AZ

Suqovuşanda Azərbaycan bayrağı qaldırıldı! ŞƏRH

Prezident İlham Əliyev: "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm"

Dörd il əvvəl Azərbaycan ordusu qızğın döyüşlərdə haqq savaşında torpaqlarımızın işğaldan azad olunması uğrunda vuruşurdu. Sentyabrın 27-də başlanan Vətən müharibəsinin ilk günündən Azərbaycan xalqı qələbə xəbərlərini eşidir və tezliklə zəfərimizin qazanılacağı günün lap yaxında olduğuna inanırdı. Azərbaycan Prezidenti, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu gücünü döyüş meydanında düşmənə göstərdi.

Azərbaycan öz torpaqlarını işğaldan azad etmək məqsədi ilə müharibəni davam etdirirdi. Hər gün torpaqlarımız geri alınırdı. Xalqımızın Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə Zəfərimizə inamı sonsuz idi. Həmin dövr ərizində Prezidentə ünvanlanan məktubların ardı-arası kəsilmirdi və bu məktubların hər birindən qələbə qoxusu gəlirdi. Vətəndaşlarımızdan biri belə yazırdı: "Çox hörmətli möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandanımız, müstəqil Azərbaycanın vətəndaşı olaraq daim Sizin "Azərbaycan güclü dövlətdir, Azərbaycanın güclü ordusu var" şüarınıza inandıq. Yalnız bir çox halda səbirsizlik edirdik. Ancaq "nəyi nə vaxt və necə etməyi də" Sizdən yaxşı bilənin olmamasına inanırdıq. Nə yaxşı ki, müstəqil Azərbaycanın qurucularından olan bizim nəsil də sayənizdə bu xoşbəxt günləri gördü. Biz dövlətimizlə, liderimizlə, əvəzolunmaz və möhtəşəm tarix yazan sərkərdəmizlə fəxr edirik. Ərazi bütövlüyümüzün, milli kimliyimizin, şərəfimiz və ləyaqətimizin bərpasını təşkil və təmin edən bir lider əbədi olaraq xalqımızın rəhbəri, lideri kimi tarixə düşdü. Tam əminəm ki "İlhamla irəli"nin ən məsul və yaradıcı dövrü indi başlayır. Sizi və xalqımızı bu nailiyyətlər münasibətilə təbrik edirəm. Cəbhə bölgəsinə könüllü olaraq yollanan oğlum daxil olmaqla Allah bütün əsgər və zabitlərimizi qorusun, bizə zəfərlər nəsib etsin! Qələbə bizimlədir, Qarabağ Azərbaycandır!".

Cənab Prezidentin həmin günlərdə xalqa müraciətlərində hər gün ordumuzun daha da irəliləyərək, yeni kənd, qəsəbə və şəhərlərin azad olunması ilə bağlı məlumatları bizi doğma torpaqlarımıza daha da yaxınlaşdırırdı.

"QARABAĞ AZƏRBAYCANDIR!"

"Bu gün Azərbaycan Ordusu Tərtər rayonunun Talış kəndini, Cəbrayıl rayonunun Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndlərini, Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndini azad etmişdir. Qarabağ Azərbaycandır!" bu sözlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 3 oktyabr 2020-ci il tarixində özünün rəsmi "Twitter" səhifəsində yazıb. Hər gün milyonlarla insan Azərbaycan Ordusunun işğaldan azad etdiyi ərazilərin adlarını eşitdikdə yaşadıqları sevinc hissinin əvəzi yox idi. Dörd il bundan əvvəl tariximizə yazılan qələbələr bizi Zəfərə doğru aparırdı. Azərbaycan Ermənistan tərəfindən 20 faiz torpaqları işğal edildiyi dövrdə öz səsini dünya ictimaiyyətinə daha intensiv şəkildə çatdırdı, təbliğatı daha da gücləndirərək, ermənilərin işğalçılıq siyasətini, terrorçuluq fəaliyyətini, 1 milyon insanın qaçqınlıq problemini Avropa dövlətlərinə, ümumillikdə, dünya ictimaiyyətinə daha geniş şəkildə çatdırdı. Tarix boyu işğalçılıq siyasətini həyata keçirməyə çalışan ermənilər azərbaycanlılara qarşı hər bir sahədə düşmənçilik edərək, məkrli planlarını həyata keçirməyə cəhd göstərdilər. Onlar silahla torpaqlarımızı işğal edir, eləcə də, mənəvi abidələrimizə də zərbə vurmaq yolu ilə vandal siyasətlərini davam etdirmiş oldular. İkitərfli mübarizədə siyasi və ideoloji müharibədə erməni kimliyi özünü büruzə vermiş oldu. Əlbəttə ki, bu ideoloji müharibədə məqsəd xalqımızın tarixi kökünü saxtalaşdırmaq idi. Belə ideoloji müharibələrdən biri də xalqımızın yaşadığı torpaqların qədim sakinləri olduğunu göstərən coğrafi adların dəyişdirilməsi ilə müşahidə olundu. Yaxın keçmişimizin olayları nəticəsində, vətənimizin ayrılmaz hissəsi olan Qarabağ və onun ətrafında baş verən hadisələr zamanı Ermənistanda yaşayan azərbaycanlılar 1988-89-cu illərdə SSRİ dövlətinin birbaşa köməyi və yardımı ilə öz tarixi-etnik torpaqlarından deportasiya olundular. Qısa bir müddət ərizində, iki ildən sonra Ermənistan prezidentinin fərmanı ilə 1988-89-cu ilə qədər azərbaycanlılar yaşamış 16 rayonda 90 türk mənşəli toponimlər dəyişdirilərək erməni adı ilə əvəzləndi. Bu "rəsmi sənəd" 1991-ci ili əks etdirir.

