AZ

Bakı Beynəlxalq Kitab Sərgisində “Heydər Əliyev və Məhəmməd Füzuli” kitabının təqdimatı olub

Bakı, 2 oktyabr, AZƏRTAC

X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Ümummilli Lider Heydər Əliyevin Məhəmməd Füzulinin bədii irsinin təbliği, adının əbədiləşdirilməsi ilə bağlı fərman və sərəncamlarını, o cümlədən Füzulinin yubileylərindəki çıxışlarını özündə ehtiva edən "Heydər Əliyev və Məhəmməd Füzuli" adlı kitabın təqdimatı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova bu il 530 yaşı tamam olan Məhəmməd Füzulinin yubileyinin Azərbaycanda və bütün Türk dünyasında, o cümlədən müxtəlif ölkələrdə təntənəli şəkildə qeyd olunduğunu bildirib.

“Kitaba Heydər Əliyevin Məhəmməd Füzuli irsinin təbliği ilə bağlı gördüyü tarixi işlər haqqında elm xadimlərinin məqalələri daxil edilib. Həmçinin kitabdakı məqalələri görkəmli rəssamların rəsm əsərləri müşayiət edir. Türk Mədəniyyəti və İrsi Fondu bu il Türk dünyasının ədəbi irsinin təbliği yönündəki missiyasını yerinə yetirərək "Türk ədəbiyyatının inciləri", "Türk dünyasının elmi inciləri" kimi müxtəlif kitab seriyaları tərtib edib", - deyə A.Raimkulova vurğulayıb.

Xalq yazıçısı Anar Heydər Əliyevin Füzuli irsinin dünyada təbliği istiqamətində gördüyü işlərdən danışıb. O, həmçinin Ulu Öndərlə bağlı xatirələrini də bölüşüb. Xalq yazıçısı çıxışında Heydər Əliyevin ədəbiyyat və sənətə bağlı görkəmli dövlət xadimi olduğunu vurğulayıb.

Sonra AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş direktoru akademik Teymur Kərimli, akademik Nizami Cəfərov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Qazaxıstan Prezidentinin müşaviri Malik Otarbayev və digər çıxış edənlər kitab barədə təəssüratlarını bölüşüblər. Onlar Məhəmməd Füzulinin yaratdığı ölməz irsin hər zaman öz aktuallığını qoruduğunu və insanlar tərəfindən sevilərək oxunduğunu vurğulayıblar. Diqqətə çatdırılıb ki, Ulu Öndər Heydər Əliyevin Məhəmməd Füzulinin irsinin təbliği yönündə misilsiz xidmətləri olub. Ümummilli Lider 1994-cü ildə Məhəmməd Füzulinin 500 illik yubileyinin qeyd olunması və adının əbədiləşdirilməsi istiqamətində sərəncamlar imzalamış, Dövlət Komissiyası yaratmışdır və yubiley tədbiri təntənəli şəkildə keçirilmişdir.

Tədbir bədii hissə ilə davam edib.

 

Seçilən
13
1
azertag.az

2Mənbələr