AZ

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin ilk iclası olub

Bakı, 3 oktyabr, AZƏRTAC

Oktyabrın 3-də VII çağırış Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin cari ilin payız sessiyasında ilk iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Arzu Nağıyev iclasının gündəliyinə 7 məsələnin daxil olduğunu söyləyib. Əvvəlcə, o, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi barədə danışıb. Bildirilib ki, sessiya ərzində qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən qanun layihələrinin, habelə “Hərbi qulluqçuların statusu haqqında”, “Minatəmizləmə fəaliyyəti haqqında” layihələrin müzakirəsi, komitəyə müvafiq orqanlardan daxil olan təkliflərin təhlili, vətəndaşların müraciətlərinə baxılması nəzərdə tutulub.

Komitə sədri “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsini təqdim edib.

Növbəti məsələnin “Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Konstitusiya Məhkəməsi haqqında” və “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi haqqında” qanun layihəsi olduğu qeyd edilib.

Diqqətə çatdırılıb ki, layihədə “Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyası haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Qanuna təklif olunan dəyişiklikdə Komissiyanın fəaliyyətinin təşkilinin ətraflı tənzimlənməsi məqsədilə yeni müddəaların əlavə olunması təklif edilir. Yeni müddəalarda Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın hüquqlarının, səlahiyyətlərinin genişləndirilməsini, üzvlərinin təyin edilməsini, onların dairəsinin və səlahiyyət müddətlərinin müəyyən edilməsini, işinin təşkili üçün işçi qruplarının yaradılmasını və Komissiya üzvlərinin səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsi hallarını tənzimləyən normaların əlavə edilməsi nəzərdə tutulur.

Sonra “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” və “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi təqdim edilib. Qeyd olunub ki, layihə hərbi qulluqçuların təhsili ilə bağlı normaların təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Nəzərə çatdırılıb ki, layihənin müxtəlif maddələrində “orta ixtisas təhsili” sözləri əlavə edilir. Bununla yanaşı, dəyişikliklərdə müvəffəqiyyətsizliklərinə, təhsillərini davam etdirmək istəmədiklərinə və ya intizamsızlıqlarına görə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı ali təhsil müəssisələrindən xaric edilən kursantlarla yanaşı xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrindən xaric edilən kursantların da müddətli həqiqi hərbi xidmət keçmək üçün hərbi hissələrə göndərilməsi təklif edilir. Sənəddə, habelə hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsil sisteminin təkmilləşdirilməsi, tələbələrin həmin təhsil müəssisələrinə daxil olmaqda marağının artırılması məqsədilə gizirlərin və miçmanların tutmalı olduqları vəzifələrin həmçinin hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı orta ixtisas təhsili müəssisələrini bitirmiş hərbi qulluqçularla komplektləşdirilməsi təklif edilir. Layihədə bir sıra digər dəyişikliklər də nəzərdə tutulur.

İclasda habelə “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” qanun layihəsi də təqdim edilib.

Sonra gündəliyin sonuncu məsələsi - “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının 2022-ci il 5 may tarixli 523-VIQ nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bir sıra qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsi nəzərdən keçirilib.

Müzakirələr zamanı deputatlar təqdim olunan sənədlər barədə öz fikir və qeydlərini açıqlayıblar.

İclasda komitənin 2024-cü il payız sessiyası üçün iş planının layihəsi təsdiq edilib, qanun layihələri birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Seçilən
8
2
azertag.az

4Mənbələr