ADDƏYİŞMƏNİN BİRİNCİ DÖVRÜNDƏ TÜRK MƏNŞƏLİ ADLAR RUS MƏNŞƏLİ TOPONİMLƏRLƏ ƏVƏZ EDİLDİ

Bəllidir ki, ermənilər indiki Ermənistan ərazisinə köçürülmüş xalqdır. Bu da bir həqiqətdir ki, XX əsrin əvvəllərində Qərbi Azərbaycanda 2310 coğrafi addan 2000-ə qədəri türk mənşəlli idi. Tarixçi alimlər ermənlərin Azərbaycan toponimlərinə təcavüzünü dövrlərə bölərək bu istiqamətdə araşdırmalar aparmışdılar. Həmin araşdırmaların qənaətinə əsasən, türk mənşəli toponimlər erməni adları ilə əvəzlənmişdir. Ardıcıl olaraq bir məqsədə doğru addımlayan ermənilərin saxta tarix siyasəti yazılmış mənbələr vasitəsi ilə təqdim edilir. Tarixi mənbələrdə göstərilir ki, ilk addəyişdirmə 1801-ci ildə baş vermişdir: "Addəyişmənin birinci dövründə türk mənşəli adlar rus mənşəli toponimlərlə əvəz edilmişdir. Bu da ərazinin Rusiya tərəfindən işğalı və oraya rusların kütləvi şəkildə köçürülməsi ilə bağlıdır. İlk dəyişdirilən ad isə Cəlaloğlu (Stepanovan) rayonundakı Qaraməhəmməd kəndidir. Onun adı dəyişdirilərək Aleksandrovka qoyulub. "Bu ilk addım" sonralar daha geniş miqyası əhatə edərək günümüzə qədər gəlib çıxmışdır. Bu gün ilk ad dəyişilmə zamanından 200 ildən artıq zaman keçir. Bəli, ermənilər təkcə Ermənistanda deyil, Azərbaycanın bir sıra məkanlarını da adını dəyişib.

Elə 3 oktyabr 2020-ci il tarixində erməni işğalından azad olunan Tərtər rayonunun Suqovuşan kəndinin adı ermənilər tərəfindən dəyişdirilərək Madagiz adlandırılmışdır. Azərbaycan ordusu tərəfindən işğaldan azad olunan Suqovuşan tarixi adına da qovuşdu. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən Tərtər rayonunun Madagiz kəndinin Suqovuşan kəndi adlandırılması ilə tarixi adı bərpa olundu. Tərtər rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Madagiz kəndi Suqovuşan kəndi adlandırıldı. Bu qürurverici haldır. "2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!" Bu barədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində bildirmişdi.

Suqovuşan kəndinin tarixi dövrünə nəzər salsaq görərik ki, əvvəllər Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid idi, lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam rayonu, Tərtər rayonu və Kəlbəcər rayonu arasında bölüşdürüldü. Suqovuşan kəndi də Tərtər rayonuna birləşdirilən kəndlərdən biridir.

