AZ

Müəllimlərə nə hədiyyə edək – tövsiyə və xəbərdarlıqlar

Ekspertlər hesab edir ki, müəllimə hədiyyə verilə bilər, amma…

5 oktyabr Müəllimlər Günü yaxınlaşır. Hələ sovetlər vaxtından müəyyən bayramlarda, daha sonralar – müstəqillik dövründə Müəllimlər Günündə pedaqoqlara hədiyyələr təqdim edilməsi ənənəsi var. Müəllimlər cəmiyyətin, şagirdin yetişməsində valideyn qədər zəhmət çəkir və ölkəmizdə işinə vicdanla yanaşan pedaqoqların sayı kifayət qədərdir. Əlbəttə, pedaqoq adına xələl gətirənlər də vaxtaşırı üzə çıxır, hər sahədə olduğu kimi təhsildə də bu hallar baş verir.

Son illərdə müəllimlərə hədiyyə verilməsi məsələsi əndazəni aşıb, bir çox hallarda bu, rüşvət mexanizminə çevrilir.

Bu il də nazirlik rəsmi xəbərdarlıq edib ki, Müəllim Günü ilə bağlı pul yığılması hallarına yol verilməməlidir. Əlbəttə, bu belə olmalıdır.

Bəs müəllimləri normal qaydada necə təbrik etmək olar? Şagirdləri sevimli müəllimlərinə peşə bayramlarında simvolik olaraq hansı qaydada və nə hədiyyə edə bilər?

Sosial Tədqiqatlar Mərkəzinin əməkdaşı, təhsil məsələləri üzrə tədqiqatçı Elmin Nuri mövzu ilə bağlı  fikirlərini bölüşüb: “Hər il 5 oktyabr Müəllimlər Günü yaxınlaşdıqca müzakirə obyektinə çevrilən əsas mövzulardan biri də müəllimlərə hədiyyə alınıb-alınmaması məsələsidir. Subyektiv fikrim konkret olaraq budur, bu gün peşə bayramları münasibətilə müəllimlərə hədiyyələrin verilməsi nəinki lazım, hətta vacib faktor sayılmalıdır. Amma bir neçə şərt ciddi şəkildə nəzərə alınmaqla: əvvəla, bu hədiyyələr simvolik, rəmzi məna daşımalı, maddi dəyərinə görə yox, müəllimə olan hörmətin mənəvi göstəricisi kimi təqdim olunub və elə də qəbul edilməlidir. İkincisi, burada könüllülük prinsipi önə çəkilməli, kollektiv şəkildə, ”bizdən olmayan bizdən deyildir” yanaşması ilə hərəkət edilməsi halı olmamalıdır. Üçüncüsü, verilən hədiyyə qətiyyən şagirdə edilən qısnama və bullinqin yekun nəticəsi olmamalıdır. Dördüncüsü, bu prosesə valideynlərin müdaxiləsinə qəti yol verilməməlidir. Çünki 5 oktyabr faktorunu əndazəsindən çıxaran, onun mənəvi dəyərini maddi tələb müstəvisinə endirən də məhz valideynlərin yersiz müdaxiləsi, özlərini lazımsız şəkildə özünütəsdiq istəkləri oldu.

Beşincisi, həm də ən əsası isə, pul amilinin qətiyyən prosesdə iştirak etməməsidir. Yəni, pul yığımları, hədiyyə əvəzinə fərdi şəxs tərəfindən müəyyən kartlar və s. kimi ekvivalentlər qətiyyən yolverilməz sayılmalı, təkrar da olsa deməliyik ki, rəmzi, simvolik hədiyyələrdən qətiyyən kənara çıxılmamalıdır.

Bu şərtlərə, qaydalara əməl edildiyi təqdirdə müəllimə hər hansı hədiyyənin verilməsində heç bir qəbahət görmürəm. Müəllimlər də öz növbəsində bu qaydanı özlərinə əsas götürməli və onun pozulmaması üçün əllərindən gələni etməlidirlər: Müəllimlər Gününün mənəvi dəyərini maddi tələb səviyyəsinə endirmək olmaz”.

Ekspert qeyd edir ki, rəsmi dövlət qurumunun da 5 oktyabr Müəllimlər Günü ilə bağlı etdiyi xəbərdarlıq məhz bu incə xəttin keçilməməsinin vacibliyinə bir işarədir: “Əks halda, istər ictimaiyyət tərəfindən, istərsə də digər şəxslər tərəfindən müəllimə veriləcək mənəvi rəmzi hədiyyə (gül, simvolik qələm, müəllimin adı yazılmış və ona təşəkkürü ifadə edən suvenir və s. ) qətiyyən narazılıq predmeti kimi dəyərləndirilə bilməz.

Məsələnin ən sonuncu detalını da bildirək: bəzən hər hansı məktəbdə hansısa müəllim sadaladığımız mənəvi amilləri deyil, məhz yüksək maddi tələbləri irəli sürürsə, bahalı hədiyyə və ya pul yığımı ilə bağlı özü şagird və valideynlərə müəyyən göstərişləri verirsə, bu faktoru biz 5 oktyabr Müəllimlər Gününə aid edə bilmərik. Çünki onu edən şəxsin özünü avtomatik şəkildə “müəllim” adlandırmaqdan çəkinməliyik”.

