AZ

Ermənistan KTMT-ni tərk edir? — AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşava Təhlükəsizlik Forumunda çıxış edib. Ölkəsinin işləməyən hərbi ittifaqda özünü görmədiyini qeyd edən Mirzoyan deyib ki, İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından çıxmaqla bağlı bütün riskləri öyrənir. 

Politoloq Elşad Həsənov Demokrat.az-a açıqlamasında erməni nazirin bəyanatına münasibət bildirib. E.Həsənov Ermənistanın artıq iki ildir bu yöndə çalışdığını söyləyib:

“2022-ci ilin sentyabrında ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi İrəvana gəldi və daim Ermənistanı dəstəkləyəcəklərini, demokratiyanın inkişafına dəstək olacaqlarını bildirdi. Həmin vaxtdan Ermənistanın Rusiya ilə münasibətləri soyumağa başladı. Paşinyan hakimiyyətinin qarşısında dayanan əsas məqsəd də Rusiyanı bölgədən sıxışdırmaq idi. KTMT-nin nizamnaməsinə əsasən əgər Ermənistan ərazisinə hücum olardısa, təşkilatın üzvləri ona kömək edə bilərdilər. Amma məsələ burasındadır ki, Azərbaycan Ermənistanla öz ərazisində müharibə apardı, separatçıları, silahlı birləşmələri torpaqlarından təmizlədi. Ermənistan əvvəlki dövrlərdə olduğu kimi bu dəfə də istəyirdi ki, Rusiya ona dəstək olsun. Ermənistan guya Azərbaycanın onun ərazisinə müdaxilə etdiyini desə də KTMT komissiyası bu iddiaların əsassız olduğunu bildirdi, Rusiya isə öz növbəsində Azərbaycanın öz ərazisində apardığı mübarizəyə qarışmayacağını bildirdi. 2022-ci ilin dekabrında İrəvanda keçirilən KTMT-nin iclasında Paşinyan qurumun son bəyanatını imzalamaqdan imtina etdi, hərbi təlimlərdə iştirak etmədi”. 

E.Həsənovun sözlərinə görə Ermənistan artıq bir neçə dəfə bəyan edib ki, KTMT-nin tədbirlərində iştirak etməyəcək:

“Ermənistan KTMT-dəki fəaliyyətini dondurub. Hesab edirəm ki, Ermənistan yaxın vaxtlarda KTMT üzvü olmadığını bəyan edəcək. Ancaq Ermənistan Avrasiya İqtisadi İttifaqının sədridir və bundan külli-miqdarda yararlanır. Ermənistan həmçinin BRICS-ə üzv olmaq üçün müraciət edib. İqtisadi maraqlar güdür. Ukrayna-Rusiya müharibəsi başlayandan iki ildən çoxdur ki, ABŞ və Qərbin Rusiyaya sanksiyalar tətbiq etməsinə baxmayaraq Ermənistan gizli şəkildə ona yardımlar edir. Ermənistanın bu ikiüzlü siyasəti artıq üzə çıxıb, ABŞ-yə də bu məlumdur. Rusiya ilə Ermənistan arasında 14 milyarddan artıq ticarət dövriyyəsi var. Bunlar Ermənistanın Rusiyaya iqtisadi sanksiyalardan yayınmaq üçün etdiyi yardımlar qarşısında əldə etdiyi mənfəətdir. Ermənistan Rusiyanın qızıl, almaz kimi təbii sərvətlərinin dünyaya çıxarılmasında mühüm rol oynayır. Ermənistan bunları gətirmir, çünki bundan böyük dividentlər əldə edir. 

Yəqin ki, yaxın vaxtlarda Ermənistan ABŞ və Fransanın diqtəsi ilə KTMT-ni tərk edəcək. Gümrüdəki 102-ci hərbi bazanın çıxarılmasını da tələb edəcəklər. Cənubi Qafqazda ABŞ özünün hərbi bazasını qurmaq istəyir, bu məqsədçün də Ermənistandan istifadə edir. Rusiya da buna səssiz qalmayacaq. Düşünürəm ki, Rusiya ilə Ermənistan arasında gərginliyin artması qaçılmaz olacaq”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
8
demokrat.az

1Mənbələr