AZ

Yaponiya texnologiya nəhənglərinin süni intellekt sahəsində inhisarına qarşıdır

Bakı, 3 oktyabr, AZƏRTAC

Yaponiyanın antiinhisar nəzarəti orqanı bildirib ki, ABŞ-ın texnologiya nəhənglərinin yarımkeçiricilər və inkişaf üçün zəruri olan ixtisaslaşdırılmış kadrlar sahəsində üstünlük təşkil etdiyi şəraitdə ədalətli rəqabəti təşviq etmək məqsədi ilə sürətlə inkişaf edən generativ süni intellekt bazarı ilə bağlı araşdırmaya aparılır.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, süni intellekt texnologiyasındakı sürətli irəliləyişlər Yaponiya Ədalətli Ticarət Komissiyasını bu mövzu ilə bağlı ictimai rəyə arxalanaraq antiinhisar və rəqabət risklərini qiymətləndirməyə sövq edib. Komissiya noyabrın 22-dək biznes və istifadəçilərin rəylərini toplayacaq və onları təhlilini aparacaq. İlk yekun hesabatın gələn ilin yazında açıqlanması gözlənilir.

Generativ AI-nin inkişafı yüksək sürətli emal üçün optimallaşdırılmış yarımkeçiricilərə və model təlimi üçün böyük həcmdə məlumatlara əsaslanır. Komissiya xəbərdarlıq edib ki, bu cür resurslara çıxışın məhdudlaşdırılması yeni oyunçuların bazara daxil olmasını qeyri-mümkün edə bilər.

Yaponiya, həmçinin ABŞ-ın çip nəhəngi “Nvidia Corp”un generativ süni intellekt üçün istifadə edilən yarımkeçiricilərdə qlobal bazar payının təxminən 80 faizinə sahib olması ilə bağlı narahatlığını ifadə edib və Komissiya bildirib ki, məlumatlar da bir neçə şirkət arasında cəmlənib.

Mütəxəssisləri inhisara almaq və süni intellekt əsasında öz məhsul və xidmətlərini prioritetləşdirmək üçün maliyyə gücündən istifadə edən İT nəhəngləri də daxil olmaqla, Komissiya tərəfindın beş əlavə risk də qeyd edilib. Yaponiyadan kənarda tənzimləyici orqanlar da generativ süni intellektin mövcud vəziyyətini başa düşmək üçün yarışırlar. Yanvar ayında Birləşmiş Ştatlar əsas İT şirkətləri arasında generativ süni intellektlə əlaqəli korporativ ittifaqlar və investisiyalar haqqında məlumat tələb edib, Avropa İttifaqı və Cənubi Koreya isə öz araşdırmalarına başlayıb.

Komissiyanın baş katibi Tetsuya Fujimoto çərşənbə günü keçirdiyi mətbuat konfransında bildirib: “Generativ süni intellekt iqtisadiyyat və cəmiyyətə çoxlu faydalar gətirsə də, biz onun düzgün şəkildə həyata keçirilməsini necə təmin edəcəyimizi araşdıracağıq”.

 

 

Seçilən
22
azertag.az

1Mənbələr