AZ

Bakı Beynəlxalq Kitab Sərgisinin təntənəli açılışı

Dünən Bakı Ekspo Mərkəzində dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunan Bakı Beynəlxalq Kitab Sərgisinin açılışı olub.

Mərasimdə Milli Məclisin vitse-spikeri, akademik Rafael Hüseynov, mədəniyyət naziri Adil Kərimli, AMEA prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar, Xalq yazıçısı Elçin, deputatlar, ziyalılar, yerli və xarici yazıçılar, oxucular iştirak ediblər.

Adil Kərimli beynəlxalq kitab sərgisinin ölkəmizin mədəniyyətində önəmli hadisə olduğunu bildirdi. İşğaldan azad edilmiş ərazilərimizdə geniş mədəni-quruculuq işləri həyata keçirildiyini qeyd edən nazir dedi: “Əsas istiqamətlərindən biri də kitabxanaların bərpası, doğma yurdlarına qayıdan insanların kitablara əlçatanlığının təmin edilməsidir. Həmin ərazilərdə artıq kitab işi canlanıb və gələcək üçün ciddi layihələrimiz var. Oktyabrın 8-nə qədər davam edəcək sərgidə 4 qitəni təmsil edən 18 ölkədən 56 təşkilat, 110 yerli nəşriyyat-poliqrafiya və kitab sənəti müəssisəsi iştirak edir. Con Boyn, Vulf Dorn və Azərbaycan əsilli Fəriba Vəfi sərginin fəxri qonaqlarıdırlar. Tədbirlər çərçivəsində uşaqlar və böyüklər üçün ustad dərsləri, aktual mövzular üzrə kitab təqdimatları, imza günləri, konfranslar, simpoziumlar, qiraət və musiqi saatları təşkil edilir”.

Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Mühəndislik Akademiyasının vitse-prezidenti, Milli Aviasiya Akademiyasının kafedra müdiri, akademik Əhəd Canəhmədovun “Kainat haqqında düşüncələr” traktatının təqdimatı maraqla keçdi. O, kitabının ərsəyə gəlməsindən danışaraq bildirdi ki, indi ölkəmizdə kitabsevərlərin, mütaliəyə həvəs göstərənlərin sayı artmaqdadır və bu cür sərgilər bu baxımdan önəm kəsb edir.

AYB sədri, Xalq yazıçısı Anar sərginin işinə uğurlar arzuladı: “Bakı Beynəlxalq Kitab Sərgisi əhəmiyyətli hadisədir, kitabsevərlər üçün böyük bayramdır. Qoy, kitab həmişə yaşasın və sivil dəyərləri yaşatsın”.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyinin sədri Şəmil Sadiq XQ-yə açıqlamasında dedi: “Dünyanın 10-dan çox ölkəsində keçirilmiş 20-dən çox kitab sərgisinin iştirakçısı kimi deyə bilərəm ki, Azərbaycanda kitab sərgisinin formatı, mahiyyəti, dizaynı, fəlsəfəsi yeniləşir. Sözsüz ki, kitabın təbliği baxımından görüləcək işlər çoxdur. Beynəlxalq sərgini yerli yazarların, naşirlərin və oxucuların bayramı hesab etmək olar”.

Rizvan FİKRƏTOĞLU,
Elşən AĞALAR (foto)
XQ

Seçilən
11
xalqqazeti.az

1Mənbələr