AZ

Qərbi Azərbaycanın səsi / - Göyçə mahalının Ağkilsə kəndi

Soldan sağa: Aşıq Ələsgərin törəmələri Haqverdi Talıboğlu və İslam Ələsgər, şair İsmixan Didərgin.

Göyçə hövzəsində Ağkilsə adlı neçə kənd olub

Bu qədim türk obasının adı yazılı mənbələrdə ilk dəfə Səfəvi Azərbaycan dövlətinə dair sənədlərdə çəkilir və o, Çuxur- Səd bəylərbəyliyinin inzibati vahidlərindən biri kimi səciyyələndirilir. 1723 –cu ildə Göyçə hövzəsi bütünlüklə osmanlıların nəzarətinə keçdikdən sonra tətbiq olunan inzibati bölgüyə əsasən bu kənd İrəvan əyalətinin Göyçə nahiyəsinin ərazisinə daxil edilmişdir.

1728-ci ildə Şah Əhməd Mehmet xan oğlu tərəfindən təsdiqlənərək tuğralanmış və hal hazırda Türkiyə Respublikasının Başbakanlıq Arxivində saxlanan “ İrəvan əyalətinin icmal dəftəri “-ndə Ağkilsə kəndinin adı Göl kəndindən (indiki Martuni rayonunun Liçk kəndi) əvvəl qeyd olunub və...Həmin nahiyədəki Ağkilsə (yəni Ağqala-Ağkilsəsi), eləcə də həmin siyahının Zarzəmin nahiyəsinə dair bölməsindəki Agkilsə (Aşıq Ələsgərin kəndi) kəndləri ilə qarışıq salınmaması naminə, həm də yəqin ki, dəftərin tərtibində yanlışlığa və təkrarçılığa yol verilmədiyini diqqətə çatdırmaq üçün bu kənd “ digər bir Ağkilsə kəndi ” təsnifatı ilə təqdim edilib.

Həmin sənəddən o da bəlli olur ki, Göl kəndinə yaxın ərazidəki Ağkilsənin, yəni bizim şərti olaraq “ I Ağkilsə ” adlandırdığımız kəndin sultan xəzinəsinə illik vergisi 2,890 ağca həcmində imiş. Ağqala –Ağkilsə kəndində bu rəqəm 7,325 ağca həddində olub. Həmin sənədin 118-ci səhifəsində isə Zarzəmin nahiyəsindəki Ağkilsə əhalisinin osmanliların gəlişindən sonra kəndi tərk etmələri və bu səbəbdən də boş yurd yerləri sırasında xas qismində birbaşa sultanın mülkiyyətinə verildiyi barədə qeydlər var. Burdan aydın olur ki, XVIII əsrin ortalarında Göyçə hövzəsində Ağkilsə adlı üç kənd varmış.

XVIII əsr müəllifi Simon İrəvanlı Göyçə gölü ətrafındakı obalar sırasında bu kəndin adını çəksə də, onun dəqiq coğrafi koordinantlarına işarə ola biləcək məlumatlar vermir. Bu qeydlərdən yalnız o bəlli olur ki, I Ağkilsə Dəlikdaşa yaxın dağlıq bir ərazidə yerləşmiş qədim obalardan biridir. XIX əsrin iyirminci illərində Rusiya-İran, Rusiya-Türkiyə müharibələri nəticəsində dağıdılmış yaşayış məntəqələrinin, nə də yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş kəndlərin siyahısında I Ağkilsənin adına rast gəlinmir. İ.Şopenin siyahılarına düşməməsi reallığına istinadən, erməni tarixçiləri belə bir kəndin olmaması, olsa da 1750-1820-ci illər aralığında dağılması barədə ehtimal irəli sürürlər.

Kəndin mövcudluğunun tarixi fakt olmasına rəğmən, ermənilərin onun inkarına yönəlik səylərinin arxasında olduqca dəhşətli bir cinayətin izlərini itirmək istəyinin dayandığı şəksizdir. Bu ehtimala əsas verən faktlardan biri də odur ki, İ.Şopen 1826-1829-ci il müharibələri zamanı erməni-rus hərbi birləşmələrinin Göyçədə dağıtdığı 108 kənddən yalnız 67-si barədə məlumat versə də, nədənsə siyahılarda cəmi 27 adını göstərib, qalan 40 kəndi isə ” adları unudulmuş ölü kəndlər ” kimi təsnifləyib. İ.Şopenin bələdçilərinin ermənilər olduğu və siyahıların tərtibində olduqca ciddi, amma düşünülmüş təhriflərə yol verildiyi reallığını nəzərə alsaq, onda 40 “ ölü kənd ” dən birinin- siyahıda 27-32-ci sırada yer almış adsız kəndlərdən birinin məhz I Ağkilsə olduğunu söyləmək mümkündür. Və belə olduğu təqdirdə erməni tarixşünaslığının I Ağkilsə ilə bağlı həqiqətlərin gizlədilməsindəki marağı barədə də düşünmək zərurəti yaranır.

İ.Şopenin siyahilarında dağıdılmış kəndlər kimi göstərilən və yeni yaradılmış erməni vilayətinin idarəçiliyinə verilmiş Göyçə mahalının o zaman yaşayış üçün yararlı sayılan 59 yaşayış məntəqəsinin siyahısında yer almayan kəndlərin bir çoxu, konkret olaraq əhalisinin bir qismi sağ qalmış kəndlər XIX əsrin ortalarında bərpa olunub və bu reallıq rəsmi sənədlərdə əksini tapib. I Ağkilsə isə bərpa edilməyib. Bu reallıq ona dəlalət edir ki, 1826-1829-cu illərdə erməni-rus hərbi birləşmələrinin Göyçə mahalında həyata keçirdikləri soyqırımı zamanı ya I Ağkilsə əhalisi kütləvi qətliama məruz qalıb, ya da sağ qalanlar o qədər az sayda olublar ki, kəndi bərpa etməyə gücləri yetməyib.

Bu ehtimalların hansının həqiqətə daha yaxın olduğunu qəti şəkildə söyləmək mümkün olmasada, bir fakt tam aşkardır: azı min illik tarixi olan “ I Ağkilsə ” kəndi 1826-1829-cu il aralığında tüğyan etmiş erməni faşizminin qurbanlarından biridir və bu tarixi cinayətin məsuliyyəti həm ermənilərin, həm də onlara havadarlıq etmiş xiristian dünyasinın üzərinə düşür.

SALMAN VİLAYƏTOĞLU
Seçilən
19
sherg.az

1Mənbələr