AZ

"Onlar məktəbdən uzaqlaşdırılmalıdır, 2 ildir gecikirik" - Ekspertdən ÇAĞIRIŞ

“2024-2025-ci tədris ili yeni başlayanda açıqlamalarımızda, apardığımız təhlillərdə bir neçə məsələni qabartmışdıq. Onlardan biri də məktəblərdə bullinq hadisələri və onlara qarşı mübarizədir”. 

Bu sözləri Ölkə.Az-a açıqlamasında Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri deyib. Sabunçu rayonunda yerləşən 71 nömrəli tam orta məktəbdə şagirdin bıçaqlanmasından danışan ekspert bildirib ki, artıq məktəblərdə bullinq adi hal alıb:

“Bununla bağlı təhlillər də irəli sürürdük. Həqiqətən də ehtimallar bunu deməyə əsas verirdi. Dərs başlayar-başlamaz Beyləqanda bir şagirdin valideyni digər şagirdi və onun sinif yoldaşını döydü. İmişlidə bir müəllim şagirdləri məktəbdən çıxararaq yerdə dərs keçməyə başladı. Digər məktəbdə yüngül bullinqə cəhd edildi. Başqa bir məktəbdə bıçaqlanmaya cəhd oldu. İndi də buyurun, Bakı məktəblərinin birində 9-cu sinif şagirdi şagird yoldaşını bıçaqladı. 
Bullinq hadisələri artıq bizim məktəblər üçün adiləşib. Biz həmişə bəh-bəhlə deyirik ki, Azərbaycan məktəblərində bullinq hadisələri digər ölkələrdən azdır. Ay kişilər, ay xanımlar, əvvəla burada say nisbəti var. Sən xarici ölkənin əhalisi, onun məktəblilərinin və oradakı şagirdlərin sayının nə qədər olmasını da müqayisə elə. Cəmi 10 milyon əhalisi, 1.5 milyon şagird kontingenti olan bir ölkədə baş verən bullinq hadisələri, fiziki təhlükə yaradan məsələlər yetərindən çoxdur. Bununla bağlı mübarizə artıq ciddi şəkil almalıdır”.

Ekspert hesab edir ki, belə halların qarşısını almaq üçün bütün məktəblərdə şagird davranış qaydaları sərt formada tətbiq olunmalıdır:

“Artıq 2 ilə yaxındır ki, orta məktəblərdə ümumtəhsil müəssisələrində şagird davranış qaydaları tətbiq olunmaq bilmir. Bunu pilot olaraq cəmiyyətin müzakirəsinə çıxardılar, fikir birmənalı olmadı. Ona görə də yalnız pilot olaraq bəzi məktəblərdə həyata keçirdilər. Artıq vaxtıdır, 6 bölmədən ibarət şagird davranış qaydalarının məktəblərdə tətbiqinə biz gecikirik. Bu qaydalar özünün sərt tərəfi ilə tətbiqini gecikdirməməlidir. Həmin o qaydalar elə-belə adamlar tərəfindən yox, təhsilin içərisində olanlar, pedaqoqlar psixoloqlar, sosioloqların ümumi müzakirəsi nəticəsində hazırlanıb.  

Mən də müəyyən istisnaları çıxmaq şərtilə bir çox bəndlərlə razıyam. Xüsusən də razı olduğum bəndlər 4-cü və 5-ci dərəcəli qayda pozuntularıdır. Bunlar xüsusi sərt və kobud qayda pozuntuları sayılır. O qaydalara görə, cəza mexanizmi məktəbdən uzaqlaşdırmadır. Buraya fiziki təmas, psixoloji şiddət, müəyyən qruplaşma halında şagirdə edilən bullinq və s. daxildir. 

Qaydalarda məktəbə lazımsız əşyaların gətirilməsi bəndi də var. Necə ki, uşaq bıçağı gətirib və onunla da xəsarət yetirib. Bunlar hamısı ağır dərəcəli qayda pozuntularıdır. 

Mən əksinə, yüngül dərəcəli qayda pozuntuları və onlara aid cəza mexanizmlərinin tərəfdarı deyiləm. Məsələn, şagirdin pəncərədən çölə baxması, dəhlizdə qaçması 1-ci, 2-ci dərəcəli qayda pozuntusu hesab olunur. Şagirdlər istər-istəməz bufetdən çıxıb sinfə gedəndə qaçacaq. Biz lazımı məsələlər üzrə cəza mexanizmlərini həyata keçirməliyik”. 

Billurə Yunus

Seçilən
11
olke.az

1Mənbələr