AZ

Xorvatiyalı qapıçı: “Qarabağ” “Malmö”dən daha yaxşı komandadır

Xorvatiyalı

Bakı, 3 oktyabr, AZƏRTAC

“Qarabağ”ın bugünkü oyunda xal qazanmaq şansı yüksəkdir”.

Bu sözləri AZƏRTAC-a açıqlamasında “Qarabağ”ın sabiq qapıçısı Miro Varvodiç keçmiş komandasının UEFA Avropa Liqasının əsas mərhələsinin II turunda Bakıda İsveçin “Malmö” klubu ilə keçirəcəyi oyunla bağlı danışarkən deyib.

Xorvatiyalı qolkiper Ağdam klubunun “Malmö”dən daha yaxşı komanda olduğunu bildirib: “Qarabağ” İngiltərədə keçirilmiş ilk tur matçında “Tottenhem”ə məğlub olduğu üçün bu gün mütləq qalib gəlməlidir. Yadımdadır, 2013-cü ildə Avropa Liqasının 3-cü təsnifat mərhələsində “Qarabağ”ın heyətində İsveçin digər təmsilçisi “Gefle” ilə keçirdiyimiz oyundan sonra rəqibin idman direktoru məni Bundesliqadan tanıdığını və matçdan əvvəl komandasının bizi məğlub edəcəyini düşündüyünü demişdi. Həmin vaxt heç kəs “Qarabağ”ı tanımır və nəyə qadir olduğunu bilmirdi. İndi isə komanda Avropada böyük təcrübə malikdir. Fikrimcə, Azərbaycan klubu bu turnirdə irəli gedə bilər. Çempionlar Liqasının pley-off mərhələsində “Dinamo”ya qarşı görüşləri izləmişdim. Həqiqətən yaxşı qol fürsətləri olsa da, futbolçular dəyərləndirə bilməmişdilər”.

M.Varvodiç “Qarabağ”da oynayan həmyerlisi Fabiyan Buntiç barədə də danışıb: “Onun “Dinamo” ilə keçirilən ilk oyunda kiçik səhvləri oldu. Həmin qarşılaşmadan sonra Buntiçi start heyətində görmədim. Ona görə də bu baradə ətraflı nəsə deyə bilmərəm”.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Malmö” oyunu saat 20:45-də start götürəcək.

Seçilən
31
azertag.az

1Mənbələr