AZ

Məsud Əfəndiyev: Müasir dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi son dərəcə vacibdir

Məsud

Bakı, 2 oktyabr, AZƏRTAC

Dünya Azərbaycanlı Alimlər Birliyi Azərbaycanda elm sahəsində gedən bütün prosesləri yaxından izləyir, xaricdə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alimlərin bir araya gəlməsinə imkan verir. Onların elmi problemlərə dair müzakirələr aparmaları, bilik və təcrübə mübadiləsini həyata keçirə bilmələri üçün şərait yaradır. Bundan başqa, Dünya Azərbaycanlı Alimlər Birliyinin İdarə heyətinin üzvləri hər ay müxtəlif səpkili görüşlər keçirirlər. Birliyin İdarə Heyətində hazırda 10 nəfər təmsil olunur, alimlərin ümumi sayı isə 250-ni keçib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniyanın Münxen şəhərində yerləşən Helmholtz Elmi-Tədqiqat Mərkəzinin dinamik sistemlər şöbəsinin müdiri, “Humboldt” mükafatı alan ilk azərbaycanlı alim, fizika-riyaziyyat elmləri doktoru professor Məsud Əfəndiyev məlumat verib.

O, qeyd edib ki, əsas məqsəd Azərbaycan elminin inkişafına dəstək verməkdir: “Biz, elm adamları Azərbaycanda prioritet istiqamətləri əhatə edən aktual elm sahələrini qabartmağa çalışırıq. Xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı ilə elmimizin səviyyəsinin yüksəldilməsi, müasir dövrün tələblərinə uyğun kadrların yetişdirilməsi son dərəcə vacibdir”.

Alim xatırladıb ki, 2022-ci il dekabrın 8-də Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə xaricdə yaşayan bir qrup ziyalı İstanbulda toplaşıb. Həmin gün xaricdə yaşayan azərbaycanlı alimlərlə birgə İstanbulda Dünya Azərbaycanlı Alimlər Birliyinin yaranması bəyan edilib.

Seçilən
8
azertag.az

1Mənbələr