AZ

Aydın Mehdiyev: Fotoqrafiya təkcə sənə deyil, başqalarına da maraqlı olmalıdır MÜSAHİBƏ

Bakı, 2 oktyabr, AZƏRTAC

Fotoqrafiya təksə sənə deyil, başqalarına da maraqlı olmalıdır. Gənclərə başlıca məsləhətim odur ki, güclü olsunlar. Səhv etməkdən qorxmaq lazım deyil. Səhvlər gələcəkdə onları təkrar etməmək üçün qazanılan bir təcrübədir.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində azərbaycanlı fotoqraf, Azərbaycan Memarlıq və İnşaat Universitetinin professoru Aydın Mehdiyev bildirib.

Aydın Mehdiyev fizika-riyaziyyat elmləri namizədi, texnika elmləri doktoru, Azərbaycan Memarlıq və İnşaat Universiteti Mexanika kafedrasının professoru, gömrük polkovnikidir. O, 24 il Azərbaycanın gömrük orqanlarında çalışıb, Fransanın La Roşel şəhərində “Narkotik və psixotrop maddələrin qaçaqmalçılığı ilə mübarizə” kursu üzrə internaturanı fərqlənmə diplomu ilə bitirib.

2009-cu ildən Azərbaycan Fotoqraflar Cəmiyyətinin, 2022-ci ilin aprelindən isə Cəmiyyətin İdarə Heyətinin üzvüdür. O, dövlət mükafatlarına, o cümlədən “Əməkdar mədəniyyət işçisi” fəxri adına layiq görülüb. 2021 və 2022-ci illərdə “Nargis” jurnalı ilə birgə “Azərbaycanın əsrarəngiz məkanları” və “Zəvvarların izi ilə” layihələrini həyata keçirib.

- Fotoqraflıqla nə vaxtdan məşğul olursunuz? Zəhmət olmasa, yaradıcılıq karyeranızın ən yaddaqalan anlarından danışardınız.

- Doqquz yaşımdan çəkilişlərə başlamışam. Sonra valideynlərim mənə “Çayka-2” markalı ilk fotoaparatımı aldılar. Həmin dövrdə maddi çətinliklər çox idi. İyirmi rubla kamera almaq asan məsələ deyildi. Atam Nazirlər Kabinetində işləyirdi. Bəxtim gətirdi ki, qohumlarımdan biri o vaxt rabitə sistemində işləyirdi və kamerası vardı. Deyə bilərəm ki, o, mənə fotoqrafiyanın bütün sirlərini öyrətdi. On dörd yaşımda atam mənə “Zenit” fotoaparatı aldı. Daha çox evdəkiləri, bulvarı və şəhərdə avtomobilləri lentə almışam. Sonra, ailəm olanda, övladlarımın fotoşəkillərini çəkməyə başladım.

Kreativ fotoqrafiya ilə 1990-cı illərin sonlarında məşğul olmağa başladım. 1999-cu ilin dekabr ayının sonunda gömrük orqanlarının ələ keçirilən bütün dəlillərin götürülməsi barədə əmri olub. Orada “Makarov” tapançaları üçün 9 millimetrlik patronlar vardı. Sübut üçün bütün bunların fotoşəkillərini çəkmək lazım idi. Sonra Zaqatala, Balakəndəki bütün fotoqraflara müraciət etdim, amma dedilər ki, “çəkmək çətin olacaq”, “demək olar ki, real deyil”. Bu məsələni öz üzərimə götürdüm. Uzun bir prosesdən sonra çoxlu şəkil çəkdim və mükəmməl kadrlar əldə edə bildim. Onları çap etdim və təhvil vermək üçün Bakıya gəldim. Qaçaqmalçılıq şöbəsinin müdirinin yanına getdim və o, mənə dedi: “Bu fotoqrafı uzağa getməyə qoyma. Ona istədiyini ver, yetər ki, bizimlə işləsin”. Mən isə ona deyirəm ki, şəklin müəllifi özüməm. Bu hadisədən sonra bu işlə peşəkarlıqla məşğul olmağa qərar verdim.

2003-cü ildə yaradıcı fotoqrafiya ilə ciddi məşğul olmağa başladım. 2012-ci ildə B.N.Yeltsin adına Prezident Kitabxanası tərəfindən keçirilən “Rusiya əcnəbinin gözü ilə” fotomüsabiqəsində “Müasir texnologiyalar” nominasiyasında birinci yeri tutmuşam, həmin il BP şirkəti tərəfindən təşkil edilən “Azərbaycan obyektivdə” fotomüsabiqəsinə göndərdiyim 5 fotoşəkildən 3-ü bu müsabiqənin kataloquna daxil edilib. Sonradan Beynəlxalq Fotoqrafiya İncəsənəti Federasiyası - FIAP-ın, Beynəlxalq Bədii Fotoqrafiya Assosiasiyası - IAAP-ın, Amerika Fotoqrafiya Cəmiyyəti - PSA-nın, Ümumdünya Fotoqrafiya İttifaqı - GPU-nun himayəsi altında keçirilən beynəlxalq müsabiqələrdə iştirak edərkən 4 qızıl, 6 gümüş və 9 bürünc medal qazandım, 20-dən çox diplom və 150 beynəlxalq sertifikat aldım. Bir neçə dəfə Amerikanın məşhur “ViewBug” fotosaytının ilin fotoqraflarının 10 faizi arasında olmuşam və həmçinin Rusiyanın “35AWARDS” fotosaytından 15-dən çox diplomum var.

