AZ

Qızlar evdən niyə qaçır? - Psixoloq səbəbləri sadaladı

Son zamanlar uşaqların evdən qaçması hallarına daha çox rast gəlinir. Acınacaqlı olsa da, onların arasında qızlar üstünlük təşkil edir.

Maraqlıdır, bunun kökündə nə dayanır? Qızlar evdən niyə qaçır?

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən psixoloq Ülkər Məhərrəmova bildirib ki, qızların ailədən uzaqlaşmasın əsas səbəbi ailə, valideyn-övlad münasibətlərinin düzgün olmamasıdır. Bundan başqa, davamlı olaraq asılı vəziyyətdə qaldıqları telefonlar və kənarda olan, özlərinə çox yaxın bildikləri dırnaqarası dostlardır ki, onlarla fikirlərini paylaşdıqları, önyarğı olmadığı, danlaq, nəsihət eşitmədikləri üçün kənarda özlərinə rahat həyat axtarırlar.

Ü.Məhərrəmovanın sözlərinə görə, insanın doğulduğu ev onun ana vətəni sayılır və insan ana vətənində nələri yaşayarsa, cəmiyyətə də adaptasiya, inteqrasiya olan zaman onu daşıyar ki, burada ən böyük bacarıq valideynlərin üzərinə düşür:

“Valideynlər övladları ilə düzgün münasibət qurmalıdırlar. Qız uşaqlarında mentalitet olaraq ən vacibi əxlaqi dəyərlərin inkişaf etdirilməsidir. Biz məktəbə təlim-tərbiyə ocağı deyirik. Orada həm biliklər, həm özünü tanıma, həm də cəmiyyətə hazırlıq öyrədilir. Ədəb, əxlaq, ünsiyyət, münasibətlər, davranış qaydaları aşılanır. Bunlar məktəblərdə və ailələrdə azaldığı üçün uşaqlar özlərini tanıya bilmirlər”.

Ülkər Məhərrəmova: Ata-ana-övlad üçbucağı mütləq möhkəmlənməlidir ki, uşaqlar ailədə özlərini xoşbəxt hiss etsin

Evdən uzaqlaşan qızların əsasən yeniyetməlik yaş dövrünə təsadüf etdiyini deyən psixoloq burada bir çox nüansların ola biləcəyini nəzərə çatdırarır. Vurğulayıb ki, bu nüanslara şiddətə məruz qalma, sevgisizlik, xəyal dünyasında çox olduqlarına görə kənarda özlərinə dost axtarma, televiziyalarda, filmlərdə, sosial şəbəkələrdə baş verən və onları çox xoşbəxt edən halları özlərinə tətbiq etmə kimi hallar ola bilər:

“Burada yenə qaydırıq ailəyə, ata-ana-övlad münasibətlərinə. Bu üçbucaq mütləq möhkəmlənməlidir ki, uşaqlar ailədə özlərini xoşbəxt hiss etsin, uşaqlara diqqət ayrılsın. Diqqət ayırmaq deyəndə valideynlər düşünür ki, “Yemirəm, yedizdirirəm”, “İstədiyi paltarları alıram”, “Hazırlığa qoyuram”. Amma bu, valideynlik bacarığı deyil. Valideynlik vəzifələridir ki, övladının sabah ayaqda durması üçün hansısa bir sənət sahibi olmasına kömək etsinlər”.

Valideynlik bacarığının əslində sevgidən başladığını deyən müsahibimiz bildirib ki, bu sevgi nə artıq, nə də az olmamalıdır:

“Əgər artıq olarsa, o sevgi uşağı yanlış yola aparar, az da olsa yenə də uşağın birtərəfli böyüməsinə gətirib çıxarar. Anlama, dinləmə, müzakirə, bir-birlərinə öz duyğularını, hisslərini etiraf etmə olarsa, nə qızlarımız, nə də oğlanlarımız ailədən uzaqlaşmaz. Bunun üçün də mütləq ki, ailə dəyərləri, valideynlik bacarıqları öyrənməli və tətbiq olunmalıdır”.

Mina Mikayılova

Seçilən
8
1
bakivaxti.az

2Mənbələr