AZ

"Azərbaycanın coğrafi mövqeyi nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyət kəsb edir" - İqtisadçı ekspertdən AÇIQLAMA

İqtisadçı ekspert Aslan Əzimzadə QHT.az-a verdiyi özəl açıqlamada Azərbaycanın strateji coğrafi mövqeyini vurğulayaraq, bir çox nəqliyyat dəhlizlərinin bu ölkə üzərindən keçdiyini qeyd edib. O, şimal-cənub, şərq-qərb, orta dəhliz və digər marşrutların Azərbaycanın mərkəzi rolunu artırdığını ifadə etdi. Son illərdə dəmiryolu sektorunda baş verən struktur dəyişikliklərinə diqqət çəkən ekspert, dövlət büdcəsindən investisiyaların artırılmasının bu sahənin inkişafında mühüm rol oynadığını bildirdi. Xüsusilə, Bakı-Tbilisi-Qars layihəsinin Azərbaycanın büdcəsi hesabına həyata keçirildiyini vurğuladı.

Ekspert, mütərəqqi investisiya paketlərinin ayrılmasının, nəqliyyat yollarının, o cümlədən dəmir yolunun inkişafına zəmin yaratdığını da sözlərinə əlavə etdi. Onun sözlərinə görə, "bu dəmir yollarının uzun müddətli perspektivdə rentabelliyi yüksək olacaqdır".

A.Əzimzadə, COVID-19 pandemiyası və Rusiya-Ukrayna münaqişəsinin ardından ənənəvi nəqliyyat qovşaqlarının alternativ marşrutlara yönəlməsinin, Azərbaycanın dəmir yolu sahəsindəki potensialını xeyli artırdığını qeyd etdi. O, bu vəziyyətin ölkənin iqtisadiyyatına müsbət təsir göstərəcəyini bildirib. Nəticə olaraq, Aslan Əzimzadə, Azərbaycanın coğrafi mövqeyinin, strateji nəqliyyat dəhlizlərinin inkişafında əhəmiyyətini bir daha təsdiqlədi və bu sahədəki infrastruktur layihələrinin ölkə iqtisadiyyatının güclənməsinə töhfə verəcəyini vurğuladı.

 

Pərvanə Fərhadqızı

QHT.az

Seçilən
18
qht.az

1Mənbələr