AZ

Naxçıvan Dövlət Energetika Xidmətində COP29-la bağlı infosessiya keçirilib

Naxçıvan, 2 oktyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətində BMT-nin İqlim Dəyişikliyi Çərçivə Konvensiyasının illik konfransının 29-cu (COP29) sessiyası ilə bağlı infosessiya keçirilib. İnfosessiyada Xidmətin mütəxəssisləri iştirak ediblər.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, infosessiyada çıxış edən Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəis müavini, rəis vəzifələrini müvəqqəti icra edən Məhərrəm Abbasov iqlim böhranının qlobal miqyasda təsirlərindən danışaraq, COP29-un bu istiqamətdə atılacaq yeni addımlar üçün həlledici rol oynayacağını vurğulayıb. O qeyd edib ki, COP29 çərçivəsində nəzərdə tutulan beynəlxalq razılaşmalar ölkələrin karbon emissiyalarını azaltmaq və təmiz enerji həllərinə daha çox yatırım etməsi üçün mühüm platforma olacaq.

Bildirilib ki, COP29-un Azərbaycanda keçirilməsi həm də ölkəmizin yaşıl enerji siyasətinə qlobal miqyasda verilən dəyərdir.

Məhərrəm Abbasov qeyd edib ki, gələcəkdə Naxçıvan Muxtar Respublikası ərazisində 7992 hektar əkinə yararsız torpaq sahəsində yaşıl enerji layihələrinin reallaşdırılması mümkün olacaq. Energetika Xidməti tərəfindən yaşıl enerji layihələrinin icrası ilə bağlı mütəmadi işlər aparılır.

İnfosessiyada Energetika Xidməti rəisinin müavini Tural Murtuzəliyev COP29 çərçivəsində Naxçıvanda görülən işlərdən və Naxçıvanda keçiriləcək "Greenfest"ə hazırlıq prosesindən danışıb.

Xidmətin mütəxəssisləri tərəfindən yaşıl texnologiyaların inkişafı, Naxçıvanda yaşıl enerjiyə keçidlə bağlı yerli təşəbbüslər, Naxçıvanın yaşıl enerji potensialı və atmosferə buraxılan karbon qazının azaldılması müzakirə olunub.

Sonda COP29-un əsas prioritetləri, o cümlədən iqlim dəyişikliyi ilə mübarizə tədbirləri haqqında maarifləndirici videoçarx nümayiş etdirilib.

 

 

Seçilən
20
3
azertag.az

4Mənbələr