AZ

Velosipedçilər telefonla danışan zaman cərmələnəcək? - AÇIQLAMA

Son zamanlarda paytaxtın müxtəlif küçələrində salınan velosiped zolaqları, eyni zamanda velosiped icarə şirkətlərinin yaranması ölkəmizdə bu nəqliyyat vasitəsinə olan marağı artırıb. Belə ki, istər şəhər gəzintisi, istərsə də müəyyən nöqtəyə çatmaq üçün velosiped, elektron skuterlərdən istifadə yayğın hal alıb.

 

Ən rahat və təhlükəsiz nəqliyyat vasitələri olmalarına baxmayaraq, istifadəçilərin diqqətsizliyi, mobil telefonlardan istifadəsi yüngül qəzalara səbəb ola bilir. Dünyanın bir neçə ölkəsində velosiped və skuter istifadəçiləri mobil telefondan istifadə edən zaman cərimələnir.

 

Nəqliyyat məsələləri üzrə ekspert Aslan Əsədov mövzu ilə bağlı Modern.az-a açıqlamasında bildirib ki, nəqliyyat vasitəsi idarə edən zaman danışıq cihazlarından, yəni mobil telefonlardan istifadə olunması yolverilməzdir.

 

"Ancaq velosiped isifadəçilərinin telefonla danışmasını qanun məhdudlaşdırmır. Azərbaycan Respublikasının “Yol hərəkəti haqqında” qanununa əsasən  nəqliyyat vasitələrinin idarə edilməsi zamanı, xüsusən velosipedçilər piyadalara bərabər tutulan şəxs qismində tanınır. Belə ki, qanuna əsasən velosiped, kiçik elektrik nəqliyyat vasitəsi, moped və ya motosiklet istifadəçiləri piyadalarla bərabər tutulan şəxslərdir. Eyni zamanda qanunvericiliyə əsasən velosiped zolaqlarında piyadalar da hərəkət edə bilər. Bu səbəbdən də qanunda dəyişiklik olmadığı müddətdə velosiped istifadəçilərinin mobil telefondan istifadəsi məhdudlaşdırılmır”.

 

Ekspert onu da qeyd edib ki, nəqliyyat vasitəsi kimi idarə edilən skuter və az enerji tələb edən elektron skuterlərin tənzimlənməsi “Yol hərəkəti haqqında” qanunda öz əksini tapmayıb:

 

“Nəzərə alsaq ki, bu qanun 1998-ci ildə qəbul edilib, hələ o zaman texnologiya bu qədər inkişaf etməmişdi və ondan sonra da adıçəkilən yeni nəqliyyat vasitələri “Yol hərəkəti haqqında” qanuna əlavələr edilərək tənzimləndi. İndiki terminlər, istifadə olunan elektron nəqliyyat vasitələri həmin dövürdə olmadığ üçün bu kimi mövzuların tənzimlənməsində müəyyən qarışıqlıq yarana bilir”. 

Seçilən
1
modern.az

1Mənbələr