AZ

Zəngəzur dəhlizi: Tehranın yanaşması Kreml üçün qəbuledilməzdir

“Rusiyanın baş naziri Mixail Mişustinin İran və ardınca Ermənistana səfəri son günlər regionda artan gərginliklə əlaqədardır”.

Bunu Beynəlxalq Münasibətlər və Diplomatik Araşdırmalar Mərkəzinin sədri Samir Hümbətov Rusiyanın baş naziri Mixail Mişustinin İran və Ermənistana səfərini Bakıvaxtı.az-a şərh edərkən deyib.

Ekspert vurğulayıb ki, Zəngəzur dəhlizinin açılması məsələsində Azərbaycanla Rusiya ortaq fikirdə olsa da, İran və Ermənistan fərqli mövqe sərgiləməkdədir:

"Rusiya və Azərbaycan Zəngəzur dəhlizinin açılması məsələsində ortaq məxrəcə rahatlıqla gələ bilir. Amma İranın müqaviməti və sırf dəhliz söhbətinə görə həm Moskvaya, həm də Bakıya qarşı sərt ritorikası ortadadır. Əlbəttə, Tehranın yanaşması Kreml üçün qəbuledilməzdir. Nəzərə alaq ki, Rusiya ilə İran arasında strateji müttəfiqlik mövcuddur”. 

Samir Hümbətov, politoloq

Müsahibimiz qeyd edib ki, İranın dəhlizin açılmaması yönündə israrı ilk növbədə Rusiyanın bölgədəki maraqlarına zərbə vurur. Hümbətov hesab edir ki, Mişustini İrana gətirən səbəblər bunlardır. Onun sözlərinə görə, şübhə yox ki, səfər çərçivəsində Zəngəzur dəhlizi məsələsi əsas müzakirə mövzusu olub:

“Amma Rusiya-İran arasında iqtisadi əməkdaşlıq da önəmlidir. Rusiya baş nazirinin İrandan Ermənistana səfər etməsi mesaj xarakterlidir. Göstərir ki, İranı hətta narazı olduğu məsələdə belə müxtəlif üsullarla masaya əyləşdirmək mümkündür".

Qeyd edək ki, Rusiyanın baş naziri Mixail Mişustin İran və Ermənistana səfər edib. Baş nazir birinci İrana gedib və İran prezidenti Məsud Pezeşkianla görüşüb. Mişustin Rusiya-İran münasibətlərinin müxtəlif sahələrdə böyük perspektivlərə malik olduğunu qeyd edib. Mişustin qeyd edib ki, İrandan nəqliyyat qovşağı kimi istifadə imkanları nəzərdən keçirilib. Rusiyanın baş naziri Mixail Mişustin Tehrandan İrəvana yollanıb və Ermənistan rəsmiləri ilə görüşlər keçirib. Ermənistanın baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından uzaqlaşsa da, Avrasiya İqtisadi Birliyindən faydalanmaqda davam edir. Ermənistan Rusiya ilə hərbi əməkdaşlığı aşağı səviyyəyə endirir, bu ölkə ilə iqtisadi əlaqələrini isə əksinə gücləndirir, ticarət mübadiləsinin həcmi ilbəil artır. Ekspertlərin fikrincə, Mişustinin Tehrandan İrəvana keçidinin bir başqa əhəmiyyəti də var. Hindistan İranın Çabahar limanını icarəyə götürüb. Bu limandan həm Rusiya, həm də Ermənistan istifadə etmək istəyir. Bu mövzu da İrəvanla Moskvanı yaxınlaşdırır.

Aydın Baxış

Seçilən
12
bakivaxti.az

1Mənbələr