AZ

İranın İsrailə hücumu və böyük müharibənin pərdəarxası

İranın İsrailə hücumu nə idi və hadisələrin inkişafına necə təsir edəcək?

İrandan İsrailə göndərilən raketlər bu sual fonunda düşündürücüdür. Və belə görünür ki, Tehran nə qədər ağır nəticələri olsa da, İsrailin Hizbullaha hücumuna adekvat cavab vermək qərarına gəlib. Hərçənd, bütün bunlar baş verənlərin görünən tərəfidir, əslində isə hər şey “danışılmış döyüş” ssenarisi üzrə davam edir.

- İrandan göndərilən raketlər İsrail və müttəfiqləri tərəfindən qarşılanır;
- Atılan 500-dən çox raket faktiki olaraq ciddi zərərə səbəb olmayıb;

Eyni ssenari bu ilin aprel ayında baş tutdu: İran Dəməşqdəki konsulluğunun vurulmasına cavab olaraq, İsrailə 500-dən çox raket atdı və “qisas aldığını” elan etdi. İndi də bir qədər daha güclü olmaq şərti ilə eyni ssenari tətbiq edildi, halbuki, İranın hərbi sənayesi İsrailin hərbi infrastrukturuna ciddi zərər vura biləcək gücdədir. Çünki İranın qarşısında dağıdıcı olacaq iki seçim var:

- ya İsrailin hücumları qarşısında geri çəkilməli və bölgədəki təsir rıçaqlarının zəifləməsini müşahidə etməli;
- ya İsrailə qarşı regional toqquşmaya və daha güclü cəbhə ilə üzləşməsinə səbəb olacaq müharibəyə başlamalıdır;

İran üçüncünü – “qisas görüntüsü” yaratmağı seçir. Bununla İsrailin məqsədinin – İrana qarşı beynəlxalq koalisiyanın yaradılması – reallaşmasına imkan vermir, yaxud ən azı zaman qazanır, eyni zamanda, bölgədə - “müqavimət oxu”nda liderliyinin zədələnməməsinə çalışır. “Danışılmış döyüş”ün tərəflərinin İran və İsrail yox, İran və ABŞ olduğu görünür. Tehran bu hücumla Vaşinqtonun İsrailin qaşısını alacağına ümid edir, ABŞ da İsraili nəzarətdə saxlayır.

Hadisələrin inkişafını İsrailin addımları müəyyənləşdirəcək. Aprel hücumunda İran İsrailə cavabla gücünü göstərməklə yanaşı, gərginliyi azaltmağı hədəfləyirdi və müəyyən qədər buna nail oldu da. Lakin İsrailin Haniyə və Nəsrullaha sui-qəsdi, ardınca Livana müdaxiləsi eskalasiyanı yenidən “diriltdi”. İran “qisas zərbəsi” ilə İsrailin qarşısını almağa, gərginliyi azaltmağa çalışsa da, Təl-Əvivin Tehranı eskalasiyaya cəlb etmək hədəfindən geri çəkilmədiyi görünür. Bu baxımdan, İsrailin İrana hücumlarının iki istiqamətdə olacağı gözləntisi önə çıxır.

Birincisi, İranla gərginliyi saxlayaraq, “təhdid” kimi gördüyü proksi qüvvələrinə - Hizbullah, Suriyadakı milis dəstələri, husilər - qarşı əməliyyatlar davam edəcək;
İkincisi, İranın nüvə obyektləri də daxil olmaqla hərbi infrastrukturuna zərbələr endiriləcək;

Bu iki ssenaridən birincisi daha real görünür, çünki İranın “müqavimət oxu” adlandırdığı qüvvələr sıradan çıxarılmadığı, yaxud minimallaşmadığı müddətdə onunla birbaşa müharibənin başlanması İsrail və müttəfiqləri üçün o qədər də effektli olmaya bilər.

Asif Nərimanlı

Seçilən
7
3
publika.az

4Mənbələr