AZ

Livan başlanğıcdır, İsrail bu ölkəyə girəcək – Türk ordusu isə…

Livan

“İsrailin HƏMAS-dan sonra “Hizbullah”la müharibəyə başlamasının kökündə sadəcə bu təşkilatları yox etmək siyasəti, yaxud bufer zona yaratmaq məqsədi dayanmır. Strateji hədəf bu deyil”.

Bunu Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının idarə heyətinin üzvü, siyasi şərhçi Əli Zülfüqaroğlu deyib. Onun sözlərinə görə, İsrailin hədəfi uzun illər transmilli media tərəfindən məqsədli şəkildə konspirasiya nəzəriyyəsi kimi təqdim olunan və etibarsızlaşdırılan “Böyük İsrail”in qurulması planının reallaşdırılmasıdır: “Beləliklə HƏMAS-ın 7 oktyabr hücumunun “Yaxın Şərqin 11 sentyabrı” adlandırılması prosesi tam olaraq ifadə edir. Əlbəttə, İsraillə hazırki ABŞ hökuməti arasında Yaxın Şərqlə bağlı fikir ayrılıqlarının olduğu bəllidir. Hər iki dövlət region ölkələrinin sərhədlərinin dəyişdirilməsi planları üzərindən siyasət yürüdür. Bu ölkələr sırasında qardaş Türkiyə də var”.

Ə.Zülfüqaroğlu əlavə edib ki, İsrail və ABŞ planlarını həyata keçirmək üçün bölgəyə “minalar” yerləşdiriblər: “Suriya, İraq və Liviyada baş verən dəhşətli proseslərin kökündə də məhz bu planların reallaşdırılması dayanır. Eyni zamanda Suriyada Vaşinqtonun nəzarətində olan “müxalif” qüvvələr, həmçinin YPG, PYD və PKK terror təşkilatları da bu ssenarinin gerçəkləşməsi uğrunda alət kimi istifadə olunur”.

O, Türkiyənin indiyə qədər Suriyada həyata keçirdiyi hərbi əməliyyatların kökündə də məhz bu amilin dayandığını bildirib: “Bir sıra ekspertlər hesab edirlər ki, İsrail HƏMAS və “Hizbullah”a qarşı uğur qazanarsa, Livan ərazisində “bufer zona” yaratmaqla kifayətlənəcək. Lakin bu, tamamilə səhv yanaşmadır. Qəzza və Livanda aparılan hərbi əməliyyatlar sadəcə başlanğıcdır. Daha sonra İsrailin strateji hədəfə doğru ilk addımını atacağı bölgə Suriya ərazisi olacaq. Bu ölkənin ərazilərinin işğal edilməsi isə, əlbəttə, Türkiyə üçün təhdidləri daha təhlükəli səviyyəyə yüksəldəcək. Buna görə də, Ankaranın uzun müddət baş verənləri sakit şəkildə izləyəcəyini düşünmürəm. Təhlükənin qarşısının alınması üçün Türkiyə ilkin olaraq Suriyada Menbic şəhəri daxil olmaqla genişmiqyaslı hərbi əməliyyatlara start verə, YPG, PYD terror təşkilatlarına sarsıdıcı zərbələr endirməklə ABŞ-İsrail ittifaqının planlarını poza bilər.

Türkiyənin son zamanlar Suriya ilə ciddi şəkildə danışıqlar aparmasının kökündə də məhz bu amil dayanır. Ankara çalışır ki, Dəməşqlə münasibətlərini tez bir zamanda normallaşdırsın. Beləliklə Suriyada Rusiya ilə birgə fəaliyyət göstərərək öz ərazi bütövlüyünə təhdidlərin qarşısını alsın. Amma təəssüf ki, Suriya hökuməti hələ də Türkiyəyə qarşı müxtəlif şərtlər irəli sürür”.

Ekspert diqqətə çatdırıb ki, İranın İsrailin təhriklərinə son günlərə qədər cavab verməməyə çalışma istəyi də təhlükədən mümkün qədər qaçmağa, ABŞ ilə birbaşa toqquşmadan yayınmağa hesablanıb. Onun fikrincə, İran prezidentinin “İranı istəmədiyi savaşa sürükləyirlər” deməsi və Tehranın İsrailə yalnız xəbərdarlıq zərbələri endirməklə kifayətlənməsi zəif olmadıqlarının mesajıı verir: “Əlbəttə, Tehran uzun müddət bu cür davam edə bilməz. O baxımdan İranın proseslərə Türkiyə ilə ittifaq halında yanaşmaqdan başqa çıxış yolu yoxdur. Təəssüf ki, uzun müddətdir Tehran hökuməti Yaxın Şərqdə bir sıra hallarda Qərblə işbirliyinə gedərək Türkiyənin maraqlarına zərbə vurmaqla məşğul oldu. Bəşər Əsəd rejimi məhz İranın göstərişi ilə Türkiyənin Suriya ərazisini tərk etməsi ilə bağlı çağırışlar səsləndirdi. İran məhz bu yanlış siyasətin zərbəsini indi üzərində hiss edir. Bölgə fəlakətin astanasına qədəm qoyub və baş verənlər bütün dövlətləri təhdid edir. Amma, əlbəttə, Türkiyə İran, yaxud hər hansı Yaxın Şərq ölkəsi deyil. Silah sənayesi inkişaf edib, dünyanın ən güclü ordularından birinə sahibdir və türk kimliyi istənilən savaşın gedişinə təsir edə bilər.

Hər şeyə rəğmən bütün proseslərin mərkəzində insan amili dayanır. O baxımdan Ankara üzərində oynanılan oyunlar prosesləri tamamilə tərsinə çevirə bilər. Hazırda baş verənlər yaxın perspektivdə İsrail üçün uğurlu görünür. Amma uzaq perspektivdə Təl-Əvivin indiki addımları, daha sonra yəhudi dövlətçiliyini təhdid edən proseslərin əsasını qoyacaq”.

Əli Zülfüqaroğlu

Seçilən
19
xalqcebhesi.az

1Mənbələr