AZ

Problem tək Emindirmi?

Son zamanlar Emin Mahmudov barədə ən çox səslənən fikirlər - Yaxşı insandır.

Oyunçu kimi də xoş sözlərə layiqdir. Lakin kapitan kimi yararlı deyil.

Bax, niyə? Kapitan kimi yararlı olmaq üçün əlində təsbehlə fırlamalı, yoxsa belində xəncər gəzdirməliydi?

Və ya onun bazubəndi layiqli daşıya bilmədiyi 6 il sonra üzə çıxdı?

Samir Abasov, Laurentsu Regekamp, Adrian Mutu, Miodraq Bojoviç boşluğu kəşf edə bilmədi də, vəhy Roman Qriqorçuka gəldi?

Hələ bunun Canni De Byazisin, Fernandu Santuşun demirəm ha.

Heç hansısa "Neftçi"li futbolçudan və ya milli üzvündən bu günə qədər kapitandan narazılıq eşitməmişəm.

Oyun planında hansısa periodda axsaya bilər, lakin intizamı hər zaman yerində olub. Kimisə təhqir etməyib, artıq-əskik hərəkəti olmayıb.

Sadəcə bəzi adamlar bu gün "Neftçi"də pozulan nizamı kapitanın düzəltməsini gözləyir. Və ya nizamsızlığı onun ayağına yazır. Bu, aylar öncənin başlayan prosesidir. Sadəcə indi kulminasiya nöqtəsinə çatdı.

Dostlar, bu "Neftçi"dən fələk də baş açmaz. O ki qalmışdı Mahmudov. Elə baş çıxarmağın müşkül olduğunu görüb ötən yay ayrılmaq barədə qərar vermişdi.

Son anda yenə şirin vədlər verib düşərgəyə qaytardılar. "Hər şey yaxşı olacaq" dedilər. Hə, yeganə günahı da məhz həmin vaxt rəsmilərə güvənməsi, azarkeşlərini uğurlu nəticələrlə sevindirəcəyinə inanması olub.

Bu gün klubun bütün gəncləri onun başına and içirsə, aylar əvvəl klubdan ayrılan melanolar, eddilər hələ də onu kapitan kimi qəbul edirsə, heyətin ən üzdə olan siması sayılan Kilan Lebon onun sarğısına bu gün də sədaqət nümayiş etdirirsə, deməli, Emin lazım olandan da artıq kapitandır.

Gənclərə nümunə, təcrübəlilərə böyük qardaş. Bildiyimiz kapitan da...

Sadəcə onun əlinə hər tərəfi yırtıq-deşik olan gəmi veriblər.

Belədə nəinki Emin, heç Karles Pyol, Paolo Maldini də gəlsə bu gəmini sahilə çatdıra bilməz.

Mahmudov kimi kapitana ilişməkdənsə, deşikləri aşkarlayıb, batan gəmini çirkab sulardan təmizləmək lazım idi.

XANOĞLAN İMANOV

Seçilən
21
sportinfo.az

1Mənbələr