AZ

Sayca beşinci sosial paket gələn il icra ediləcək?

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Pərviz Heydərov yazır...
Gələn il minimum əməkhaqqı və pensiya məbləğləri artırılacaq. Əslində bu, məlum idi, sadəcə olaraq, Prezident İlham Əliyevin Milli Məclisin yeni seçilmiş tərkibdə keçirilən ilk iclasında çıxışı zamanı bir daha bəlli oldu. Belə ki, parlamentin 7-ci çağırış ilk iclasında Dövlət başçısı bildirdi ki, son 5 ildə ölkədə minimum əməkhaqqı 2,7 dəfə, pensiya məbləği isə 2,5 dəfə artıb və gələn ildən bu göstəricilər yenə də artırılacaq.
"Mən artıq bəyan etdim ki, gələn il minimum əməkhaqqı və minimum pensiya artırılacaq, baxmayaraq ki, inflyasiya çox aşağı səviyyədədir, baxmayaraq ki, ölkə qarşısında duran vəzifələr böyük maliyyə vəsaiti tələb edir, ilk növbədə, hərbi, hərbi sənaye kompleksinin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası ilə bağlı. Bütün bunlara baxmayaraq, biz həssas təbəqə sayılan vətəndaşlarımızın da rifah halının yaxşılaşdırılması üçün əlimizdən gələni edirik." - deyə, Prezident İlham Əliyev sentyabrın 26-da keçirilən iqtisadi məsələlərə dair müşavirədə vurğulayıb.
Bu da təbiidir. Çünki, sözügedən artımlar əslində, bu il də həyata keçirilə bilərdi. Lakin ilin əvvəlindən bəlli idi ki, 2024-cü ildə heç bir sosial paket nəzərdə tutulmayıb. Ona görə ki, bu il ərzində dövlət büdcəsindən əməyin ödənişi üzrə 9 milyard 7.2 milyon manat xərcləmək nəzərdə tutulmuşdu ki, bu məbləğ də keçən ilin müvafiq göstəricisi ilə müqayisədə cəmi 510 milyon manat, yəni 6% çox sayılırdı.
Halbuki, 2023-cü il üçün nəzərdə tutulan əməyin ödənilməsi fondu məbləğ baxımından 2022-ci ildəkindən 1 milyard 31.5 milyon manat çox idi. Yəni, 2024-cü ildə əməkhaqlarının artırılması üçün nəzərdə tutulan vəsait 2023-cü ildəkindən iki dəfə aşağı idi. İlin ortasında büdcəyə yenidən baxıldığı zaman da qeyd olunan rəqəmlər dəyişdirilməyib.
Buna rəğmən, 2024-cü ildə ucuzlaşma gözlənilməsə də, ciddi bahalaşma, kəskin inflyasiya da baş verməyəcək, sosial müdafiə istiqamətində genişmiqyaslı artımlar nəzərdə tutulmasa da, qlobal neft qiymətləri və yaxud da hər hansı bir sahədə şok xarici təsirlər yaşanmayacaq, bütövlükdə il ərzində 2022-ci ildəkindən daha çox iqtisadi artım əldə olunacaq.
Düzdür, hələ ki bu il ərzində elə bir çətinlik baş verməyib... Ancaq, əhalinin sosial müdafiəsini gücləndirmək baxımından tədbirlərə ehtiyac var. Bu isə minimum əməkhaqqı və pensiya məbləğlərini artırmaq lazım gəldiyini diktə edir. Yəni, 2019-cu ildən bəri ölkədə həyata keçirilən paketlərin sırasına əlavə olaraq daha bir paketin - sayca 5-ci sosial paketin icra olunması tələb edilir. Buna imkan varmı? Bəli...
Cari ilin dövlət büdcəsinin əvvəldən artıqlaması ilə icra edilməsi fonunda ilin ikinci yarısında minimum əməkhaqqı, pensiya məbləğlərini artırmaq imkanı olsa da, ölkədə bunu saatlıq göstərici ilə əvəz etmək söhbəti meydana çıxdı və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu məsələlərlə bağlı təkliflər hazırlayıb verəcəyi bildirildi.
