AZ

Bu gün Cəbrayıl Şəhəri Günüdür

Bu

Şəhərin azad edilməsinin dördüncü ildönümüdür

Bakı, 4 oktyabr, AZƏRTAC

2020-ci ilin payızı xalqımızın həyatında ən unudulmaz və daim yaddaşlarda yaşayan mövsüm kimi həmişə xatırlanacaq. Erməni qəsbkarlarının işğalı altında olan müqəddəs Qarabağ və Şərqi Zəngəzur torpaqları uğrunda haqq savaşı məhz həmin günlərdə başlandı. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Milli Ordusu düşmən hücumunu dəf edərək əks-hücuma keçdi. Əsgərlərin və zabitlərin göstərdiyi şücaət sayəsində Füzuli və Cəbrayıl istiqamətində bir-birinin ardınca kəndlər, yaşayış məntəqələri, strateji mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçdi. Vətən müharibəsində Zəfər marafonunun bünövrəsi məhz həmin günlərdə qoyuldu.

Müharibənin səkkizinci günü – oktyabrın 4-də isə Prezident İlham Əliyevin müraciəti uşaqdan böyüyə, cavandan qocaya hamının qəlbini qürur, iftixar və sevinc hissi ilə doldurdu. Həmin müraciəti heç cür həyəcansız dinləmək mümkün deyil. Sitat: “...Bu gün Azərbaycan xalqı sevinc içindədir. Cəbrayıllılara və bütün Azərbaycan xalqına bu gün azad edilmiş yaşayış məntəqələrinin adlarını sadalamaq istərdim. Bu gün şanlı Azərbaycan Ordusu aşağıdakı yaşayış məntəqələrini azad edib: Cəbrayıl şəhəri, Karxulu kəndi, Şükürbəyli kəndi, Yuxarı Maralyan kəndi, Çərəkən kəndi, Daşkəsən kəndi, Horovlu kəndi, Decal kəndi, Mahmudlu kəndi, Cəfərabad kəndi”.

Həmin gün bu xəbəri eşidənlərin gözündə yaş gilələndi, qəhərdən boğazları qurudu. Bu, Böyük Qələbəyə gedən yolda şəhərlərin işğalçılardan təmizlənməsi barədə ilk müjdə idi.

Prezident İlham Əliyevin də dediyi kimi, Böyük Qayıdış Cocuq Mərcanlı ilə başlayıb və Vətən müharibəsindəki ilk ciddi uğur Cəbrayıl şəhəri ilə bağlıdır. Araz çayının sahilində qərar tutan Cəbrayıl rayonunun azad edilməsi ilə 130 kilometr Azərbaycan-İran sərhədi işğalçılardan təmizləndi.

Həmin unudulmaz gündən dörd il ötür. Dörd ildir ki, 27 illik həsrətdən sonra rayon sakinləri yenidən Ərgünəş, Kirs dağlarından əsən mehi ciyərlərinə çəkməyin, Xudafərin körpüsünə ayaq basmağın sevinci ilə yaşayırlar. Vaxtilə Cəbrayıl uğrunda döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır. Bu torpağın azadlığı uğrunda canını qurban verən şəhidlərin ruhu da indi rahatlıq tapır.

Erməni vandalizminin bariz nümunəsi

Cəbrayıl 1993-cü il avqustun 23-də Ermənistanın silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Ərazisi 1050 kvadratkilometr olan rayon erməni quldur birləşmələrinin işğalına məruz qalmışdı. Bir şəhər, 4 qəsəbə, 92 kənddən ibarət olan rayonun həmin vaxt 52 min 604 nəfər əhalisi var idi.

Ermənistanın təcavüzkar xislətinin və vandalizm hərəkətlərinin bariz nümunəsi ilə digər işğal bölgələrində olduğu kimi Cəbrayıl rayonunda da üzləşmək mümkündür. İşğal dövründə Cəbrayıl tamamilə dağıdılıb, tarixi-dini abidələri yerlə-yeksan edib. İşğal dövründə rayonun 72 ümumtəhsil məktəbi, 8 xəstəxanası, 132 tarixi abidəsi, 150 mədəniyyət ocağı, 100-ə yaxın kəndi insanlığa sığmayan vandalizm əməlləri nəticəsində tar-mar olub.

