AZ

Ermənistan yeni növ müharibəyə hazırlaşır: dünyada ilk olacaq

News24.az globalinfo.az-a istibnadla araşdırmaçı yazar Həmid Herisçi ilə müsahibəni təqdim edir:

– Həmid bəy, 2 ay öncə bizə müsahibədə “İran ətrafında nə baş verir” sualına cavabda “söhbət İrandan yox, Pentaqon hərbi xəritələrində xüsusi rənglə işarələnən “Siran” adlı hərbiləşdirilmiş ərazidən gedir. “Siran” bu məxfi xəritələrdə Suriya ilə İranın birgə rəmzi adıdır” demişdiniz. Ardından da bunları söyləmişdiniz: “İnqilab Keşikçiləri (SEPAH) bu əraziyə nəzarət edir. ABŞ-la İsrail hərbi doktrinasının hədəfi əslində İran yox, bax bu rəmzi coğrafiyadır. Livan “Hizbullah”ı da həmin “Siran”ın tərkibindədir”. Deyəsən bu söylədikləriniz geopoltik şahmat taxtasında tam yerinə oturur. İki ay öncəki sizdən müsahibə götürəndə HƏMAS lideri İsmayıl Haniyə Tehranda yeni öldürülmüşdü, bu müsahibə isə “Hizbullah” lideri Həsən Nəsrullahın ölümündən bir neçə gün sonraya təsadüf edir. İndi sizdən yenə soruşuram: İran ətrafında nə baş verir?

– İran ətrafındakı cari siyasi hadisələrin xüsusi alqoritmi var. Pentaqon ilə Təl-Əviv, Mossad-la MKİ bu alqoritmi süni intellekt vasitəsi ilə nəzarətə götürüblər. Gülməyin. Belə çıxır ki, İran haqda bir çox qərarları insan beyni, Benjamin Netanyahu yox, məhz süni intellekt verir. Həsən Nəsrullahın məxfi ünvanını da, İsmayıl Haniyənin yaşadığı otel otağını da bu süni intellekt aşkarlayıb. “Vur!” əmrini də o verir. Netenyahu sadəcə bu qərarları təsdiqləyir. Yaşıl işıq yandırır bu süni intellektə. Bu süni intellekt, unutmayın, 2016-cı ildə Bakıya qonaq gəlmiş, hətta Azərbaycan türkcəsində danışmış “robot Sofiya”nın yaxın qohumu, bəlkə də bacısıdır. Müəllifi, yəni “atası” ABŞ mütəxəssisi David Hansondur. Robot Sofiya müsahibə də verir. Növbəti- məşhur CNET portalına verdiyi müsahibəsində bu robot “qan tökmək” istədiyini söyləyib. Necə deyərlər, “Lalın dilini anası”, yəni mühəndis David Hanson bilir. O, əslinə qalsa, bu abzasla Pentaqona, MKİ-ə müraciət edib üstüörtülü şəkildə. Bu qurumlardan killer sifarişləri istəyib. Çox çəkmədən o, bu sifarişləri alıb məncə. Sifarişlər gördüyünüz kimi İranla bağlı olub. İran, mövzudan xəbərdardır. Robot Sofiyaya qarşı o özünün “Suren 4” robotunu hazırlayıb.

– Demək istəyirsiniz ki, əslində biz bu gün Hollivud filmlərinin məşhur “Robotların müharibəsi” süjetini yaşayırıq.

– Bəli.

– Robot Sofiyanın Bakıya səfəri məşhurdur. Azərbaycan türkcəsini bilir. Sofiya həm də cibində Səudiyyə Ərəbistan pasportunu da gəzdirir axı. Kimin maraqlarını güdür o? Azərbaycanın? Səudiyyənin? Yoxsa…

Məşhur

Robot Sofiya Bakıda

– “Hanson Robotics” şirkətinin maraqlarını. Robot Sofiyanın qəddar, kəşfiyyatçı, hərbçi modeli məncə ancaq Qərbdədir. ABŞ-da. Digər ölkələrdə bu robotun ancaq zəif, humanist sifəti tirajlanıb. Fransa da bu Sofiyaya qarşı özünümkünü yaradıb. Emmenuel Makron bu ilin mayında aparıcı Fransa İnformasiya Texnologiyaları (İT) şirkətlərinı yığıb Yelisey sarayına. Öz robotlarını sınaqdan çıxarıb. Sonra təcili Çinə gedib. Məqsədi bu robot layihəsində Çin və Avropa “high-tech” texnologiyalarını cəmləməkdi. Araşdırmalarda Ermənistan da yer alır.

– Demək indi biz də Ermənistanla “robotlar müharibəsinə” məhkumuq?

– Bəli. Ermənistan müdafiə naziri Suren Papikyanın Güney Koreyaya 10 sentyabr tarixli səfəri də bu hərbi robotlarla əlaqədar olub. O bu mövzuda Güney Koreya hərbi naziri Sin Von Siq, Sinqapur və Finlandiya hərbi nazirləri Nq Enq Hen, Antti Hakkenen ilə qapalı görüşlər keçirdib. Yaponiya da var bu müzakirələrdə.

– Yaponiyanın Azərbaycana “high technology” məmulatlarının, o cümlədən smart minaaxtaranlar verməməsi bəs necə? Yaponiyanın, Uzaq Şərq ölkələrinin robotlaşdırılmış hərbi sənaye məhsulları ilə əlaqədardır?

