AZ

Ələsgər Məmmədli məhkəmədə qeyri-insani rəftara məruz qalıb

Toplum TV-nin təsisçisi Ələsgər Məmmədli bu gün Xətai Rayon Məhkəməsində pis rəftara məruz qalıb. O, həbs müddətinin uzadılması ilə əlaqədar oraya aparılmışdı. İstintaq Təcridxanasına qaytarıldıqdan sonra qardaşı Nəsimi Məmmədliyə zəng edib və proses başlayana qədər onu qolları qandallı halda məhkəmə binasında bir otaqda saatlarla gözlətdiklərini bildirib.

Bu səbəbdən onun arterial təzyiqi yüksəlib və gözlərindəki kiçik damarların partlaması nəticəsində subkonyunktival qansızma baş verib. Gözün ağ hissəsi tamamilə qanla örtülüb, görməsində müəyyən problem yaranıb.

Təcridxanada daimi göz həkimi olmadığına görə müayinə olunması mümkün deyil, deyə qardaşı bildirib.

Məhkəmənin hakimi pis rəftara görə "kanvoylara" şifahi irad bildirsə də hər hansı qərar qəbul etməyib. 

Tibbi müayinə üçün məhkəməyə əlavə müraciət olunmalıdır.

"Məhkəmədə Ələsgər heç bir dəlil olmadan 7 aydır həbsdə saxlanıldığını, bunun açıq-aşkar hüquq terroru olduğunu bildirib", deyə Nəsimi Məmmədli qeyd edib.

Ələsgərin qalxanabənzər vəzindəki şiş böyüyür, bu da nəfəs almasını çətinləşdirir. "Onun cərrahi əməliyyata ehtiyacı var. Bundan başqa, böyrəklərindəki daşlar vaxtaşırı ağrılara səbəb olur", deyə Nəsimi Məmmədli qeyd edib.

Seçilən
8
turan.az

1Mənbələr