AZ

Selcuk Bayraktar: “TEKNOFEST” festivalına maraq rekord səviyyəyə çatıb

Adana, 2 oktyabr, AZƏRTAC

Aviasiya, Kosmonavtika və Texnologiya - “TEKNOFEST-2024” festivalında iştirak etmək üçün müraciətlərin sayı daim artır. Bu il festivalın müsabiqə və yarışlarına qatılmaq üçün rekord sayda - 1,6 milyon insan artıq qeydiyyatdan keçib. Əminəm ki, bu, son hədd deyil.

AZƏRTAC xəbər verir ki, bu sözləri “Baykar” şirkəti İdarə Heyətinin rəhbəri Selcuk Bayraktar Adana şəhərində 10-cu “TEKNOFEST-2024” festivalının açılışında deyib.

O qeyd edib ki, “TEKNOFEST” festivallarının iştirakçıları son illər 150-dən çox texnoloji şirkət yaradıblar, onların bəzisi artıq öz məhsullarını dünyanın onlarla ölkəsinə ixrac edir.

Bayraktarın sözlərinə görə, bu günə qədər “TEKNOFEST” festivallarının yekun hissəsindən əvvəl Türkiyənin 27 müxtəlif şəhərində müsabiqə proqramları keçirilib və tədbir iştirakçıları arasında ölkənin 81 vilayətinin sakinləri, həmçinin dünyanın 120 ölkəsindən komandalar da olublar. O əlavə edib: “Son 7 il ərzində Azərbaycanda keçirilən də daxil olmaqla, doqquz “TEKNOFEST” festivalı uğurla baş tutub. Qarşıdakı illərdə Şimali Kipr Türk Cümhuriyyətində və digər türk dövlətlərində festivallar təşkil etməyi və bununla da milli texnoloji təşəbbüsün coğrafi miqyasını genişləndirməyi planlaşdırırıq”.

Bayraktar “TEKNOFEST” festivalının yetişdirdiyi nəslin bəşəriyyətin problemlərinin həllinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Adana

Seçilən
8
azertag.az

1Mənbələr