– İstisna deyil. Mümkündür. Demək, Ermənistanla mina mövzusunda əməkdaşlıq edirlər. Sonuncu beynəlxalq “ADEX” sərgisində robotlaşdırılmış hərbi sistemlər, alqoritmlər mövzusu aparıcı olmalı idi məncə. Çünki İrəvan bizə qarşı məhz süni intellekt vasitəsilə növbəti smart müharibəyə hazırlaşır. Bu müharibə modeli Güney Qafqazda sınaqdan çıxarılmalıdır.

– Önləyici tədbirlər mümkünmü?

– Əvvəla, gərək indiki İran-İsrail və ABŞ qarşıdurmasına fərqli nöqtədən baxaq. Robot kəşfiyyatçıların gözü ilə baxaq. Öz kəşfiyyatçı robotlarımızı hazırlayaq – bu, bir. İkincisi, Emmenuel Makronun süni zəka ilə bağlı səfər marşrutlarını güdək. Makronun sentyabrdakı Sebiya səfəri də süni intellektlə əlaqədardır. 2025-ci ildə Serbiya “Süni intellekt üzrə qlobal əməkdaşlıq” sammitinin sədri olacaq. Aleksandr Vuçiçlə Emmanuel Makron Serbiyanın Novıy Sad şəhərində keçirilən “Gənclik və süni intellekt” qurultayında məhz bu futuroloji mövzunu müzakirə ediblər. Gələn ilin 11-12 fevralında Parisdə keçiriləcək “İT texnologiyaları və təhlükəsizlik” sammitinin gündəliyini müzakirəyə çıxarıblar.

Adı çəkilən “Süni intellekt üzrə qlobal əməkdaşlıq” projesi Fransa ilə Kanadanın, Makronla Castin Trüdonun birgə projesiidir. Fransızdillidir.

Unutmayaq, Ermənistan da “Frankafonoya” projesi çərçivəsində həmin o proqramın vacib nöqtəsi seçilib. GPİA adlanan bu proqramda deyəsən anti-Azərbaycan meyllər güclüdür.


– Qayıdaq İran mövzusuna. Zəngəzur…

– Zəngəzur dəhlizininin açılmasını bu dəfə biz yubatmalıyıq.

– Niyə?

– Çünki bu yolu açmaq üçün biz İranın digər bir yolunu-Körfəzdən keçən Cənub dəhlizini bağlamalıyıq. İsrail və ABŞ-la qarşıdurma nəticəsində Körfəz dəhlizi qapanacaq. O cümlədən Yəməndəki Bab əl Məndab boğazı da qapanacaq. Çünki iranyönlü husilərlə müharibə, HƏMAS-la, Hizbullah-la qarşıdurmadan sonra üçüncü yerdədir. Növbədə bu cəbhədir.

– Demək istəyirsiniz ki, Zəngəzur üçün indi İran bizə yalvaracaq?

– Bəli. Pezeşkiyanın Zəngəzur mövzusunu tənqid etməməsi bununla bağlıdır. İranın xaricə çıxış nöqtələri, xüsusən Körfəzə çıxışı bloklanandan sonra bölgədəki geopolitik durum kökündən dəyişəcək.

– Rusiya bunu bildiyindənmi Azərbaycanın yanındadır.

– Əlbəttə.

– “Hizbullah”ı və HƏMAS-ı İsrailə İranın satdığı, Haniyə və Nəsrullahın Tehranın razılığı ilə öldürüldüyü iddialarını bölüşürsünüz?

– İsrail əməliyyatlarının yeni, pik nöqtəsi yəhudilərin yeni ilinə – 2 oktyabra düşməsini təsadüf saymazdım. Demək, yəhudilər bu əməliyyatları çoxdan hazırlayıblar. Özü də süni zəkanın iştirakı ilə hazırlayıblar. Qalib odur – süni intellekt. İranlıların “Suren4” robotu deyəsən zəif çıxdı. Uduzdu “Hanson Robotics” şirkətinə. Məncə udan odu. İsrail, ABŞ yox…

– Azərbaycan böyük bir geopolitik tonqalın ortasında qalıb.

– Robot Sofiyanın Azərbaycan türkcəsini bilməsi azdı. O bəlkə Azərbaycanyönlü qərarlar da verir. Bu cür proqramlaşdırılıb.

– Bu günlərdə Aşıq Ələsgərə Bakıda heykəl qoyuldu. Bunun çox ciddi geopolitik anlamının olduğu deyilir. Paralel olaraq heykəlin tənqidi də aparılır. Əsas fikirlərdən biri də Ələsgərin solaxay olması ilə bağlıdır. Deyirlər ki, “Ələsgər solaxay olub, heykəldə isə sazı sağ əlində tutub və bu, qüsurdur”. Siz də solaxaysınız. Hətta “Solaxay” adında kitabınız var. Bəlkə bu ictimai mübahisəni yaradan, söhbəti başqa məcralara daşıyan elə solaxay məsələsidir?

– Solaxay mövzusunda, bəli, eyniadlı romanım var. Bəzi gizlinləri bilmək istəyirsinizsə, o romanı yenidən vərəqləyin. Yaxud yenidən çap edin bu kitabımı. Uduzmazsınız. Sonra təbliq edin dünya çapında bu əsərimi. Günün tələbi budur. Ancaq….nə isə…sonrasını özünüz düşünün. Söhbətimizin sonunu oxucuların ixtiyarına buraxaq.


Seçilən
15
1
news24.az

2Mənbələr