Suqovuşan ilk dəfə 1991–1992-ci illərdə Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilib. 1994-cü ilin aprel ayında Manvel Qriqoryanın başçılığı altında Ermənistan ordusunun Eçmiədzin könüllülər dəstəsi yenidən Suqovuşanı işğal edilib. Artıq Azərbaycanın güclü ordusu tərəfindən işğaldan azad olundu.

"SİLAHLI QÜVVƏLƏRİN DÖYÜŞ QABİLİYYƏTİNİN ARTIRILMASI ÜZRƏ GÜNDƏLİK BÖYÜK İŞ APARILIRDI"

2020-ci ilin 3 oktyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev özünün rəsmi "Tvitter" səhifəsində yazırdı: "Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!"

Azərbaycan ordusu ilk gündən düşmənin müdafiə xəttini yarmağa müvəffəq oldu və 44 gün ərzində yalnız qələbə xəbərləri aldıq. Azərbaycan xalqı, ordumuz Ali Baş Komandanın ətrafında bir yumruq olaraq birləşdi və Vətən müharibəsində öz gücünü nümayiş etdirdi. Ermənistan və onun havadarları tərəfindən hərbi əməliyyatları dayandırmaq üçün Azərbaycana diplomatik və siyasi təzyiqlər göstərilsə də Prezident İlham Əliyevin qətiyyəti, siyasi iradəsi hər şeyi demiş oldu. Dövlət başçısının dünyanın aparıcı mediasına verdiyi 30-a yaxın müsahibəsində Azərbaycanın iradəsini ortaya qoymuş oldu. Azərbaycan Ordusunun qarşısında davam gətirə bilməyən ermənilər təcavüzkar siyasətlərini davam etdirərək, dinc əhalini hədəfə aldılar və yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutdular.

Dövlət başçısı tərəfindən prioritet elan edilən ordu quruculuğu sayəsində Azərbaycan Ordusu ən müasir silahlarla silahlanmış, dünyanın ən güclü orduları sırasında özünə layiqli yer tutmuşdu. Peşəkarlığı yüksək olan Azərbaycan Ordusunun ən yüksək texnologiyalara məxsus hərbi texnikalarla silahlanması və ölkəmizin də inkişaf etmiş hərbi-sənaye kompleksinə malik olması qələbəmizi şərtləndirən amillərdəndir. Azərbaycan Ordusu həm hərbi potensialına, həm də döyüş qabiliyyətinə görə nəinki bölgədə, dünya miqyasında güclü ordular sırasındadır. Son illərdə ordu quruculuğunda əhəmiyyətli islahatlar həyata keçirilib, bu məsələ ilə bağlı dövlət başçısı tərəfindən ardıcıl olaraq addımlar atılıb ki, bunun da müsbət nəticələri özünü 44 günlük Vətən müharibəsində büruzə verdi. "Silahlı qüvvələrin döyüş qabiliyyətinin artırılması üzrə gündəlik böyük iş aparılırdı", - deyən Cənab Prezident qeyd edib ki, döyüş qabiliyyətli silahlı qüvvələri olmayan ölkə necə texniki vasitələrə malik olsa belə, onun döyüşdə, xüsusən müharibədə, özü də belə əlverişsiz coğrafi şəraitdə qalib gəlməsi mümkün olmazdı: "Əslində, bu tədbirlər kompleksi onunla nəticələndi ki, biz çox güclü hərbi tərkib hissə yaratdıq və İkinci Qarabağ müharibəsi bunu göstərdi".

Torpaqlarımızı 30 ilə yaxın işğal altında saxlayan Ermənistana şanlı ordumuz layiqli cavab verir və hər gün irəliyə doğru addımlayaraq xalqımıza qələbə sevincini yaşadırdı. Qəsbkar düşmənə ağır zərbələr vurulurdu. Ermənilər haqsızlığın, ədalətsizliyin sonu olacağını aldığı zərbələrdən anlayırdılar. Hər zaman münaqişə ocaqları törətməyə, qan tökməyə cəhd edən Erəmnistan ağır məğlubiyyətə düçar olurdu. Qəhrəman ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından qətiyyətlə azad edirək xalqımıza tezliklə Qələbə sevincini – Zəfərimizi yaşatdı.

Nəzakət ƏLƏDDİNQIZI

Seçilən
10
sesqazeti.az

1Mənbələr