AZ

Urbanizasiya – sivilizasiyanın tərs üzü

Bu proses paytaxtlarda daha ciddi fəsadlar doğurur

Bu gün dünya əhalisinin yarıdan çoxu şəhərlərdə yaşayır. 2050-ci ilə qədər burada əhalinin daha 2 dəfə artacağı gözlənilir. Beləliklə, urbanizasiya günümüzdə əhatəsini daha da genişləndirir və çeşidli ekoloji problemlər yaradır. Nəticədə, ətraf mühit aşınır, yararsız vəziyyətə düşür. Onun fəsadları Bakı kimi meqapolisin həyatında daha qabarıq müşahidə olunur. Bu barədə ETN Coğrafiya İnstitutunun əməkdaşı, dosent Etibar Bədəlov XQ-yə müsahibəsində ətraflı söhbət açdı.

– Bakı aqlomerasiyasında əhalinin həddindən çox toplanması bir sıra sosial çətinliklərlə yanaşı, ekoloji problemlərə də gətirib çıxarır. Urbanizasiya bu arealda özünü neçə göstərir?

– Proses yaxşılığa doğru getmir. 2024-cü ildə Azərbaycan əhalisinin 54,5 faizi, yəni yarıdan çoxu şəhərlərdə məskunlaşıb. Əhali, əsasən, Bakıda toplaşır. Urbanizasiyanın bir şəhərin üzərində müşahidə edilməsi ölkə üçün heç də xoş olmayan nəticələrə gətirib çıxarır. İndi Bakı dünyanın bütün böyük şəhərlərində olduğu kimi, urbanizasiyanın mənfi nəticələrini yaşayır. Mənzil, işıq, qaz, su, kanalizasiya və digər kommunal xidmətlər sahəsində ciddi problemlər yaranır. Şəhərin yaşıllıq sahələri də əhalinin artım tempinə uyğun gəlmır. Bakı, təəssüf ki, ən az yaşıllıq sahəsi olan şəhərlər sırasındadır.

Bundan başqa, nəqliyyat sistemi ciddi problemlər yaşayır. Hazırda Bakı şəhərində 700 mindən çox nəqliyyat vasitəsi daimi qeydiyyatdadır. Bununla yanaşı, hər gün Abşeron, Sumqayıt, eləcə də respublikanın digər şəhər və rayonlarından paytaxta 250–300 min və bəzən daha çox nəqliyyat vasitəsi daxil olur. Habelə 2 mindən çox avtobusla sərnişindaşıma həyata keçirilir. Nəticədə avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur. Onlardan isə atmosferə zərərli qazlar buraxılır.

Bakıda maşınların sayının çox, yaşıllıq sahələrinin az olması isə heç də ürəkaçan deyil. Şəhərdə tez-tez tıxaclar yaranır, hava çirklənməyə məruz qalır. Nəqliyyat səsi əsəb yaradır, insanların sinir sistemini pozur.

İnsanların sayı artdıqca məişət tullantıları da artır. Bərk məişət tullantıları, xüsusilə plastik tullantılar ciddi problemlər yaradır. Bu sahədə vəziyyəti mürəkkəbləşdirən amillərdən biri də plastik tullantıların təbiətdə uzun müddət qalması və miqdarının ilbəil artmasıdır.

Əhalinin Bakıda toplanması maliyyə sisteminə də təsir edir. Banklar tərəfindən verilmiş kreditin 76-77 faizi paytaxtın payına düşür. Eyni zamanda, Ümumi Daxili Məhsulun formalaşmasında, vergi daxilolmalarında və digər makroiqtisadi göstəricilərdə bir şəhərin payı artır. Bu hal regionların inkşafına mənfi təsir göstərir. Ölkə üzrə iqtisadiyyatın düzgün paylanmamasına gətirib çıxarır. Şəhər böyüdükcə, ictimai asayişin qorunması məsələsi də çətinləşir.

Qeyd etmək lazımdır ki, urbanizasiyanın fəsadları şəhər sakinlərinin sağlamlığına da xələl gətirir. Ətraf mühitin, atmosfer havasının çirklənməsi, nəqliyyatın yaratdığı böyük hay-küy insanlarda stress hallarını artırır, müxtəlif xəstəliklərin əmələ gəlməsinə səbəb olur.

