AZ

 AZMİU-nun Elmi şurasının ilk iclasında qəbul nəticələri müzakirə olunub

Bakı, 2 oktyabr, AZƏRTAC

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Elmi şurasının 2024/2025-ci tədris ili üzrə ilk iclası keçirilib.

AzMİU-dan AZƏRTAC-a bildirilib ki, iclasda 2024/2025-ci tədris ili üzrə Elmi şuranın iş planının müzakirəsi, tələbə qəbulunun nəticələri və universitetin hədəfləri ilə bağlı hesabatlar dinlənilib. Qeyd edilib ki, son beş ildə AzMİU-da qəbul planı 1950 nəfərdən 2470 nəfərə çatdırılıb. Bu il keçirilən qəbul imtahanlarından sonra AzMİU-ya 2362 nəfər tələbə qəbul olub ki, bu da ümumi planın 95,6 faizini təşkil edir. 59 nəfər qeydiyyatdan keçmədiyindən yekunda plan yeri 93,2 faiz yerinə yetirilib. Bu tələbələrdən 1217 nəfəri dövlət sifarişi, 1086 nəfəri isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb. Hesabatda ötən illərlə müqayisədə builki qəbulun nəticələrinin yüksək olduğu bildirilib. Qəbul olan abituriyentlər arasında 500-600 bal toplayanların digər illərə nisbətən üstünlük təşkil etdiyi qeyd olunub və ayrı-ayrı fakültələr, ixtisaslar üzrə infoqrafik məlumatlar Elmi şura üzvlərinin diqqətinə çatdırılıb.

Bildirilib ki, yeni tədris ilində magistratura səviyyəsi üzrə plan yerləri ümumilikdə 88,5 faiz, MBA proqramı üzrə isə 95 faiz dolub. Universitetin magistratura səviyyəsini seçənlər arasında digər ali təhsil müəssisələrinin məzunları üstünlük təşkil edib.

Hesabatlar aparılan müzakirələrdən sonra Elmi şura üzvlərinin müvafiq təklif və tövsiyələri nəzərə alınmaqla qəbul olunub.

 

Seçilən
14
azertag.az

1Mənbələr