AZ

Müharibə xəbərlərindən ən çox əziyyət çəkənlər - uşaqlara necə izah edək?

Dünyada baş verən müharibələr – Rusiya-Ukrayna münaqişəsi və Yaxın Şərqdəki qarşıdurmalar kütləvi informasiya vasitələri, sosial şəbəkələr vasitəsilə hər kəsin, o cümlədən uşaqların gözləri önündə baş verir. İnformasiya texnologiyalarının inkişafı istənilən mövzunu istənilən şəxslərin əldə etməsini asanlaşdırıb. Bu eyni zamanda uşaqların son zamanlarda aktual olan müharibə xəbərlərini oxuması, çəkilən görüntüləri görməsinə də imkan yaradır. Sözügedən məsələ valideynləri narahat edir.


Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov mövzu ilə bağlı Modern.az-a bildirib ki, müharibədən ən çox əziyyət çəkən uşaqlardır.

 

"Uzun illər keçsə belə uşaqların yaddaşında müharibə travma olaraq qalır. Müharibə ilə əyani və ya qiyabi tanış olan uşaqların gələcəyi də travmaya bağlı olur", - o qeyd edib.

 

Müharibə anlayışı uşaqların yaşlarına və inkişaf səviyyələtinə görə fərqlənir. Məsələn 6 yaşadək uşaqlar müharibəni tam başa düşmürlər və təhlükəsizlik hissi onlar üçün əsas məsələdir. Onlar televizyalarda, sosial şəbəkələrdə gördükləri şəkillərdən və digər görüntülərdən qorxa bilərlər. 7-12 yaşında uşaqlar isə nələr olduğunu başa düşməyə çalışır və bəzən öz yaxınlarının vəziyyətindən narahat olurlar. 12 yaş və yuxarı uşaqlar isə müharibənin siyasi və sosial səbəblərini dərk etməyə başlayırlar. Onlar daha çox məlumat axtarmağa meyilli olur və bəzən qəzəb və ya kədər hissləri keçirirlər.

Rövşən Nəcəfov qeyd edir ki, rəqəmsal dünyada və televiziyalarda müharibə ilə tanış olan uşaqlarda müxtəlif suallar yaranır:

 

"Uşaqlara müharibənin nə olduğu və ağır fəsadları yaşlarına uyğun izah edilməlidir. Uşaqlara təhlükə və düşmən anlayışları da izah edilməlidir ki, gələcəklərinə sahib çıxa bilsinlər. Onları informasiyalarla baş-başa qoymaq olmaz. Ailədə və məktəbdə uşaqların suallarına cavab verilməlidir. Onlar üçün bütün informasiyalar bilik hesab edilir. Uşaqların psixi sağlamlığı üçün onlara fərdi yanaşılmalıdır. Müharibə uşaqlarda təşviş, fobiyalar, depressiya və obsessiyalar kimi psixoloji pozuntular yarada bilər. Hansısa psixoloji halın nizamsızlığı müşahidə olunarsa psixi sağlamlıq mütəxəssisinə müraciət etmək tövsiyə olunur”. 

 

Araşdırmalar göstərir ki, müharibə xəbərlərinə çox məruz qalan uşaqlar qorxu, narahatlıq və stres kimi emosional problemlər yaşaya bilərlər. Amerikan Psixologiya Assosiasiyası bildirir ki, müharibə ilə bağlı məzmunları təkrar-təkrar izləmək uşaqların psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər. Uşaqlarda bu vəziyyət yuxu problemləri, aqressiv davranışlar və digər mənfi hadisələrə səbəb olur.

 

Psixoloq bildirib ki, insanların taleyində yaşadığı coğrafiya əsas rol oynayır:

 

"Sağlam psixoloji mühiti formalaşdırmaq üçün sağlam düşüncə formalaşmalıdır. Sağlam düşüncənin içində sevgi də var, nifrət də var. Seçimi mühit edir. Sevgiyə qarşı sevgimiz nifrəti yox edə bilər. Gələcəyin xilası odur ki, uşaqlara müharibə yox, sevgi öyrədilməlidir. Gələcək uşaqlarındır. Onlar nifrətlə böyüməməlidirlər. İfadə etdiyim fikirlər çox təəssüf ki, utopiyadır. Xəyalpərəst olsam da, tək olmadığımı düşünürəm və ümid edirəm ki, bir gün hər kəs gələcəyi xilas etmək istəyəcək”.

Qeyd edək ki, psixoloqlar uşaqlara müharibə kimi mürəkkəb mövzuları izah edərkən valideynlərin həddindən artıq diqqətli olmasını tövsiyə edirlər. Bu mövzular uşaqlara sadə və aydın dillə izah edilməli, onları qorxutmadan, mümkün qədər sadə və neytral ifadələrlə danışmaq lazımdır. Məsələn, müharibənin insanların müəyyən məsələlər üzərində razılığa gələ bilməməsi səbəbindən baş verdiyini demək mümkündür.

 

Uşaqların sualları diqqətlə cavablandırılmalı, onlara əməkdaşlıq və sülh barədə danışmaq lazımdır. Həmçinin, uşaqların duyğularını ifadə etməsinə imkan yaradılması tövsiyə olunur.

Seçilən
16
modern.az

1Mənbələr