Pedaqoq, əməkdar müəllim Sona Əliyeva öz sosial media hesabında çağırış edib. O deyib ki, 5 oktyabr – Beynəlxalq Müəllimlər Günündə valideynlər aldıqları hədiyyələrlə müəllimləri qınaq hədəfinə çevirməməlidirlər: “Müəllimlərə hədiyyə verilməsinin qınaq obyektinə çevrilməsi yaxşı hal deyil və bu, müəllim reputasiyasını son zamanlar ciddi zədələyən məqamlardan biridir. Lakin müəllimləri yox, bahalı hədiyyələri göndərən valideynləri qınamaq lazımdır. Onu da qeyd edim ki, müəllimlərə hədiyyə verilməsi mövzusu dünyanın bir çox ölkələrində müzakirə mövzusudur.

Bir çox ölkələrdə isə bununla bağlı qanuni və etik məhdudiyyətlər müəyyən edilib. Bu da müəllim-valideyn-uşaq münasibətlərinin qeyri-şəffaf olmasının qarşısını almaq, müəllim peşəkarlığını qorumaq və kütləvi şəkildə hədiyyə məsələsini balansda saxlamaq məqsədi güdür.

Əlbəttə, müəllimlərə kiçik, simvolik hədiyyələr verilməsində qeyri-adi heç nə yoxdur. Bu, səmimi minnətdarlıq və verilən dəyərin ifadəsidir. Azərbaycan cəmiyyətində bu məsələnin qarşısını almaq mümkün deyil. Bizim cəmiyyət hər zaman müəllimə, həkimə qarşı xoş münasibətdədir, davamlı öz minnətdarlığını da bu cür, hədiyyə şəklində ifadə etməyə çalışırlar.

Bahalı hədiyyə vermək istəyən valideyn isə əgər bunu həqiqi minnətdarlıq kimi, səmimi qəlbdən edirsə, hər halda bunun göstərişini etməməli, müəllimi qınaq hədəfinə çevirməməlidir. Müəllim şərəfini, adını qorumaq üçün bir az düşünərək hərəkət edilməlidir”.

Təhsil eksperti Kamran Əsədov deyir ki, əvvəllər bütün bayramlarda şagirdlər müəllimlərinə müxtəlif forma və rəngdə olan açıqcalar, ad günündə, buraxılış tədbirlərində ya gül dəstəsi, ya da öz əl işlərini hədiyyə edirdilər. Bu da müəllimlər üçün çox qiymətli bir hədiyyə sayılırdı: “İndi əlamətdar günlər münasibətilə bağlı orta məktəbdə pul yığılması bitmir, hətta məktəb direktorunun ad günü, sinif rəhbərinin ad günü, yas mərasimi, xəstəxana xərcləri üçün də bəzi məktəblərdə pul yığılır. Elm və Təhsil Nazirliyi isə bu kimi hallara qarşı ancaq tövsiyə xarakterli, ümumi mövqe bildirir. Qeyd edim ki, orta məktəblərdə hər hansı bir məqsəd üçün pul yığılması qanunvericiliyə ziddir və bu, yolverilməzdir.

Acınacaqlı hal ondan ibarətdir ki, hər il bayramlar münasibəti ilə şagirdlərdən yığılan pulların məbləği artır və bu da bir çox ailələrin büdcəsinə ciddi şəkildə zərbə vurur. Bir yerdə oxuyan şagirdlərin hamısının maddi imkanı eyni deyil. Xoşagəlməz hal ondan ibarətdir ki, maddi imkanı az olduğuna görə bayramlarda pul verməyən şagirdlərə qarşı sinif rəhbəri, məktəb direktoru, direktor müavini çox pis davranır, ona qarşı sərt mövqe nümayiş etdirilir.

Məktəblərdə valideyn komitələri adlı “qurumlar” uşaqların təhsil almasına diqqət etməkdənsə, sinifdəki şagirdlərdən hər hansı bayram şənliyinin təşkili, xüsusi günlərdə müəllimlərə hədiyyələr alınması və digər məqsədlər üçün pul yığımını təşkil edirlər. Məktəblərdə qeyri-rəsmi fəaliyyət göstərən müəllim-valideyn assosiasiyaları var ki, həmin “quruma” rəhbərlik bir və ya iki valideynə tapşırılır. Bu “rəhbər”lər müasir texnologiyadan istifadə etməklə Whotsapp qrupları yaradır və həmin qruplarda pul yığımını həyata keçirirlər. Belə olan zaman müəllim özü birbaşa həmin prosesdə iştirak etmir. Nazirlik tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Amma yaxşı olardı ki, nazirlik tərəfindən anonim sorğular da qeydə alınsın. Əgər hansısa məktəbdə belə bir fakt varsa, o zaman müəllimənin adını verməklə prosesi aydınlaşdırmaq olar”.

Qeyd edək ki, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – Müəllimlər Günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıqla çıxış edib.

Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssisələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib.

“Bildiririk ki, valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir”, – məlumatda deyilir.“Yeni Müsavat”

Seçilən
3
1
moderator.az

2Mənbələr