AZ

Rafael Hüseynov: Azərbaycanda Sergey Yeseninin yaradıcılığına həmişə böyük məhəbbət bəslənilib

Bakı, 3 oktyabr, AZƏRTAC

Elə söz ustaları var ki, onları yalnız hansısa xalqın və hansısa ədəbiyyatın övladı hesab etmək düz deyil. Sergey Yesenin çoxdan rus ədəbiyyatının təmsilçisi olmaq çərçivəsindən kənara çıxıb. O, həm də Azərbaycan şairidir.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov deyib.

Akademik qeyd edib ki, Azərbaycanda Sergey Yeseninin yaradıcılığına həmişə böyük məhəbbət bəslənilib. Təkcə ona görə yox ki, böyük şair həyatının son illərini Bakıda yaşayıb, paytaxtımız haqqında gözəl şeirlər yazıb: “O, Azərbaycana dərin məhəbbət bəsləyib, burada çoxlu dostları olub. Onların hamısının yeri var. Lakin əsas səbəb odur ki, Sergey Yeseninin yaradıcılığının ruhu, məzmunu, mahiyyəti Azərbaycan şeirinin ruhu ilə çox uyğundur. Onu çox zaman Mikayıl Müşfiqlə müqayisə edirlər. Həm ömürlərinin qısalığı, həm də yaradıcılığındakı temperament və ruh baxımından onlar bir-birinə çox yaxındırlar”.

R.Hüseynov xatırladıb ki, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Sergey Yeseninin xatirəsinə böyük hörmət əlaməti olaraq Mərdəkanda şairin yaşadığı yerdə onun ev-muzeyi yaradılıb: “Bu muzey uzun illər insanların böyük məhəbbətlə ziyarət etdikləri bir ünvandır. Bir neçə il öncə biz Azərbaycan ədəbiyyatının və mədəniyyətinin Rusiya ilə əlaqələrinin daha geniş bir çərçivədə əhatə etdiyini nəzərə alaraq bu ev-muzeyini genişləndirməklə Sergey Yeseninin adını saxladıq. Hazırda muzeydə digər böyük rus şair və yazıçılarının, o cümlədən Vladimir Mayakovski, Lev Tolstoy, Maksim Qorkinin də yaradıcılığı ilə yaxından tanış olmaq mümkündür”.

Seçilən
10
azertag.az

1Mənbələr