AZ

Sertifikasiya bütün güclü, savadlı müəllimləri ortaya çıxardı

“Müəllimlik dünyada yeganə peşədir ki, bütün evlərdə onların yetişdirdiyi şagirdlər, tələbələr var".

 

Modern.az xəbər verir ki, bu sözləri AzEdu.az-a açıqlamasında Milli Məclisin Elm və Təhsil Komitəsinin sədri Anar İsgəndərov qeyd edib.

 

A.İsgəndərov bildirib ki, vaxtı ilə saxta şəkildə diplom alanların artıq sonudur:

 

“Qarşıdan gələn Beynəlxalq Müəllimlər Günü münasibəti ilə bütün müəllimləri təbrik edir, işlərində uğurlar arzulayıram. Dünyada ən məsuliyyətli sənət müəllimlikdir. Onlar şagirdlərini yetirir, boya-başa çatdırır, xeyir-dua verirlər.

Müəllimlik dünyada yeganə peşədir ki, bütün evlərdə onların yetişdirdiyi şagirdlər, tələbələr var. Fikir versəniz, başqa sahələrdə belə şey yoxdur. Təhsil bütün evlərdədir. Elə çətinliyi, məsuliyyəti də bundan qaynaqlanır.

Azərbaycan bu gün müstəqil dövlətdir və müstəqil dövlətin də təhsil cəbhəsi var. Burada baş fiqur müəllimdir. Yəni bütün hadisələr müəllimin ətrafında cərəyan edir.

Vaxtı ilə saxta diplom alan müəllimlərin sonu yaxınlaşır. Bəs onlardan necə xilas olduq? Bu məsələyə son qoyan sertifikasiya prosesi oldu. Sertifikasiyanın ikinci uğurlu tərəfi də ayna rolunu oynamasıdır. Burada bütün güclü, savadlı müəllimlər seçilir və onların əməkhaqları artırılır”.

 

Sədr söyləyib ki, bir müəllimin əməkhaqqısı artarsa, onun maddi vəziyyəti də yaxşılaşar:

 

“Bu gün Elm və Təhsil Nazirliyi sözün həqiqi mənasında dövlət başçısının siyasətini uğurla həyata keçirmək üçün gecə-gündüz çalışır. İstər Qarabağ Universiteti, istərsə də hansısa təmirdən çıxan və ya yeni tikilən məktəbin inkişafı yöndə işlər aparılır.

Tarixdə də belədir. Bir insanın məsuliyyəti varsa, onun uğuru çox olur”,- deyə fikrini tamamlayıb.

Seçilən
23
1
modern.az

2Mənbələr