AZ

Müharibənin ilk günü şəhid olan Vətən Müharibəsi Qəhrəmanı

İşğal altında olan torpaqlarımızın azad olunması uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olan qəhrəmanlarımızdan biri də kapitan Ceyhun Aydın oğlu Həsənovdur.
Ceyhun Həsənov 29 oktyabr 1985-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olub. 1992-2001-ci illərdə Bakı şəhəri Xətai rayonu Ə.Abbasov adına 257 nömrəli tam orta məкtəbdə təhsil alıb. Ceyhun Həsənov 2001-2003-cü illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə oxuyub. Hərbi liseyi bitirəndən sonra 2004-cü ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məкtəbə qəbul olunub. Ceyhun Həsənov 2008-ci ildə Ali Hərbi Məktəbi bitirərək “Motoatıcı” ixtisasına yiyələnib.  
Ceyhun Həsənov 2009-2019-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Naxçıvan şəhərində yerləşən hərbi hissəsində xidmət edib. Daha sonra isə Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissədə xidmətə davam edib. Erməni silahlı birləşmələrinin növbəti təxribatının qarşısının alınması üçün 2020-ci il sentyabrın 27-də Vətən Müharibədi başlayanda da Ceyhun Həsənov Beyləqan rayonunda “N” saylı hərbi hissədə bölük komandiri vəzifəsində çalışıb. Həmin vaxt Ceyhun Həsənovun komandirlik etdiyi bölükdə 80-ə yaxın hərbçi olub. Ceyhun Həsənov, həmçinin BMP komandiri olub. Vətən Müharibəsi zamanı kapitan Ceyhun Həsənov komandirlik etdiyi şəxsi heyətlə birgə cəbhənin Füzuli rayonu istiqamətində döyüşlərə qatılıb. Ceyhun öz şəxsi heyəti və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçib. Ceyhun Həsənovun komandirliyi ilə ordumuz qısa müddətdə 3 erməni postunu məhv edərək bir neçə yüksəkliyi düşməndən azad edib. Müharibənin ilk günündə Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan həmin əməliyyat zamanı Ceyhun Həsənov qəhrəmanlıqla döyüşərək şəhid olub.
 
Kapitan Ceyhun Həsənov Bakıda II Fəxri Xiyabanda dəfn edilib. Ailəli idi, 2 əkiz oğlu yadigar qalıb.
 
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunan ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulan döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə, həmçinin hərbi qulluq vəzifəsini yerinə yetirən zamanı igidliyin və mərdliyin nümayiş etdirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 09 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən kapitan Ceyhun Həsənova “Vətən Müharibəsi Qəhrəmanı” adı verilib. 
 
Bundan başqa Ceyhun Həsənov Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulan  tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” və “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Şəhidimizin adının əbədiləşdirilməsi üçün tədbirlər görülüb. Belə ki, kapitan Ceyhun Həsənovun şəxsi əşyaları ailəsi tərəfindən Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fonduna, Zəfər Muzeyinə, İstiqlal muzeyinə və Müdafiə Nazirliyinin muzeyinə təhvil verilib.
 
Bakı şəhəri Xətai rayonunda yerləşən 48 saylı tam orta məktəbə Ceyhun Həsənovun adı verilib. 
 
Bundan başqa Xətai rayonunda yerləşən Sadıqcan küçəsinin adı dəyişdirilərək Ceyhun Həsənovun adı verilib. Xətai rayonunda Gəncə prospekti 50 də yaşadığı binanın qarşısında Ceyhun Həsənovun güşəsi yaradılıb. 
 
Bu yazı Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Təhsilə Dəstək Mərkəzi” İctimai Birliyinin icra etdiyi “Şərqi Zəngəzur məktəblərində Vətən Müharibəsi Qəhrəmanlarının təbliği” layihəsi çərçivəsində hazırlanıb. Yazının məzmununda əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin rəsmi mövqeyini əks etdirməyə bilər.
 
 
Seçilən
11
moderator.az

1Mənbələr