AZ

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, Vətən Müharibəsində güc balansınln Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi


27 il davam edən Cəbrayıl işğalına son qoyumasından artıq dörd il ötür. 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Cəbarayıl rayonu 2020-ci il oktyabr ayının 4-də Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğaldan azad olundu. Prezident İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama əsasən 4 oktyabr Cəbrayıl şəhəri günü kimi müəyyən olub.
Müstəqil ekspertlərin hesablamalarına görə işğal nəticəsində 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət olan Cəbrayıl rayonuna 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Belə ki, işğal dövründə 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb. Birinci Qarabağ müharibəsində Cəbrayıl rayonundan 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbəvə məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.

Cəbrayıl rayonunun işğaldan azad edilməsi, Vətən Müharibəsində güc balansı ilə bərabər psixoloji üstünlüyün də tam olaraq Azərbaycan tərəfinə keçməsi ilə nəticələndi. Cəbrayılın azad olunması üçün Ordumuzun hazırlığı hələ 2016-cı ilin Aprel Müharibəsi ilə başlanmışdı. Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Lələtəpə yüksəkliyinin düşməndən azad edilməsi, Füzuli-Cəbrayıl maqistralına nəzarət etmək imkanı yaratdı ki, bu da ordumuzun gələcəkdə bu istiqamətdə rahat irəliləməsində həlledici rol oynadı. Nəticədə elə Vətən Müharibəsinin ilk günündə, yəni 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad edildi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 90 kənd işğaldan azad edildi. Cəbrayılın işğaldan azad olunması həm də Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yaratdı.

Onu da qeyd edim ki, Cəbrayı şəhərinin düşməndən azad edilməsi Ermənistan ordusunun müqavimət potensialını zəiflətməklə bərabər onun əks hücum planlarını da iflasa uğratdı. Cəbrayılın Soltanlı və Əmirvarlı yaşayış məntəqələrində düşmənin güclü müdafiə xətlərinin sıradan çıxarılması, Ordumuzun daha geniş coğrafiyada manevr etməsi üçün vacib olan maqistral yolun açılmasına və sonrakı günlərdə hücum tempini artırmasına əlverişli şərait yaratdı.

Cəbrayılın işğaldan azad olunması ilə həm də Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin körpüsü də işğaldan azad olundu. Xudafərin bizim üçün adi bir körpü deyil, həm də bir milli qürur məsələsi idi. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva 2020-ci il noyabrın 16-da , yəni müharibənin başa çatmasından bir neçə gün sonra işğaldan azad olunan Cəbrayıl rayonuna səfər edərkən ilk olaraq Xudafərin körpüsündə oldular və cənab prezident tərəfindən bu körpüdə Azərbaycan bayrağı ucaldıldı.

Təbii ki, Cəbarayıl rayonunun işğaldan azad olunması Azərbaycan Ordusunun qəhrəmanlığının və şücaətinin göstəricisidir. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22775 hərbi qulluqçusunun “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilməsi də bu igidliyin bariz nümunəsidir.

Məhz onların igidliyinin və qəhrəmanlığının göstəricisidir ki, biz artıq rayonlarımızın işğal edildiyi günləri deyil, işğaldan azad olunduğu günləri qeyd edirik.
Bu gün işğaldan azad olunmuş digər rayonlarımız kimi Cəbrayıl rayonunda da sürətli bərpa quruculuq işləri həyata keçirilir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır. Bu gün sənaye parkının rezidentlərinin sayı artıq 12-yə çatıb. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilib.
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət ilk köç karvanı cari ilin 26 sentyabr tarixində Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. İlkin olaraq Cəbrayıl şəhərinə 36 ailə - 117 nəfər köçürülüb. Başqa sözlə desək bu gün bizlər artıq Cəbrayılda normal yaşayışın təmin olunmasının və uzun illər həsrətlə öz yurd-yuvalarına qayıtmaq istəyən insanlarımızın dədə-baba ocaqlarının qayıdışına şahidlik edirik.

Yusif Bağırzadə, politoloq
Seçilən
17
3
newscenter.az

4Mənbələr