Odur ki, istənilən halda məsələnin gələn ilin əvvəlində baş tutacağı aydın görünürdü. Yeri gəlmişkən, funksional təsnifat üzrə 2025-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə xüsusi çəkisi 12.6% təşkil etməklə 4 milyard 998 milyon manat ayrılıb ki, bu da cari ilin büdcəsində nəzərdə tutulan 4 milyard 391 milyon manatdan 14% çox deməkdir.
Xatırladım ki, 2024-cü ilin dövlət büdcəsində sosial müdafiə və sosial təminat xərcləri əvvəl 4 milyard 542 milyon 200 min manat təsdiqlənmişdisə, ilin ortasında yenidən baxış nəticəsində 150 milyon 800 min azaldılaraq 4 milyard 391 milyon manat edildi.
Qeyd oluna bilər ki, 2024-ci il ərzində sosial istiqamətdə, məsələn, əmək pensiyalarının artırılması sahəsində addım atılıb. Lakin... Əmək pensiyalarının sığorta hissəsinin əvvəlki ildə orta aylıq nominal əməkhaqqı göstəricisinin artım səviyyəsinə, o cümlədən işləyən vətəndaşların da əməkhaqlarından tutulan məcburi dövlət sosial ayırmalarına əsasən formalaşan pensiya kapitalı məbləğlərinin də istehlak qiymətləri indeksinə uyğun hesablanması qanunvericilikdən irəli gələn tələb sayıldığından heç bir sosial paket məsələsi hesab edilmir.
Yəni bu, hər ilin əvvəlində həyata keçirilib və keçiriləcək. Minimum əməkhaqqının artırılması məsələsinə gəldikdə, bəli, cari ilin birinci rübündə dövlət büdcəsinin icrası nəticələri baxımından buna ilin ikinci yarısında imkan var idi. Ancaq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu barədə noyabrın 1-dək təkliflər verəcəyi bildirildi.
Son 5 ildə sözügedən göstərici 2.7 dəfə artırılaraq 130 manatdan 345 manata çatdırılıb. 2019-cu ildə iki dəfə artırılsa da, sonuncu dəfə ötən il, yəni 2023-cü ildə yüksəldilib. Nəticədə də əhalinin gəlirləri qeyd olunan illər ərzində əvvəlki illərə nisbətən, daha çox və sürətlə artıb.
Ümumiyyətlə, minimum əməkhaqqının artırıldığı illər sırasında 2019-cu il xüsusi ilə seçilib. Həmin ilin mart və sentyabr aylarında 2 sosial paket icra edilməklə minimum əməkhaqqı 130 manatdan 250 manata artırılıb və sözügedən göstərici ilk dəfə olaraq ölkə üzrə müəyyən edilən yaşayış minimumu göstəricisini ötüb.
Hərçənd, neçə il idi ki, hökumət buna çalışırdı. Artıq 5 ildir ki, minimum əməkhaqqı yaşayış minimumu, həmçinin ehtiyac meyarı göstəricisindən yüksək olmaqla böyük məna kəsb edir.
Lakin, sözügedən göstərici ilə bağlı yenə hər şey tələb olunan vəziyyətdə deyil. Yəni, onun həddi ilə yanaşı, əhəmiyyəti və rolu bir daha artırılmalıdır.
Belə ki, qeyd olunan göstərici 1 yanvar 2023-cü il tarixdən 15% deyil, daha çox, yəni 20-25% də artırıla bilərdi. Çünki, ölkəmiz 2004-cü ildə Avropa Sosial Xartiyasına qoşularkən minimum əməkhaqqını orta aylıq əməkhaqqı səviyyəsinin 60% hissəsinə çatdırmağı öhdəlik götürüb.
Bu səbəbdən də 2012-ci ildə qəbul edilən "Azərbaycan 2020: Gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilə qədər sözügedən məsələ əsas hədəf olaraq seçilmişdi.
Bir məsələni də xüsusilə nəzərə almaq lazımdır ki, minimum əməkhaqqının əsassız olaraq artımı ilk növbədə dövlət sektorunda çalışan 800 min nəfərə yaxın işçinin aylıq tarif (vəzifə) maaşlarını inflyasiyanın da yeminə çevirə bilər.
Seçilən
6
oxu.az

1Mənbələr