AZ

Bütün Afrika Fransanın üstünə qalxdı- qitənin məşhur mübarizləri Bakıda toplaşdı...

Image

Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə “Afrikada Fransanın neokolonializm siyasətinə” həsr edilmiş beynəlxalq konfrans dünyada da xüsusi diqqətlə izlənilməkdədir. 

Qeyd edək ki, konfransda Afrikanın Seneqal, Burkina Faso, Kamerun, Qvineya-Bisau, Konqo Demokratik Respublikası, Mavritaniya, Zimbabve, Niger, Fransa və Fransanın əsarəti altında olan Mayot adasının nümayəndələri iştirak ediblər.

Müstəmləkəçiliyə qarşı fəaliyyəti ilə tanınmış aktivist Kemi Seba qeyd edir ki, Fransa Afrika xalqlarına münasibətdə ədalət nümayiş etdirmir: “Fransanı insan haqlarının müdafiəçisi kimi təqdim edirlər, amma, əslində, bu ölkədə oliqarxların maraqları ön plandadır. Fransanın məqsədi neomüstəmləkəçilikdir, çünki onlar müstəmləkəçiliyə qarşı mübarizəni təhdid olaraq görürlər”. İnformasiyanın qloballaşdığını, texnologiyaların inkişaf etdiyini bildirən aktivist deyib ki, bütün bunlar Afrika xalqlarının birləşmələri üçün şərait yaradır. Afrikada gənc nəsil artıq gözünü açmağa və hərəkətə keçməyə qərar verib. Onlar düşmənlərini tanıya bilirlər. Malidən olan QHT rəhbəri Kabin Dumbia isə bildirir ki, iqtisadi, diplomatik və hərbi təzyiqlər Afrika ölkələrinin dəf etməli olduğu çətinliklərdəndir: “Bəzən xarici qüvvələr sülhü təmin etmək və ya terrorla mübarizə adı altında Afrika ölkələrinə müdaxilə edirlər”. Kommunikasiya üzrə mütəxəssis Abdarahman Von isə vurğulayır ki, Afrika ölkələri Fransanın qəddar müstəmləkəçilik siyasətinin əsas qurbanlarıdır. Onun sözlərinə görə, müstəmləkəçilik siyasətindən ən çox qadınlar və uşaqlar əziyyət çəkiblər. Onlar azad və ləyaqətlə yaşamaq imkanından məhrum ediliblər: “Bizə qarşı ayrı-seçkilik edilir, qul kimi davranılır. İnanırıq ki, müstəmləkəçiliyə qarşı bu müharibədə qalib gələcəyik. Ümid edirəm ki, icmalarımız birləşəcək və qələbə qazanmaq üçün effektiv mübarizə yollarını tapacaq”. Ümumiyyətlə, Fransa müstəmləkə altında olan çoxsaylı yerli xalqların problemlərini zorakı üsullarla həllinə üstünlük verir. Bu gün Fransanın Afrikada hədəfi öz müqəddəratını təyin etmək hüququndan inadla məhrum edilmiş və dekolonizasiya olunmamış xalqlardır.

Bu sistemli və institusional zorakılığa qarşı beynəlxalq ictimaiyyət səssiz qalır. Fransaya təzyiq göstərmək, beynəlxalq hüquq standartlarına hörmət etməsi tələbini qoymaq və onun repressiv qüvvələrinin törətdiyi repressiyalara dərhal son qoymasını tələb etmək beynəlxalq ictimaiyyətin borcu olsa da hələ də müvafiq addımlar atılmır. Azərbaycan dünyanın diqqətini məhz buna yönəldir. Xatırladaq ki, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi çərçivəsində yaradılmış Bakı Təşəbbüs Qrupu müstəmləkəçilik əleyhinə davamlı və sistemli mübarizə aparır, müstəmləkə altında qalan və müstəqillik uğrunda mübarizə aparan xalqların mübarizəsini dəstəkləyir. Burada bir məsələni də qeyd edək ki, Fransız müstəmləkə imperiyasının irsi mürəkkəb və çoxşaxəlidir. Bir tərəfdən, Fransanın müstəmləkə irsi keçmiş müstəmləkələrinin dillərinə, mədəniyyətinə və iqtisadiyyatına davamlı təsir göstərib. Məsələn, Fransız dili və mədəniyyəti Afrika və Cənub-Şərqi Asiyanın bir çox bölgəsinə təsir göstərməyə davam edir. Digər tərəfdən, Fransanın müstəmləkə keçmişi də bərabərsizlik, irqçilik və istismar mirası qoydu. Müstəmləkəçiliyin təsirləri iqtisadi inkişaf, siyasi sabitlik və sosial ədalət baxımından da daxil olmaqla bir çox keçmiş Fransız koloniyalarında hiss olunur. Qeyd edək ki, ilk dəfə Afrikada   Fransa müstəmləkəsi 1524-cü ildə yaradılıb. Qitənin ərazisinin 35 faizi 300 il onun nəzarəti altında olub. Seneqal, Kot-d-İvuar və Benin qul ticarəti mərkəzinə çevrilmişdi. Fransa Afrikanın yeraltı, yerüstü sərvətlərini talayır, insanlarını isə qul kimi satırdı. Qitənin istənilən bölgəsində onların ağalığına qarşı üsyanın qarşısı sərt şəkildə alınırdı. Afrika xalqları bu mübarizədə iki milyondan çox qurban veriblər. Dünya dəyişsə də, Fransanın Afrika xalqlarına və dövlətlərinə münasibəti dəyişməyib. Hələ də bəzi xalqları Fransa müstəmləkə əsarətində saxlayır. Müasir dünyada yeni iqtisadi modellər tətbiq edildiyi halda Fransa müstəmləkəçilik siyasəti yürütməyə üstünlük verir. Azsaylı xalqları istismar etmək, təsiri altına saldığı ölkələrin təbii sərvətlərini talayıb varlanmaq Fransada ənənəvi iqtisadi model kimi qəbul edilib. Amma buna qarşı etirazlar artır və artıq bir sıra Afrika ölkələrindən Fransa qovulub. Mali, Mərkəzi Afrika Respublikası, Burkina-Faso və Nigerin Fransadan, onun şirkətlərindən və ordusundan imtina etməsi də bunun təsdiqidir. Emmanuel Makron və başçılıq etdiyi komanda Afrikadakı iflası Cənubi Qafqaza soxulmaqla əvəzləməyə çalışır. Ancaq ənənəvi qərəzli yanaşması onun bölgədən çıxması ilə nəticələnəcəyini, yaxud yer tuta bilməyəcəyini göstərir. Bu, Fransanın Makron dövründə çöküşünü daha da sürətləndirir.

Nahid SALAYEV





Seçilən
31
baki-xeber.com

1Mənbələr