AZ

İsrail ordusu Livanın cənubunda döyüşür

...Çərşənbə günü İsrail Müdafiə Qüvvələri Livanın cənubunda "ağır döyüşlər" olduğunu bildirib və bölgə sakinlərini Litani çayının cənubundakı ərazilərə getməməyə çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, “Deutsche Welle” yazır ki, bundan bir qədər əvvəl “Hizbullah” hərəkatı İsrailin Livanda hərbi əməliyyatı başlayandan bəri ölkənin cənubundakı Odaise kəndi yaxınlığında İsrail hərbçiləri ilə ilk hərbi toqquşma barədə məlumat verib.

“Hizbullah” iddia edir ki, hərəkatın döyüşçüləri israillilərə itki verib və onları geri çəkilməyə məcbur edib. Bundan əlavə, onlar İsrailin şimalındakı Misqav Am bölgəsində İsrail qoşunlarının böyük konsentrasiyasına raket və artilleriya zərbəsi endirdiklərini və daha üç yerdə İsrail Müdafiə Qüvvələrinin mövqelərinə raket zərbələri endirdiklərini elan ediblər.

İsrail komandanlığının məlumatına görə, çərşənbə günü səhər Livandan İsrailə 50 raket atılıb. Sakinlərinin əksəriyyətinin təxliyyə edildiyi Metula kəndində 10 evə ziyan dəyib.

...Bu arada israillilər “Hizbullah”a qarşı quru əməliyyatları üçün Livanın cənubuna ikinci bir divizion yerləşdiriblər. 36-cı diviziya çərşənbə axşamı gecə Livana daxil olan 98-ci diviziyanın ardınca sərhədi keçdi. İsrail hərbçiləri Livanın cənubundakı iyirmi kənddən mülki əhalinin təxliyyə edilməsini tələb edib.

İsrail ordusunun bəyanatında “Hizbullah”ın hərbi məqsədlər üçün istifadə etdiyi istənilən binanın hədəf olduğu vurğulanıb. Bir gün əvvəl Livanın daha 28 kəndinin sakinləri belə bir sərəncam alıblar.

Əli Babayev

Seçilən
22
sia.az

1Mənbələr