- Son illərdə fotoqrafiya sənəti hansı istiqamətdə dəyişib?

- Zənnimcə, Azərbaycanda fotoqrafiya sənəti yaxşılığa doğru dəyişməyib. Nəyi nəzərdə tuturam? Məlumdur ki, toy fotoqrafiyası dünyanın ən yaxşı tendensiyalarından biridir. Amerikada, Almaniyada və digər ölkələrdə bu, həqiqətən güclü bir istiqamətdir. Ancaq fotoqrafın toy şəkillərini çəkdiyini eşidəndə avtomatik olaraq “toy fotoqrafı” stereotipi yaranır. Bizdə fotoqrafiyanın transformasiyası təəssüf ki, daha çox bu istiqamətdə gedir. Bu, daha çox gənclərin üslubudur. Həmin sahəyə daha yetkin yaşda gələnlər üçün müəyyən daxili prinsiplər var. Amma onu da qeyd etmək istəyirəm ki, yaradıcı gənclər çoxdur. Yenə də hər şeyin yaxşılığa doğru dəyişə biləcəyinə ümid edirəm.

- Fotoşəkillər vasitəsilə çatdırdığınız hansı hadisə sizin üçün ən yaddaqalan olub?

- Formula 1 Qran-Prisi başlayırdı və köhnə dostum, gömrükdə əməliyyat-axtarış şöbəsinin keçmiş rəisi, - indi o, Filarmoniyanın rəis müavini, filialın direktor müavinidir, - artıq ikinci ildir ki, balkondan şəkil çəkməyimə icazə verir. İstər 2021, istərsə də 2022-ci ildə pilotlardan biri dönə bilməyib və maneəyə çırpılıb. Ardıcıl çəkilişlərə başladım. Çox yaxşı kadrlar alındı, sonradan müsabiqəyə göndərdim və onlara belə imza atdım: “Bu gün onun günü deyil”.

Ötən il Bakıda taekvondo üzrə dünya çempionatı keçirilən zaman daha bir hadisə baş verib. İki türk qız və bir türk oğlan dünya çempionu olub. Qalib gələn qızlardan biri diz çökdü. Gözlərindən yaş axırdı. O, əllərini yuxarı qaldırıb qələbəsinə görə Uca Allaha şükür etdi. Sonra məşqçisinə yaxınlaşdı və onu qucaqladı. Bu zaman onun üzündə təbəssüm yarandı. Baş verənlərin hamısını dərhal çəkdim. Nəticədə inanılmaz kadrlar alındı. Bu seriyanı da müsabiqəyə təqdim etməyi düşünürəm.

- Aydın müəllim, əsərlərinizdə Azərbaycanın müxtəlif guşələrinin əsrarəngiz mənzərələrini görürük. Mənə elə gəlir ki, yaradıcılığınızın əsas mövzusu məhz bu gün hər zaman olduğundan xüsusi qayğıya daha çox ehtiyacı olan təbiət mövzusudur. Sizcə, on il əvvəlki fotoşəkilləriniz ilə bu yaxınlarda çəkilmiş işləri müqayisə edəndə iqlim dəyişikliyinin yerli mənzərəyə təsirində fərq hiss olunurmu?

- Son 2-3 ildə Ordubadın çılpaq qayalarını çox tez-tez çəkirəm. Anam mənə deyir: “Nə çəkirsən? Daşları... Nə meşə var, nə yaşıllıq”. Əvvəllər bütün dağın şəklini çəkirdimsə, indi yalnız onun fraqmentlərini lentə alıram. Dağlarda çoxlu maraqlı görüntülər var. Dağlar zamanın donmuş əksidir. Onlarda bir növ fövqəltəbii güc hiss olunur. Həm də enerjinin harada çox sərt, qəzəbli və əksinə, hansı məqamda müsbət olduğunu hiss edirəm.

Fotoşəkillər çəkdiyim sevimli yerlərim var. Məsələn, Qaxda İlisuda Qalaça qalasına çıxanda, oradan dərəyə gözəl mənzərə açılır. Hər dəfə bu gözəlliyi görəndə, bu peyzaj məni daha çox valeh edir.

Mən təbiət fotoşəkili çəkməyə üstünlük verirəm. Atıq neçə ildir insanların, hətta ailə üzvlərinin də şəklini çəkmirəm. Amma son vaxtlar portretləri çox sevirəm. Mən iki dəfə FIAP münsiflər heyətinin üzvü olmuşam. Keniyadan bir fransız məni dəvət etdi. Sonra anladım ki, bu mənim işim deyil. Orada seçim etməlisən və bu, çətindir. Sadəcə bir birinci yer və dörd fotoşəkil var, onların biri digərindən geri qalmır. Fotoqraflardan birini seçsəniz, digərləri məyus olacaq. Əlbəttə, güclü insanlar da var, amma yenə də bunu nəzərə almaq lazımdır.

-Gənc fotoqraflara hansı məsləhətləri verərdiniz?

-Fotoqrafiya təkcə sənə deyil, başqalarına da maraqlı olmalıdır. Məsləhətim

bundan ibarətdir: başlıcası, güclü olmaqdır. Səhvlər gələcəkdə onları təkrar etməmək üçün qazanılan bir təcrübədir. Gənc nəsil uğursuzluqdan, səhv etməkdən qorxmasın. Əgər insan doğru yolda olduğuna əmindirsə, onda hər şey qaydasına düşəcək.

Seçilən
9
azertag.az

1Mənbələr