AZ

"Gedənə "sağ ol", gələnə "xoş gəldin" deyə bilən insan xoşbəxt olur" - MÜNASİBƏT BİLDİRİLDİ

"İnsan hissləri çox mürəkkəbdir. Həyatı boyu insan müxtəlif insanlarla qarşılaşır, sevir, sevilir, bağlanır, ayrılır". Bu sözləri SİA-ya açıqlamasında "Aura" psixologiya, nitq və fərdi inkişaf mərkəzinin direktoru, psixoloq, psixoterapevt, cinsəl terapist, yaşam və ilişki koçu Xanlar Sətullayev deyib.

O bildirib ki, bütün bunlar hər bir insanın həyatında iz qoyur: "Elə bir iz ki, heç bir vaxt unudulmur. Kimsə unutduğunu desə də, hər bir şey insanın alt şüuaruna yazılır və nə vaxtsa mütləq yada düşür, hətta insanın yuxusunda olsa belə xatırlanır. Bütün bunlar normaldır. Lakin normal olmayan keçmişin əsirinə çevrilmək, ondan qopa bilməmək, keçmişi həyatının mərkəzinə qoymaqdır. İnsan keçmişində güclü sevgi yaşamış ola bilər, o sevgi nakamdırsa, təbii ki, unudulmayacaq. Lakin bəzən bu xəstəlik həddinə, hətta intihar həddinə də çatır. Əsasən xanımlar sevdikləri şəxsə o qədər bağlı olurlar ki, onu bir an belə unuda bilmir, ona görə də başqası ilə ailə qurduqda da xoşbəxt olmur, fikri daim başqasının yanında qalır. Kişilər təbiət etibarilə münasibətlərdə də daha çox yenilik axtarmağa meylli olduqlarına görə təsadüfi hal ola bilər ki, hansısa kişi sevdiyi xanımı unuda bilməsin, onsuz yaşamaq çətin olsun.

Hər bir insan ilk növbədə özünü sevməli, öz dəyərini bilməlidir. İnsan özünü, öz bədənini, öz imkanlarını dəyərləndirib sevərsə, onun üçün kimisə unutmaq çətin olmaz. Hər bir şəxs cinsindən asılı olmayaraq bilməlidir ki, bir gün hər kəs bizi tərk edə bilər, lakin bu həyat bizimdir və o qədər də uzun deyil ki, öz həyatımızı başqasını düşünməklə, xəyalını qurmaqla keçirək. Ömür bir qatardır, ötür keçir, hər anı doya-doya yaşamaq, həzz almaq lazım ikən, oturub kiminsə fikrini çəkmək, göz yaşı tökmək insanı motivasiyadan sala bilər. Buna görə də xəyanətlə üzləşən, ayrılıq yaşayan, yaxud çox sevdiyi biri vəfat etmiş şəxs ilk növbədə özü-özünə yardım etməli, sonra psixoloji dəstək almalıdır. Ağlamaq, ürəyini boşaltmaq özünü terapiya kimi çox effektlidir. Bundan əlavə kiminləsə bölüşmək, dərdləşmək, tək qalmamaq, çox istədiyi yerlərə getmək, özünə hədiyyələr etmək də bu baxımdan müsbət nəticələr verir. Həmçinin vəfat etmiş, yaxud ayrılmış şəxsi xatırladan hər şeydən bir müddət uzaq qalmaq lazımdır. Düşünmək lazımdır ki, bu həyat onsuz da müvəqqətidir, lakin biz şanslıyıq ki, bu dünyaya göz açmışıq, ona görə də bizə verilən bu həyat nemətini özümüz üçün, bizə dəyər verən insanlar üçün yaşamalıyıq. Kimsə tərk edirsə, yaşadıqlarının üstündən asanlıqla xətt çəkməyi bacarırsa, birgə yaşadıqlarınızı əyləncə hesab edirsə ona görə depressiyaya düşməkdənsə, qaldığınız yerdən davam etmək, öz işinizə fokuslanmaq ən doğrusudur".

"Həmçinin bir münasibət bitirsə pozitivliyi itirməmək, “hər işdə mütləq bir xeyir var” düşüncəsi ilə yanaşmaq lazımdır ki, həyatın sənə vermək istədiyi gözəllikləri görüb qəbul edə biləsən. Əksər hallarda keçmişə köklənən adamlar təəssüf ki, o qədər ah-zar edirlər ki, onlara açılan yeni qapıları da görə bilmirlər. Heç kimi, nə qədər sevdiyinizdən asılı olmayaraq həyatınızın mərkəzinə almaq, hər şeyi ona qurban etmək, aşırı dərəcədə fədakarlıq etmək qarşı tərəfi sevgidən bezdirir və əksər hallarda biz münasibətlərin məhz bu səbəbdən bitdiyinin şahidi oluruq. Sevəndə o qədər dəyər verir, fədakarlıq edirlər ki, sevilən şəxs bundan bezir və gözü başqasını axtarır. Hətta belə demək olar ki, kimi itirmək, lakin onu incitmədən, arxanca göz yaşı axıtmasını arzulamırsan, münasibəti xoşluqla bitirmək, özünün çıxıb getməsini istəyirsənsə, onu çox sev, həddən artıq dəyər verdiyini daim hiss etdir, özü sakitcə çıxıb gedəcək. Ona görə də hər şey qədərində gözəldir. Dahi Nizami Gəncəvi nahaq yerə deməyib ki, “Bir inci saflığı varsa da suda, Artıq içiləndə dərd verir, o da”. Gedənə "sağ ol", gələnə “xoş gəldin” deyə bilən insan güclü və xoşbəxt olur. Bilmək lazımdır ki, sizin dəyərinizi bilməyən kişi, yaxud qadın özü də bir gün hansısa formada mütləq həyatında bunu hiss edəcək. Həyat bumeranqdır və hər şey insanın özünə qayıdır. Ona görə də əgər cəhdləriniz nəticə vermirsə, buraxın incəldiyi yerdən qopsun. Keçmişi unudun, adından da göründüyü kimi keçmişdir, keçmişdə qaldı, irəli baxın, həyatın gözəlliklərindən zövq alın. Unutmayın ki, heç kim sizin qədər dəyərli deyil və ola bilməz" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
9
sia.az

1Mənbələr