AZ

İran-İsrail müharibəsi: Cənubi Qafqaza da sirayət edə bilər

Ötən gün axşam saatlarında İran İsrailə hücum edib. Ümumilikdə, İsrail ərazisinə 180-dən çox raket atılıb. Mətbuatda 500-dən çox raket atıldığı bildirilir. Hücum nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. İsrail Baş naziri Benyahim Netanyahu İrana cavab veriləcəyini bildirib. 

 

İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqiri iddia edib ki, İsrail Hərbi Hava Qüvvələrinin iki bazası, həmçinin İsrail kəşfiyyat xidmətinin qərargahı vurulub. İsrail vurulan yerləri açıqlamayıb.

 

Hücumun başlamasından sonra ABŞ Prezidenti Co Bayden İran raketlərinin vurulmasını əmr edib. Münaqişənənin coğrafi baxımdan daha da genişlənəcəyi ehtimal edilir.

 

"İranla İsrail arasındakı hərbi münaqişənin Azərbaycana təsiri olmayacaq"

 

Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə bidirib ki, İranla İsrail arasındakı hərbi münaqişənin Azərbaycana və Azərbaycan-Ermənistan münasibətlərinə təsiri olmayacaq:

 

“İranla İsrail arasında münasibətlər onsuz da gərgin idi. Lakin bu gərginlik özünü siyasi müstəvidə göstəriridi. Təəssüflər olsun ki, gərginlik hərbi qarşıdurmaya çevrildi. Bu münaqişənin Azərbaycana və Azərbaycan-Ermənistan münasibətlərinə təsirinin olacağını düşünmürəm. Çünki nə Azərbaycan, nə də Ermənistan bu konfliktin iştirakçısıdır".

 

Deputat Azərbaycanın məsələ ilə bağlı mövqeyindən də danışıb: "Biz bu münaqişədə tərəf tutmuruq. Azərbaycan atəşi dayandırmalısını, istənilən problemin diplomatik yolla həlinə çalışır. Bununla belə biz regionda yaşadığımız üçün regiondakı siyasi temperaturun qaldıxını, region və dünya ölkələrinin bu məsələdə ciddi narahatlıq keçirdiyini qeyd etmək lazımdır”.

 

"Qarşıdurma Cənubi Qafqaz regionuna sirayət edə bilər"

 

Siyasi şərhçi Elşad Mirbəşiroğlu isə söyləyib ki, münaqişə regiondan kənara da sirayət edəcək:

 

“Haniyənin İranda öldürülməsindən sonra regionda vəziyyətin kəskin gərginləşəcəyi gözlənilən idi. Əvvəllər verdiyim müsahibələrdə bunun genişmiqyaslı müharibəyə çevriləcəyini deyirdim. Həqiqətən də, bu gün artıq görürük ki, münaqişə eskalasiya edir. Artıq bir neçə dövlətin aktiv iştirakı ilə cərəyan etməkdədir. Belə ki, İsrail, Livan, İran münaqişənin birbaşa iştirakçılarına çevrilib. Sözsüz ki, iştirakçıların çevrəsinin genişlənəcəyi də gözlənilir. Bu və ya digər formada başqa iştirakçılar da, artıq mövcuddur. ABŞ da, demək olar ki, bu münaqişənin içərisindədir. İrandan atılan raketlərin zərərsizləşdirilməsində ABŞ-nin donanması da iştirak edib. ABŞ prezidentliyinə namizəd Kamala Haris də bəyan etdi ki, İsrailin yanındadırlar. Regionda genişmiqyaslı eskalasiya bundan sonra da gözləniləndir. Hesab edirəm ki, məsələ bununla yekunlaşmayacaq. Proseslər getdikcə idarəolunmaz məcraya yönəlməkdədir. O zaman hesab edirəm ki, təkcə region yox, regiondan kənarda yerləşən ölkələr də mövqelərini ortaya qoyacaqlar. Çünki İran region dövlətidir. Gözlənilən odur ki, İsrail də cavab reaksiyasını nümayiş etdirəcək. Ola bilsin ki, Suriya da daha aktiv şəkildə münaqişəyə qoşulsun”.

 

Elşad Mirbəşiroğlu vurğulayıb ki, Azərbaycan qarşıdurmanın tərəfinə çevrilə bilər:

 

“Bizim regiona yaxın coğrafiyada silahlı qarşıdurma varsa, bütün hallarda bu Cənubi Qafqaz regionuna sirayət edə bilər. Bu baxımdan münaqişə bizim regionumuza təsirsiz ötüşməyəcək. Cənubi Qafqazda da özünün geosiyasi maraqlarını təmin etmək istəyində olan və bu istiqamətdə fəaliyyət göstərən ABŞ və Fransa Gürcüstan və Ermənistan üzərindən ciddi addımlar atmaqdadırlar. Ermənistan sistemli şəkildə hücum silahları ilə silahlandırılır və gələcək üçün hansısa proseslərə hazırlanır. Cənubi Qafqazda gərginlik şəraitinin yaradılmasında bəlli dairələr çox maraqlıdır. Bu baxımdan Yaxın Şərqdə cərəyan edən hadisələr fonunda Cənubi Qafqazda da vəziyyəti qarışdırmaq istiqamətində cəhdlər göstəriləcək. Görürük ki, Ermənistan sülh sazişini imzalamaq istəyini zaman-zaman sərgiləyir. Amma digər yandan Azərbaycanın hərbi bölmələri atəşə tutulur. Bu proseslərdə kənar subeyktlər də yer alır. Ermənistanın arzusu Azərbaycana qarşı çıxmaq imkanlarına sahib olmaqdır. İstər-istəməz Azərbaycan qarşıdurmanın tərəfinə çevirlə bilər. Azərbaycan Cənubi Qafqazda cərəyan edənləri nəzarəti altında saxlamaq gücündədir. Azərbaycan Prezidenti də parlamentdə çıxışında Ermənistanda revanşist izlərin olduğundan danışıb. Bu baxımdan hesab edirəm ki, Ermənistan üçün çox təhlükəli olacaq proseslər başlaya bilər. Çünki Azərbaycan Ermənistandan müqayisə olunmayacaq  dərəcədə güclüdür. Ermənistan Cənubi Qafqazda vəziyyəti gərginləşdirmək üçün cəhdlər edə bilər, amma bu, onlar üçün çox acı nəticələrə gətirib çıxaracaq”.

Seçilən
2
modern.az

1Mənbələr