AZ

Turanı bir-birinə vuran əcnəbi ayrılmaq üçün qapı döydü - SON DƏQİQƏ

«Turan Tovuz»da Otto Con böhranı böyüyüb.

Nigeriyalı rəhbərliklə görüşüb və buradan ayrılmaq istədiyini bildirib.

Azərbaycanda ikinci mövsümünü keçirən hücumçu İraqdan dəvət aldığını söyləyib. O, daha sərfəli şərtlər irəli sürən ərəblərlə anlaşmağı düşündüyünü, sərbəst buraxılmasını xahiş edib.

Fəqət, Con bu çağırışına eyni reaksiyanı görməyib. Rəsmilər ona müqaviləsinin hələ davam etdiyini, yalnız təzminat ödəniləcəyi təqdirdə, getməsinə icazə veriləcəyini açıqlayıb.

Bilindiyi kimi, baş məşqçi Kurban Berdiyev Otto Conu əsas komandadan kənarlaşdırıb. Adıçəkilən forvard onun göstərişi ilə əvəzedici heyətə göndərilib.

Otto «dubl»un tərkibində Əvəzecilər Liqasında debüt edib. O, «Şamaxı-2» ilə keçirilən səfər qarşılaşmasında dubla imza atıb.

Conun 42 və 46-cı dəqiqələrdə vurduğu qollar tovuzlu gənclərə 3:1 hesablı qələbə qazandırıb.

Adıçəkilən legioner təsadüfən Berdiyevin qəzəbinə tuş gəlməyib. Rusiyalı çalışdırıcını hiddətləndirən hadisə Şamaxı səfəri zamanı baş verib.

Belə ki, Premyer Liqanın «Şamaxı» ilə matçına yollanan oyunçular avtobusun içində əlbəyaxa olub.

Otto Conla Rüfət Əhmədov arasında mübahisə davaya çevrilib. Nəticədə nigeriyalı hücumçu adıçəkilən müdafiəçiyə bir neçə zərbə endirib.

Onları bir-birindən komanda yoldaşları güclə ayırıb. Olay Berdiyevin gözünün qarşısında yaşansa da, baş məşqçi tərəflərə ciddi reaksiya verməyib.

Rusiyalı çalışdırıcı yalnız oyun günü mövqeyini ortaya qoyub.

Afrikalı forvardı əsas heyətə daxil etməyib, yalnız 67-ci dəqiqədə Ayxan Quseynovun əvəzinə meydana buraxıb. Rüfət Əhmədov isə sonadək ehtiyat skamyadan tərpənməyib.

Berdiyev 2:2 bitən qarşılaşmadan sonra Otto Conun avtobusla geri dönməsinə icazə verməyib.

Çalışdırıcı afrikalını onu stadiondan Şamaxı Olimpiya Kompleksinə – əvəzedici heyətin qaldığı məkana yollayıb.

SPORTİNFO.AZ

Seçilən
49
sportinfo.az

1Mənbələr