Qeyd etmək lazımdır ki, Cəbrayıl rayonu strateji əhəmiyyətinə görə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlişindən cəmi üç ay sonra, 1994-cü il yanvarın 5-də Horadiz əməliyyatı nəticəsində rayonun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub. 2016-cı il Aprel döyüşləri zamanı Cocuq Mərcanlı kəndi yaxınlığındakı Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi ilə bu kənddə yaşayış üçün lazımi təhlükəsizlik şəraiti təmin olunub.

İyirmi yeddi illik həsrətdən sonra 2020-ci il oktyabrın 4-də Cəbrayıl şəhərinin erməni işğalından azad olunması Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaradıb. 44 gün davam edən müharibə nəticəsində Azərbaycanın işğal altında olan torpaqlarının erməni terrorçularından təmizlənməsi Ordumuzun şücaətinin nəticəsidir. Rayonun azad olunması uğrunda gedən döyüşlərdə fədakarlıq göstərən hərbçilərin xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, minlərlə əsgər və zabit Prezidentin Sərəncamına əsasən, “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edildi.

Cəbrayılın dirçəlişinə göstərilən dövlət qayğısı

İşğaldan azad edilmiş digər ərazilərdə olduğu kimi, Cəbrayıl rayonunda da yenidənqurma və bərpa işləri operativ və sistemli şəkildə davam etdirilir, sakinlərin öz ata-baba yurdlarında rahat və firavan yaşaması üçün bütün infrastruktur yaradılır. Həmçinin məşğulluğun yüksək səviyyədə təmin edilməsi üçün zəruri tədbirlər həyata keçirilir. Dövlətimizin başçısı Cəbrayıl rayonuna mütəmadi səfərlər edərək görülən işlərlə yaxından tanış olur, təməlqoyma və açılış mərasimlərində iştirak edir, müvafiq tapşırıq və tövsiyələrini verir. Yaxın gələcəkdə Cəbrayıl ölkəmizin inkişaf etmiş rayonlarından birinə çevriləcək.

Ötən il iyulun 31-də Prezident İlham Əliyev “Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günlərinin təsis edilməsi haqqında” Sərəncam imzalayıb. Vətən müharibəsində qazanılmış tarixi Qələbəni əbədiləşdirmək məqsədi daşıyan Sərəncama əsasən, 4 oktyabr – Cəbrayıl Şəhəri Günü kimi hər il təntənəli şəkildə qeyd olunacaq.

Vətən müharibəsi başa çatandan az sonra - 2020-ci il noyabrın 16-da Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna səfər etdilər. Müzəffər Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan Bayrağını ucaltdı. Qədim Xudafərin körpüsünün azad edilməsi və burada bayrağımızın ucaldılması, əlbəttə ki, böyük tarixi önəm, məna daşıyırdı. Çünki Xudafərin xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxıb.

Prezident İlham Əliyev azad olunmuş Cəbrayıl rayonuna bir neçə dəfə səfər edərək müxtəlif obyektlərin təməlqoyma mərasimlərində iştirak edib, obyektlərin tikintisi ilə tanış olub. Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” üzrə Cəbrayıl rayonunda çoxsaylı layihələrin həyata keçirilməsi nəzərdə tutulub.

Cəbrayıla qayıdan yeni həyat

İşğaldan azad edilmiş Cəbrayılda indi genişmiqyaslı abadlıq-quruculuq işləri aparılır. Bu il sentyabrın 26-da isə Cəbrayıl şəhərinə köç başlayıb. Artıq şəhər ilk sakinlərini qoynuna alıb. İndiyədək 133 ailə, ümumən 433 nəfər öz ata-baba yurduna dönərək orada tikilən rahat, geniş və işıqlı mənzillərdə yaşamağa başlayıb. Köç karvanları bir-birini əvəz edir. Uzun illər doğma yurd həsrəti ilə yaşayan adamların səsi ata-baba ocağından gəlir...

Seçilən
6
7
azertag.az

8Mənbələr