AZ

Qarabağ məsələsindən sonra yeni milli ideya tapıldı- Qərbi Azərbaycan...

Image

Əli Orucov: "Biz o torpaqlara tankın üzərində deyil, minik maşınlarında və nəqliyyat vasitələrində qayıdacağıq" fikri unudulmamalıdır"

Məlum oldugu kimi, son iki əsr ərzində Qərbi Azərbaycandan (indiki Ermənistan ərazisindən) milyonlarla azərbaycanlı müxtəlif vaxtlarda qətlə yetirilib və dədə-baba yurdundan didərgin salınıb. Lakin artıq beynəlxalq qurumlar vaxtı ilə azərbaycanlıların yaşadığı həmin əraziləri 1920-ci ilin noyabrında yaradılan Ermənistan SSR-in,  sonradan isə müstəqil Ermənistan Respublikasının ərazisi kimi tanıyıb.

Yalnız SSRİ-nin tərkibində olan dövrdə Qərbi Azərbaycandan üç dəfə azərbaycanlıların köçü təşkil edilib. Ermənistanın müstəqillyi ərəfəsində isə oradan 700 mindən çox azərbaycanlı qovulub, ev-eşiyi, əmlaki ermənilər tərəfindən yağmalanıb. Hazirda Qərbi Azərbaycandan qovulan əhalinin sağ qalan kəsimi öz ata-baba yurdlarına - geri qayıtmaq istəyir. Artiq cəmiyyət bu tələbi aktuallaşdırmaqdadır. Belə bir şəraitdə  Qərbi Azərbaycan mövzusu Qarabağ məsələsi kimi milli ideyaya çevrilə bilərmi?

Sualımızı cavablandıran politoloq Əli Orucov bildirdi ki, Qərbi Azərbaycan məsələsi bu gün xalqın və dövlətin qarşısında duran bir saylı məsələ olmalıdır: “Düşünürəm ki, bu istiqamətdə də ciddi fəaliyyət göstərilir. Doğrudur, bir neçə il öncəyədək Qərbi Azərbaycana qayıdış arzusu tam deyildi, bir qədər inamsızlıq və bəzən bu xülya kimi görünürdü. Böyük ictimai məna və yetərincə ictimai-siyasi dəstək ala bilmirdi. Tərəfimizdən və Qərbi Azərbaycan mövzusu ilə məşğul olan təşkilatların, xüsusən də İrəvan Azadlıq Təşkilatının və Azərbaycan Qaçqınlar Cəmiyyətini ciddi cəhdlərinə və dəfələrlə etdiyi  təkliflərinə baxmayaraq, bu problem keçmiş Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlarda  qoyulmadı.  Açığını demək lazımdır ki, mərhum prezident H.Əliyev Ermənistandan qaçqın düşən soydaşlarımızla hər görüşündə onları ruhlandırıb, ümidləndirib,   əzəli torpaqlara böyük qayıdışa inamını ifadə edib. O həmişə buna inanıb və bədbinliyə qapılanları də bədbinlikdən çıxara bilib. İnamsızlığı da yaradan müxtəlif səbəblər vardı. Torpaqlarımızın 20 faizi işğal altındaydı, Azərbaycana məğlub tərəf kimi beynəlxalq institutlar təslimçilik diqtə etməyə çalışırdı, basqılar vardı, ölkə yeni-yeni inkişaf edirdi, tam stabillik əldə olunmamışdı, beynəlxalq münasibətlər sistemi əlverişli deyildi və s. Ancaq xalqımızın və millətimizin böyüklüyü, dövlətimizin gücü onda oldu ki, Qərbi Azərbaycan məsələsini tam unutdurmaq mümkün olmadı. Göründüyü kimi, artıq Qərbi azərbaycanlılarının öz doğma yurd-yuvalarına ləyaqətli qayıtmaları və hüquqlarının qorunması üçün dövlətin özü böyük diqqət göstərir, hər cür dəstəyini verir. Bütün bunlar təqdirəlayiqdir. Lakin məni məmnun etməyən bir hal var. Qərbi Azərbaycan məsələsi təkcə dövlətin və hakimiyyətin inhisarında olmamalıdır. Bura bütün milləti və xalqı, siyasi və ideoloji baxışlarının müxtəlifliyinə fərq qoymadan hər kəsi, hər bir təşkilatı və qurumu cəlb etmək lazımdır. Bu səhvə 30 ilə yaxın keçmiş Dağlıq Qarabağ münaqişəsində yol verildi. Hakimiyyət həmin illlər ərzində tək bircə dəfə Milli Məclisdə yarımçıq, tələm-tələsik dinləmələr təşkil etdi. Bundan savayı problemin həlli inhisarlaşdırıldı, atılan addımlar hakimiyyətin maraqlarına uyğun hesablandı. Azərbaycan o zaman qalib gəldi, uğur  qazana bildi ki, keçmiş Dağlıq Qarabağ problemi milliləşdirildi, milli birlik ideologiyasına çevrildi və ən əsası, Xalq-Ali Baş Komandan-Ordu vəhdəti yarandı. Mən hesab edirəm ki, Qərbi Azərbaycana böyük qayıdış konsepsiyasının uğurlu və yüksək səviyyədə həyata keçirilməsi üçün həmin təcrübədən istifadə edilməlidir. Aşıq Ələsgərin Bakı şəhərində ucaldılan abidəsinin açılışı zamanı prezident İ.Əliyevin iştirakı və etdiyi çıxışında verdiyi mesajlar diqqətə alınmalıdır. Qərbi Azərbaycan məsələsi regional və sadə məsələ deyil. Bunun milli məsələ olduğunu, gerçəkləşəcəyi təqdirdə ciddi  regional düzən yaradacağını hamı dərk etməlidir. Ona görə də Qərbi Azərbaycan probleminin beynəlxalq aləmin gündəliyinə salınması üçün hamıya imkan və meydan verilməlidir. "Biz o torpaqlara tankın üzərində deyil, minik maşınlarında və nəqliyyat vasitələrində qayıdacağıq" fikri unudulmamalıdır.

Dəniz NƏSİRLİ





Seçilən
13
baki-xeber.com

1Mənbələr