AZ

"Bu amil "Malmö"yə Bakıda çətinlik yaradacaq" - Adil Şükürov

"Qarabağ" UEFA Avropa Liqasının Liqa mərhələsində İsveçin "Malmö" komandası ilə qarşılaşacaq. Qurban Qurbanovun baş məşqçisi olduğu "köhlən atlar" II turun oyununu doğma divarlar arasında keçirəcək. 
Azərbaycanlı mütəxəssis Adil Şükürovla əlaqə saxlayıb onun bugünkü matç barədə fikirlərini öyrəndik.

47 yaşlı çalışdırıcının Fanat.Az-a açıqlaması belə oldu: 

"Qarabağ" "Tottenhem"lə oyunda da göstərdi ki, əlinə düşən imkanlardan istifadə etsə, Avropada daha böyük uğurlara imza ata bilər. Sadəcə, söhbət ustalıq və çempionatlar arasındakı səviyyə fərqindən gedir. Təbii ki, müqayisə olunmazdır. O səviyyədə oynamaq çətindir, sürət də eyni deyil. Buna görə də öz çempionatımızda əlinə düşən 5 fürsətdən 3-4-nü qola çevrən futbolçumuz avrokubokda o imkanların 1-2-ni vurmaqda çətinlik çəkir. "Malmö" nisbətən uyğun rəqibdir. Lehimizə işləyə biləcək məqamlar var. Azarkeş amili və qazon məsələsini vurğulamaq istərdim. Səhv etmirəmsə, "Malmö" İsveç çempionatında süni örtükdə oynayır. Belədə sürət yüksək olur, güclü pressinq edirlər. Amma Bakıda təbii qazonda oynayacaqlar. Belədə çətinlik çəkə bilərlər. 
"Qarabağ" qalib gəlmək üçün yaratdığı qol vəziyyətlərinin 60-70 faizini dəyərləndirməyə borcludur. Hətta 50 faiz dəyərləndirmə də qələbəyə yetməyə bilər. İnanıram ki, təmsilçimiz "Malmö"yə qalib gələ biləcək".

Qeyd edək ki, "Qarabağ" - "Malmö" matçı bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq və saat 20:45-də start götürəcək.

Mirağa

Seçilən
26
fanat.az

1Mənbələr