– Sağlam ətraf mühit və təbii həyat tərzi üçün yaşıllaşdırma çox önəmlidir. Bu sahədə hansı zəruri tədbirlərə ehtiyac var?

– Küçələrin abadlaşdırılması və şəhər landşaft dizaynı bütöv bir elmdir və bu sahə ilə az və ya çox tanış olan deyəcək ki, aqressiv şəhər mühitində uğurla böyüyən ağaclar müəyyən şərtlərin yaradılmasını tələb edir. Ən azı, münbit torpaq olmalı, müntəzəm suvarma və gübrələmə həyata keçirilməlidir. Çox xoşdur ki, son vaxtlar paytaxtda yaşıllıqların sahəsi genişlənir. Ölkə başçısının səyləri ilə Bakıda 400-ə yaxın yeni park salınıb və proses davam edir. Bu istiqamətdə görülən işlər sayəsində paytaxtımız MDB-nin digər şəhərlərindən seçilir.

Hazırda şəhərin ərazisində 10 meqaparkın salınması işləri həyata keçirilir, bəzi parkların ərazisi artırılır. Bu parklardan biri də Bakı Dəmiryol Vağzalı ilə metronun “28 May” stansiyasının qarşısında inşa olunur. Layihə üzrə ərazidə tikinti altına düşən yaşıllıqlar köçürülür. Parkda əkiləcək ağaclar paytaxtın iqliminə uyğun növlərdir. Burada böyük avtobus dayanacağı, eyni anda 4 ədəd elektrik enerjisi ilə işləyən avtobusların şarj edəcəyi 2 stansiya, velosiped zolağı və fəvvarələr də olacaq.

Bundan başqa, dövlət başçısının müvafiq sərəncamı ilə Mərkəzi Nəbatat, həmçinin Mərdəkandakı Dendrologiya parklarında əsaslı təmir-yenidənqurma işləri görülür və ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.

Paytaxtda aparılan geniş tikinti-quruculuq işləri çərçivəsində bir çox yerlərdə istismar müddəti bitmiş, qəzalı tikililərin əvəzinə yeni bina və obyektlər yox, məhz parklar salınır. Hazırda Xətai rayonunda yerləşən “Sevgi” parkının genişləndirilməsi ilə bağlı işlər görülür. Bununla əlaqədar şəhərin əsas magistral yollarından sayılan Yusif Səfərov küçəsinin ətrafında yerləşən və istismar müddəti bitmiş tikililərin sökülməsi və ərazidə yaşayan sakinlərə, obyekt sahiblərinə mövcud qanunvericiliyə uyğun kompensasiya ödənilməsi şərti ilə onların köçürülməsi prosesi həyata keçirilir.

Mərkəzi parkın 3-cü hissəsində də genişləndirmə–abadlıq işləri görülür, Nərimanov parkı əsaslı yenidənqurmadan sonra istifadəyə verilib. Bir sözlə, paytaxtın daha da yaşıllaşdırılması və gözəlləşdirilməsi istiqamətində işlər davam etdirilir. Küçə və prospektlər boyunca, mövcud park və istirahət bağlarında yeni ağaclar, həmişəyaşıl kollar və rəngbərəng güllər əkilir.

Bu işlərin yerinə yetirilməsi bizə uğur qazanmağa və şəhəri çiçəklənən bir bağa çevirməyə imkan verir. Yaşıllıqlar ətrafı gözəlləşdirməklə yanaşı, çox insan yaşayan və nəqliyyatın intensiv hərəkət etdiyi paytaxtda hay-küyün azalmasına müsbət təsir edir. Havanı zəhərli qazlardan, toz, his qarışıqlarından təmizləyir. Toz və his bitkilərin yarpaqları üzərinə çökür, yağmurlar zamanı yuyulub torpağa tökülür. Ağac və kollardan ibarət olan yolkənarı yaşıllıqlar yolun torpaqla örtülməsinin qarşısını alır, küləklərin hərəkət sürətini azaldır və sıx yerləşdikdə sakitlik yaradır. Hazırda ağaclar və yaşıl sahələr yalnız estetik məqsədlər üçün deyil, havanın keyfiyyətinin və temperaturun tənzimlənməsinin və ümumi sağlamlığın yaxşılaşdırılması üçün vacib rol oynayır. Çünki havanın çirklənməsi, temperaturun yüksəlməsi, oturaq həyat tərzi ürək-damar və tənəffüs sistemi xəstəliklərinin, piylənmənin və yeni patogenlərin yayılması ehtimalını artırır. Nəticələr, necə deyərlər, göz qabağındadır.

