AZ

Təlimat məktəblərdə bu problemin kökünü kəsməyə yetəcək?..

Image

Oktyabrın ilk həftəsi “Müəllimlər Günü” kimi qeyd olunur. Hər bayram yaxınlaşdığında sinif rəhbərinin təyin etdiyi qiymət üzrə müəllimlər üçün yığılan pullar, valideyn komitəsinin sinif rəhbəri üçün (guya xəbəri yoxdu) yığdığı pullar və s. kimi xoşagəlməz proses ictimaiyyətdə ikrah oyadır. 

Qeyd edək ki, hər il orta məktəblərdə Elm və Təhsil Nazirliyi ciddi mübarizə aparsa da, Müəllimlər Günü öncəsi pul yığılır. 

Məlumat üçün bildirək ki, Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi 5 oktyabr – müəllimlər günü ilə əlaqədar pul yığılması, hədiyyələr edilməsinin yolverilməzliyi ilə bağlı xəbərdarlıq edib. Bu barədə Agentlik məlumat yayıb. Bildirilib ki, Beynəlxalq Müəllimlər Günü münasibətilə valideyn və şagirdlərin müəllimləri təbrik etməsi prosesinin idarə edilməsi ilə bağlı Agentliyin yerli təhsil idarəetmə bölmələrinə və tabeli müəssiələrinə təlimat göndərilib, müvafiq tapşırıqlar verilib: “Valideynlər tərəfindən hər hansı maddi və qeyri-maddi nemətlərin, qiymətli əşyaların hədiyyə edilməsi, bu məqsədlə pul yığılması və sair kimi halların baş verməsi yolverilməzdir". 

Qeyd etdiyimiz kimi, aidiyyəti qurum tərəfindən məktəblərdə pul yığılması ilə bağlı xəbərdarlıq edilib və bunun yolverilməz olduğunu bildirirlər. Maraqlıdır, belə üsulla məktəblərdə pul yığılmasının qarşısını almaq olacaqmı? 

Ilham Əhmədov: “Müəllimlər günü qabağı Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi bu cür fikir səsləndirməlidir, həmin qurum deyə bilməz ki…”

Təhsil eksperti İlham Əhmədov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Müəllimlər günü qabağı Məktəbəqədər və Ümumi Təhsil Dövlət Agentliyi bu cür fikir səsləndirməlidir: “Həmin qurum deyə bilməz ki, hədiyyə yığın, buna icazə veririk və ya kim necə istəyir, o formada da hərəkət edə bilər. Belə deyilməlidir. Bayramdan sonra o deyilənlərin təsirinin olub-olmadığı bəlli olacaq”.  

Rizvan Fikrətoğlu: “Müəllimə çiçəyin alınması, bir ətirin verilməsi pis bir şey deyil, sadəcə, bizim cəmiyyət onu elə pis formada təqdim edir”

Təhsil üzrə ekspert Rizvan Fikrətoğlu hesab edir ki, bu proseslərin çox hissəsini yaradan valideynlərin özləridir: “Votsap qrupları var və bir valideyn digər valideynlərdən pul toplayır. Hadisə əsasən belə baş verir. Sonra da deyirlər ki, müəllimə hədiyyə verək. Əslində şagirdin, yaxud valideynin müəllimə hədiyyə verməsinə pis baxmıram. Korrupsiya ilə mübarizə haqqında”Qanunda da əslində bu məsələ öz əksini tapıb. Belə ki, il ərzində dəyəri 55 manata qədər olan bir və yaxud bir neçə hədiyyəni vermək olar. Bu, sırf dərs keçdiyinə görə yox, qiymətin müqabilində veriləndə problemli hesab edilir. Bu müqabildə verilməyən hədiyyələr keçərli hədiyyələrdir. Ancaq bizdə bu, iyrənc bir formaya keçib. Hətta nazirlik səviyyəsində dilə gətirirlər ki, hədiyyə verilməsin. Çünki bu hədiyyə müəllimi gözdən salır. Halbuki, müəllimə çiçəyin alınması, bir ətirin verilməsi pis bir şey deyil. Sadəcə, bizim cəmiyyət onu elə pis formada təqdim edir, elə görüntü, video ortaya çıxır ki, sosial şəbəkənin kütləsi üçün bir materiala çevrilir, pis yorumlar yazılır”.

Vüsal Kərimli: “Müəllimlər Günü üçün pul yığmaq etik deyil”

Təhsil eksperti Vüsal Kərimlinin sözlərinə görə, Müəllimlər Günü üçün pul yığmaq etik deyil: “Dünyada belə yanaşmalar yoxdur. Biz müəllimlərdən başqa heç bir peşə bayramında pul yığılmasına şahid olmuruq. Bu cür hal müəllimin nüfuzunu zədələyir, cəmiyyət qarşısında onların yaranmış imajına ciddi şəkildə zərər gətirir”. 

Günel CƏLİLOVA





Seçilən
17
baki-xeber.com

1Mənbələr