AZ

Özəl pensiya fondları əhaliyə cəlbedici nə təklif edəcək?

“Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq gələn ildən ölkə üzrə minimum əməkhaqqının və minimum pensiyanın artırılması təmin ediləcək”. 

Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev kollegiya iclasında bildirib. Nazir qeyd edib ki, qeyri-dövlət pensiya fondlarının yaradılması ilə bağlı 20-dən çox normativ hüquqi akt layihəsi hazırlanıb. Hazırda 52 növ müavinət və təqaüdün proaktiv qaydada təyin olunduğu, sosial ödənişlərin proaktiv təyinatı mexanizminin əhatəliliyinin artırılması istiqamətində işlərin davam etdirildiyi bildirilib. 

Xatırladaq ki, VII çağırış Milli Məclisin ilk iclasında çıxış edən Prezident İlham Əliyev gələn ildən minimum əməkhaqqı və pensiyanın yenə də artırılması ilə bağlı göstəriş verdiyini bildirib. 

Son vaxtlar ölkədə özəl pensiya fondlarının yaradılması ilə bağlı fikirlər daha çox səslənir. Özəl pensiya fondlarının yaradılması hansı imkanlar yaradacaq? 

İqtisadçı-ekspert Əkrəm Həsənov “Cebheinfo.az” a bildirib ki, dövlət orqanlarının hazırladıqları normativ sənədlər ictimai müzakirəyə təqdim edilməlidir:

“İnkişaf etmiş ölkələrdə həmin layihələr qurumların saytında yerləşdirilir ki, hamı tanış olsun.

Bizdə bu ənənə hələ yoxdur. Ona görə də bilmirik ki, söhbət nədən gedir, amma təxmin edə bilərik. Özəl fond odur ki, vətəndaşın seçim imkanı olsun. Əgər vətəndaş pensiyasını özəl fond tərəfindən yığılıb, ödənilməsini istəyirsə, onda o, Dövlət Sosial Müdafiə Fonduna  (DSMF) ödəniş etməyəcək. Bu halda icbari sığorta haqqından azad olunmalıdır. 

Bu gün hamı maaşından, gəlirindən DSMF-yə ödəniş edir və bu da icbaridir. Əgər özəl fond olacaqsa, onda gərək vətəndaşın ora ödəniş etmək imkanı da olsun. Əgər belə seçim imkanı olmasa, niyə iki yerə ödəniş etməlidir?” 

Ekspertin fikrincə, birinci məqam bu seçimin verilməsidir: 

“İkinci məqam ondan ibarətdir ki, özəl pensiya fondu, yəni oradakı şərtlər vətəndaş üçün daha cəlbedici olmalıdır. Əks halda heç kəs ora üz tutmayacaq. Çünki adından da göründüyü kimi, özəldir. Deməli, hər zaman bağlana, müflis ola bilər. Sığorta şirkətləri, bankların bağlanması kimi, bu fondların da bağlanması mümkündür. Sabah o fond vətəndaşın pulunu biznesə, qiymətli kağızlara, banklara qoyacaq. Deməli, vətəndaşın pulları müəyyən risk altında olacaq”. 

Ekspertin fikrincə, özəl fondlara da ciddi dövlət nəzarəti olmalıdır: 

“Ancaq nə qədər ciddi nəzarət olsa da, problemlər mümkündür. 

Məsələn, banklara nə qədər nəzarət olsa da bağlanır, müflis olurlar. Özəl fondlarda da eynilə belə hallar ola bilər və olacaq. O zaman bir vətəndaş niyə pensiya kapitalını dövlət deyil, özəl fonda qoysun? Vətəndaş əmindir ki, dövlət fondunda onun əmanətinə heç nə olmayacaq. Demək, özəl fondun təklifi daha cəlbedici olmalıdır. 

Bilmirik ki, yeni hazırlanan layihədə bu məqamlar öz əksini tapıbmı? Digər tərəfdən, özəl fonddan ödənilən pensiya daha yüksək olmalıdır. Yəni, mən ordan daha çox pensiya alacağamsa, vəsaitimi ora qoyacağam. İndi vətəndaş vəfat etdisə, DSMF-dəki pensiya kapitalı batır. Ancaq ola bilər ki, özəl fond vətəndaş ölərkən pensiya kapitalını ailə üzvlərinə vermək barədə düşünsün.

Əgər özəl fondda belə şərtlər olacaqsa, insanlar vəsaitlərini ora etibar edə bilərlər. Əks halda, heç kəs ora pul qoymayacaq”. 

Ekspert düşünür ki, Azərbaycanda özəl fondlar yaxın 3-5 ildə təsis olunmayacaq: 

“Yəni buna hələ çox var, sənədlər hazırlanır. Özəl pensiya fondları yaranması üçün dövlətdən lisenziya da almalıdır Məncə, bir özəl fond olacaq. Məsələn, kredit bürolarını misal göstərmək olar. Ean etdilər ki, özəl kredit büroları yaranacaq, ancaq 10 ilə yaxındır ancaq bir belə büro yaranıb”. 

Seçilən
10
cebheinfo.az

1Mənbələr