– Urbanizasiya paytaxtın gündəlik ahəngində hansı arzuolunmaz hallar doğurub?

– Bakıda qablaşdırma tullantılarının əmələ gəlməsinin qarşısını almaq və bu tullantıların ətraf mühitə təsirini azaltmaq məqsədilə onların təkrar istifadəsi sisteminin formalaşdırılması ilə bağlı tədbirlər görülür. Bu məqsədlə təhlükəli sənaye tullantılarının yerləşdirilməsi üçün yeni poliqonlar yaradılıb. Məişət tullantılarının çeşidlənməsi, utilizə edilməsi və təkrar emalının təşkili həyata keçirilir. Tullantılardan bioqazın alınması üçün müvafiq üsullar tətbiq edilir, enerji alınması üçün onlardan səmərəli istifadə edilir. Bu məqsədlə tullantıların emalı zavodu (Bərk Məişət Tullantılarının Yandırılması Zavodu) tikilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması və təbii sərvətlərdən səmərəli istifadə edilməsi məqsədi ilə enerji effektivliyini təkmilləşdirən texnologiyalardan, habelə davamlı enerji mənbələri kimi alternativ enerjidən (külək, günəş, bioqaz, biokütlə, geotermal, hidroelektrik) istifadə də genişləndirilir. Görülən işlər sağlam, dayanıqlı şəhər mühiti yaratmağa yönəlib.

– Nəqliyyat sisteminin elektrikləşdirilməsinə dünyada çıxış yollarından biri kimi baxılır. Şübhəsiz, biz də bu yolla getməliyik.

– Bakının ekologiyasının qorunması məqsədi ilə nəqliyyat sisteminin elektrikləşdirilməsi, avtomobillərin bu sistemə görə təkmilləşdirilməsi həyata keçirilir. Bu gün paytaxtda elektrik və hibrid avtomobillərinin sayı sürətlə artır. Ətraf mühitin mühafizəsi məqsədilə Avro standartlarına keçilir. Artıq paytaxtın avtobus parkının 70 faizi yenilənib. Yeni alınan avtobusların çoxu Avro 6 standartına uyğ un ekoloji baxımdan təmiz sıxılmış təbii qaz (CNG) mü hərriklidir. Nazirlər Kabinetinin 2019-cu il 4 mart tarixli 73 nömrəli qərarına əsasən də paytaxtda müntəzəm marşrut xətləri üzrə istismarda olan avtobuslar sıxılmış təbii qaz (CNG) və elektrik mü hərrikli nəqliyyat vasitələri ilə əvəz edilməlidir. Bu yanaşma şəhərin ətraf mühitinin qorunması və havanın çirklənməsinin qarşısının alınması baxımından mühüm əhəmiyyət kəsb edir.

Sentyabrdan Bakıda marşrut xəttinə Çinin “BYD” şirkətindən alınan ilk elektrik mühərrikli avtobus buraxılıb. Avtobus tam enerji toplayaraq 350 kilometr məsafə qət edə bilir. COP29 çərçivəsində Çinin “BYD” şirkəti ilə əməkdaşlıq çərçivəsində ümumi 160 yeni elektrik mühərrikli avtobusun alınaraq Bakı şəhərinə gətirilməsi və sərnişinlərin xidmətinə verilməsi nəzərdə tutulub. Artıq onların bəzisi istismara verilib. Avtobusların 2024-cü il oktyabrın 31-dək mərhələli şəkildə gətirilərək, Bakı şəhərində marşrut xəttinə çıxarılması planlaşdırılır. Buna uyğun olaraq elektrik enerjisi doldurma məntəqələri yaradılıb. Nəqliyyat vasitələrinin sərnişinlərin xidmətinə verilməsi ilə avtobusların sayı 2341-ə çatdırılacaq. Hədəf isə sərnişinlərə xidmət göstərəcək avtobusların sayının 2500-ə çatdırılmasıdır.

Müsahibəni hazırladı:
Pünhan ƏFƏNDİYEV
XQ

Seçilən
5
xalqqazeti.az

1Mənbələr