AZ

Halal bizneslərin qaydaları - “Reklam yox, real olmalıdır”

8-9 oktyabr tarixlərində Bakı şəhərində Azərbaycan Halal Biznes və Turizm Forumu (AZHAB Forum) keçiriləcək. Bu forum ilk dəfədir keçirilir və bizim ölkəmizdə bu sahədə təcrübə azdır. Ümumiyyətlə, “Biznesdə yalan olmasa, uğursuz olar” kimi fikirlərlə tez-qarşılaşırıq. Bir çox şəxslərdə elə düşüncə formalaşıb ki, alqı-satqı olan yerdə yalan olmalıdır. Əgər söhbət halallıqdan gedirsə, bunların heç birinə yol vermək olmaz.

Bəs halal biznes nədir? Halal biznesdə hansı qaydalara əməl olunmalıdır?

Valyuta.az-a danışan İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin sədri, iqtisadiyyat üzrə fəlsəfə doktoru Ruslan Atakişiyev deyir ki, halal biznes konsepsiyası o ticarətdə yalnız yalanın olmaması və ya biznesmenlərin yalan danışıb-danışmamasından irəli gəlmir:

“Halal konsepsiya əslində orada olan məhsulların, xidmətlərin islam şəriətinə uyğunluğunu önə çəkir. Əgər orada məhsul istehsal edilirsə, məhsullar şəriət prinsiplərinə uyğun hazırlanmalıdır. Halallıq birinci planda olmalıdır. Əgər xidmət satılırsa, bunun da hallallıq yanaşmaları var. 

Deyək ki, maliyyə və ya vasitəçilik xidməti satılır. Orada riba, faiz, qeyri-müəyyənlik, uduş xarakterli məhsullar və məhsulun haqqında məlumatsızlıq olmamalıdır. Halal biznes konsepsiyası özündə bunları əks etdirir”.

R.Atakişiyev bildirdi ki, əgər biznesin turizm sahəsindədirsə, bunun da öz standartları var: “İstirahət məqsədilə olan səfərlərdə musiqilərin şəriətə uyğun olması, açıq geyimdə qadınların olmaması, çimərlik yerlərinin, masaj xidmətlərinin qadınlar və kişilər üçün ayrı olması lazımdır. Eynilə bu sahədə də istifadə olunan qidalarda halallıq birinci planda olmalıdır. Donuz ətinin istifadə olunmaması, istifadə edilən məhsullarda, qidalarda, kosmetikalarda harama yol verilməməlidir. Spirtli içkilərin verilməməsinə diqqət olunmalıdır. Bu sahələrin maliyyələşməsinə gəldikdə də orada islam bankçılığından, islam maliyyəsindən istifadə etmək lazımdır”. 

“Halal sertifikatla bağlı yanaşmalar bəzi hallarda daha çox formal xarakter daşıyır”

İqtisadçı ekspert Elşad Məmmədov deyir ki, halal yanaşmaların iqtisadi proseslərdə tətbiqi ilə bağlı olan məsələlərə bir çox hallarda biznes qurumları o qədər də önəm vermir:

“Halal sertifikatla bağlı yanaşmalar bəzi hallarda daha çox formal xarakter daşıyır. Halbuki, bunun fəlsəfəsi ilk növbədə insanlar arasında və bizneslər sahəsində münasibətlərdə halal yanaşmalara üstünlük verilməsindən ibarətdir. Amma onlar reklam xarakterli olmamalıdır. Onlar reallıqda halal prinsiplərə söykənən iqtisadi münasibətlərin ölkədəki iqtisadi proseslərdə payının artırılmasına, halallığın, dini, milli ənənələr söykənən yanaşmaların iqtisadiyyatda daha da inkişaf etməsinə xidmət göstərməlidirlər”.

Ekspert onu da qeyd etdi ki, bu baxımdan biznesin də sosial məsuliyyəti çərçivəsində məhz bu halallıq prinsiplərinin rolunun artırılmasına nail olunmalıdır: “Bu, təbii olaraq yalnız biznesin sosial məsuliyyəti məsələsi deyil. Bütövlükdə ictimaiyyətin bununla bağlı olan yanaşmaların prioritetinin zəruriliyinə söykənən məsələdir”.

Əvəz Həsənov

Seçilən
23
valyuta.az

1Mənbələr