AZ

Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti ilə “AgroDairy” şirkəti arasında memorandum imzalanıb

Gəncə, 2 oktyabr, Elcan Məmmədov, AZƏRTAC

Azərbaycanda səfərdə olan Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universiteti (MATE) ilə “AgroDairy” şirkəti arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, sənədi MATE-nin rektoru Çaba Gurica ilə “AgroDairy” şirkətinin bitkiçilik istiqaməti üzrə icraçı direktoru Ramil Məmmədov imzalayıblar.

Samux şəhəri Heydər Əliyev Mərkəzində keçirilən brifinqdə Macarıstanın ölkəmizdəki səfiri Tamaş Yojef Torma və Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetinin rektoru Çaba Gurica “AgroDairy” şirkəti ilə birgə əməkdaşlığın hər iki ölkənin kənd təsərrüfatının inkişafına mühüm töhfələr verəcəyini diqqətə çatdırıblar. Həmçinin brifinqdə MATE-nin tədris bazası, elmi-tədqiqat sahəsində həyata keçirdiyi işlər və təcrübə imkanları barədə də məlumat verilib.

Daha sonra qonaqlar “AgroDairy” şirkətinin Samux rayonu ərazisində yerləşən əkin sahələrinə baş çəkiblər.

Qonaqlar Gəncədə Azərbaycan Texnologiya Universiteti və Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub, birgə əməkdaşlıq perspektivləri, ikili diplom proqramlarının hazırlanması və müəllim-tələbə mübadiləsi məsələlərini də müzakirə ediblər.

Seçilən
8
1
azertag.az

2Mənbələr