AZ

“Hizbullah” və HƏMAS-ın yox olması şərəfinə ATƏŞFƏŞANLIQ – TƏHLİL

“İran İsrailin əlini gücləndirmək, onun Livana hücumunu legitimləşdirmək işinin öhdəsindən layiqincə gəldi. İranın İsrailə hücumu başa çatdı və bu raket hücumu nəticəsində bir fələstinli müsəlmanın öldüyü bildirildi. İran bu hücuma bir neçə qisasın cəmini yerləşdirdi və özünü ölkə daxilində bir mənada reabilitasiya etməyə çalışdı. Amma bu hücum İrana proksilərinin tamamilə məhvi bahasına başa gələcək. Daha doğrusu görünən odur ki, danışıq belədir”.

Medianews.az xəbər verir ki, bu barədə siyasi şərhçi Azər Qasımov bildirib.

O, hücumdan müdafiə üçün heç bir kənar ölkənin prosesə qarışmamasına, raketlərin vurulmasına cəhd göstərməməsinə diqqət çəkib.

Siyasi şərhçinin sözlərinə görə, sonradan yalnız rəsmi Vaşinqton nə isə edəcəyini açıqlayıb ki, bu da İsrailin təhlükəsizliyini qorumaq üçün ABŞ ordusunun tədbir görməsinə hesablanıb: “Bu, artıq “Hizbullah”ın və HƏMAS-ın sonunun gəldiyi anlamını ifadə edir. İran bir növ onların yox olması şərəfinə atəşfəşanlıq etdi. Rəsmi Tehran bu yolla özünün adını təmizə çıxardı, tənqidlərdən yaxasını qurtardı. Yəni, biz, bizə edilənlərə cavab verdik, bununla da mənim işim bitdi. İndi İsrail nə etsə haqqı var”.

A.Qasımov əlavə edib ki, Yaxın Şərqdə gedən son proseslər regionda köklü dəyişikliklərin olacağını labüd edir: “Ötən il İsrailin Aşkelon limanından keçməklə Hindistandan başlayıb BƏƏ, Səudiyyə Ərəbistanı, İordaniya, İsrail və Yunanıstandan Avropaya gedəcək nəqliyyat dəhlizi məsələsini ABŞ elan edəndə tezliklə regionda ciddi hadisələr olacağını, 7 oktyabrda İsrailə HƏMAS-ın terror hücumu olanda bu proseslərin başladığı anlamına gəldiyini qeyd etmişdim. Göründüyü kimi belə də oldu. Netanyahu BMT-də çıxışı zamanı bunu xəritə ilə izah etmişdi. Amma məsələ bu hadisələrin bizim regiona və İrana təsiri məsələsidir. Məsələ ondadır ki, İranın proksi qrupları bir qədər əvvəl vurğuladığım kimi, artıq sıradan çıxarılır. İran özü ciddi təhlükə altındadır. Proksilərdən sonra növbə SEPAH-a və onun liderlərinə, hərbi strukturlarına çatacaq”.

Siyasi şərhçinin qənaətincə, İran ya sivil dövlətə çevriləcək, hansı ki, molla rejimi ilə bu mümkün deyil, ya da ən yaxşı halda rejim dəyişikliyinə gediləcək: “Ən pis halda İran Prezident Məsud Pezeşkianın dediyi kimi parçalanacaq. Belə bir fonda Azərbaycan Zəngəzur dəhlizi məsələsində tələsməməlidir. Bu məsələni Rusiya və İranın inisiativinə buraxmaq strateji səhvdir. Tezliklə bu ölkələr öz problemlərinin içərisində boğulacaqlar. Bu məsələni Azərbaycan Türkiyə ilə birlikdə həll etməlidir”.

Turan ORUC

 

Seçilən
11
1
medianews.az

2Mənbələr