AZ

“Cinayətkarlara Ermənistanda xüsusi bir ehtiram var” — Azərbaycan geri çəkilməyəcək

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunda çıxış edib. 

Prezident deyib ki, Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ölkə başçısı bildirib ki, Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir. Ermənistanın işğal vaxtı törətdiyi vandalizm aktlarına da dövlət başçısı öz çıxışında diqqət çəkib.

Politoloq Oqtay Qasımov Demokrat.az-a açıqlamasında qeyd edib ki, I və II Qarabağ savaşlarında Ermənistan tərəfindən insanlıq əleyhinə törədilən cinayətlər diqqət mərkəzində saxlanılmalı və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmalıdır:

“Xüsusilə də I Qarabağ savaşı dövründə 4 minə yaxın Azərbaycan vətəndaşının itkin düşməsi məsələsinə böyük diqqət yetirilir. Ermənistan tərəfi bu günə qədər Azərbaycan dövlətinə bu məsələlərlə bağlı məlumat verməkdən imtina edib. Bunun özü də bir cinayətdir. Ermənistan nəzərə almalıdır ki, Azərbaycan bu məsələnin üzərindən sükutla keçməyəcək. 

Ermənistanla münasibətlər normallaşsa belə, araşdırmalar davam edəcək. Çünki Azərbaycan bir dövlət olaraq özünün itkin düşmüş vətəndaşlarının taleyini müəyyən etməyi qarşısına vəzifə qoyub. Bu cinayəti törədən şəxslərin cəzası verilməlidir. Təəssüf ki, Ermənistan bu günə qədər nəinki cinayətkarları cəzalandırmayıb, hətta onların xatirəsi ölkədə ədəbiləşdirilib, onlara xüsusi bir ehtiram göstərilir”.


Törə Zeynallı
Demokrat.az
Seçilən
16
demokrat.az

1Mənbələr