayıb.

Seçilən
10
1
modern.az

2Mənbələr