AZ

Azərbaycan xalqı üçün BÖYÜK MƏNƏVİ DƏYƏR – Milli kimliyin, mədəni irsin qorunması, gələcəyə verilən MESAJ

“Cənab Prezidentin Azərbaycan aşıq yaradıcılığının görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin abidəsinin açılışındakı çıxışı onun Azərbaycan xalqının milli mədəniyyətinə, tarixində iz qoymuş şəxsiyyətlərinə verdiyi yüksək qiymətin ən bariz sübutudur. Qeyd edim ki, bundan üç il öncə dövlət başçısı Əliyev Aşıq Ələsgərin 200 illik yubileyinin keçirilməsi ilə bağlı iki sərəncam imzalamışdı. Bu sərəncamlardan biri yubiley tədbirlərinin təkcə Azərbaycanda, həm də türk dünyasında yüksək səviyyədə keçirilməsi ilə əlaqədar idi. İkinci sərəncam isə Bakı şəhərində abidənin ucaldılması ilə bağlı idi. Və bizlər artıq böyük sevinclə həmin abidənin açılışına şahidlik etdik”.

Bu barədə Medianews.az-a açıqlamasında politoloq Yusif Bağırzadə bildirib.

O qeyd edib ki,  bu abidənin açılışı təkcə Aşıq Ələsgərin xatirəsini yaşatmağın deyil, həm də milli kimliyin, mədəni irsin qorunmasının və gələcək nəsillərə ötürülməsinin nə dərəcədə əhəmiyyətli olmasını göstərir.

Y.Bağırzadə deyib ki, aşıq poeziyasının inkişafında Aşıq Ələsgərin əvəzsiz xidmətləri olub və o, həyatının bütün dövrünü məhz Azərbaycan aşıq sənətinin inkişafına həsr etmiş şəxsiyyətdir: “Aşıq Ələsgər çoxəsrlik keçmişə malik aşıq sənəti ənənələrinə ən yüksək bədii-estetik meyarlarla yeni məzmun qazandırıb, xalq ruhu ilə həmahəng əsərləri ilə Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edib. Demək olar ki, aşıq yaradıcılığının bütün sahələrinə müraciət edib və Azərbaycan ədəbiyyatında böyük iz buraxıb. Elə cənab Prezident də abidənin açılışında bu məqama toxunaraq Aşıq Ələsgərin yaradıcılığının Azərbaycan xalqı üçün nə qədər böyük mənəvi dəyər kəsb etdiyini, onun əsərlərinin təkcə Azərbaycan mədəniyyətində deyil, həm də bütün türk dünyasında böyük iz buraxdığını vurğuladı. Məlumdur ki, hələ 1970-ci ildə, yəni Sovet İttifaqı dönəmində Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Aşıq Ələsgərin 150 illik yubileyi qeyd edilmişdir. Həmin yubiley təkcə Azərbaycanda deyil Sovet İttifaqı miqyasında qeyd edildi və elə həmin vaxt Aşıq Ələsgərin vətəni Ağkilsə kəndində onun abidəsi ucaldıldı. Ancaq çox təəssüflər olsun ki, xalqımız deportasiyanın üçüncü dalğasına məruz qalandan sonra bu abidə də erməni vandalları tərəfindən dağıdıldı. Cənab Prezident çıxışında həmçinin Aşıq Ələsgərin yaşadığı acı taleyə də toxundu”.

Politoloq vurğulayıb ki, 1918-ci ildə azərbaycanlılara qarşı erməni daşnak dəstələri tərəfindən böyük miqyasda soyqırımı, deportasiya siyasəti həyata keçirilib: “Bu həm Qərbi Azərbaycan torpaqlarında, həm də indiki Azərbaycan torpaqlarında, Cənubi Azərbaycanda olub. 100 mindən çox azərbaycanlı o qətliamlarda qırılıb. Qərbi Azərbaycandan olan soydaşlarımız da məcburiyyət qarşısında qalıb qonşu rayonlara köç ediblər. Aşıq Ələsgərin də taleyinə Kəlbəcərə köç etmək yazılıb. Məlumdur ki, Aşıq Ələsgər Kəlbəcərdə üç ilə yaxın yaşayıb. Ancaq cənab Prezidentin də qeyd etdiyi kimi, Kəlbəcərlə Göyçənin təbiətində elə də böyük fərq olmasa da o, vətən həsrətinə dözə bilməyib və çətin də olsa, üç ildən sonra öz kəndinə qayıdıb. Ömrünün sonuna qədər Göyçə mahalının Agkilsə kəndində yaşayıb. Başqa sözlə desək, Aşıq Ələsgər həm də qismətinə deportasiya yazılmış şəxsiyyətlərimizdən biri olub. Bu abidənin açılışı eyni zamanda strateji bir məna da daşıyırdı. Prezident İlham Əliyev, Aşıq Ələsgərin abidəsinin açılmasının yalnız mədəniyyət sahəsində deyil, həm də milli həmrəyliyi gücləndirmək, Azərbaycan xalqının tarix və mədəniyyətinə olan bağlılığını ifadə etmək üçün vacib olduğunu bildirdi. Bu, xüsusilə, Azərbaycanın Qərbi Azərbaycan torpaqlarında yaşayan və tarixən bu bölgədə öz mədəniyyətini yaşatmış insanların irsinin silinməsinə yönəlmiş cəhdlərə qarşı bir cavabdır”.

Y.Bağırzadənin qənaətincə, Prezident haqlı olaraq bu abidənin açılışını bütün Qərbi azərbaycanlıları və bütün Azərbaycan xalqını yenə də bir amal uğrunda birləşməyə dəvət edən hadisə adlandırıb: “Dövlət başçısının “biz o günü səbirsizliklə gözləyirik, inanırıq, mən də inanıram, siz də inanırsınız. Gün gələcək biz Aşıq Ələsgərin ermənilər tərəfindən dağıdılmış abidəsini bərpa edəcəyik və Ağkilsə kəndində buna oxşar mərasim keçirəcəyik” çağırışı Azərbaycan xalqının keçmişi ilə fəxr etməklə yanaşı, gələcəyə doğru əmin addımlarla irəliləməsi üçün bir çağırış kimi qəbul oluna bilər”.

Vüqar MƏMMƏDOV

Seçilən
2
medianews.az

1Mənbələr